“Operativ Qərargahın xəbəri olsun ki, kitab mağazaları gözəllik salonu deyil ki, orda adam əlindən tərpənmək olmasın və yoluxma riski yüksək olsun”
Bunu Moderator.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs deyib. O, kitab mağazalarının mütləq açılmasının vacibliyini vurğulayıb:
“Ümumiyyətlə, kitab mağazaları açılmalıdır. Çünki bizim “Ulduzlu nəşrlərlə” birlikdə çıxan son iki kitabımızı müəlliflərin özünə hədiyyə etmişik. Əslində o kitabları “Ulduz” jurnalının üstündə hədiyyə edirdik. Amma oxucularımız son iki kitabı bizdən istəyirlər. Lakin kitab mağazaları işləmədiyi üçün biz onları oxuculara verə bilmirik. Biz jurnalı bir neçə kitab mağazalarına paylayırdıq və oxucular onu asanlıqla əldə edirdi. Operativ Qərargahın xəbəri olsun ki, kitab mağazaları gözəllik salonu deyil ki, orda adam əlindən tərpənmək olmasın və yoluxma riski yüksək olsun. Əksinə ən az yoluxma riski olan yer kitab mağazalarıdır. Nə pandemiyadan əvvəl, nə də sonra kitab mağazalarında adam çox olmayıb. Biz yeni bir kitab hazırlamışıq və elə bilirəm ki, bu daha maraqlı olacaq. Kitabda dünya fikir adamlarından seçmələr yer alıb. Çox yaxşı olardı ki, mağazalar açılsın və kitab və jurnalımızı ora təqdim edək. Kitab mağazalarını açmaq lazımdır ki, adamlar kitab oxusunlar və bununla başlarını qatsınlar. Həyatımıza rəng qatacaq hər şeyi pandemiya bloklayıb.
Bununla yanaşı, çox istəyərdim ki, mövcud durumla bağlı naşirlər də kitabların qiymətində endirimlər etsinlər. Belə olsa, maraqlı olar, çünki insanların da maddi durumu yaxşı deyil. Ən böyük təhlükə odur ki, kitab mağazalarına girən yoxdur. Əslində əvvəl gündən kitab mağazaları bağlanmalı deyildi”.
Vasif Əlihüseyn