Azərbaycanda koronavirusla mübarizədə səhiyyəmizin də vəziyyəti ilə geniş tanış olduq. İlk öncə bildirim ki, bəzi məsələlərdə narazı qalsaq da, ümumiyyətlə, Azərbaycan Səhiyyəsi bu mübarizdə üzüağ çıxdı. Son illər Azərbaycan Səhiyyəsində böyük inkişaf gedib. Buna da əsas səbəb çoxlu sayda həkimlərimizin xaricdə təhsil alması, yaxud magistratura, doktorantura pillələrini bitirməsidir. Azərbaycanda Səhiyyə sahəsində güclü kadrların olmasını pandemiya zamanı ölkəmizə gələn xarici ölkə mütəxəssisləri də təsdiq edir. Bir də Azərbaycanda pandemiya ilə mübarizə aparmaq üçün dövlət tərəfindən xeyli işlər görülmüşdür. Müasir tələblərə uyğun xəstəxanalar tikilmişdir. Bəzi xəstəxanalar isə pandemiya ilə mübarizə aparmaq üçün yenidən qurulmuşdur. Belə xəstəxanalardan biri də Cəlilabad rayon Mərkəzi xəstəxanasıdır. Bu xəstəxana haqqında çox eşitmişdim. Amma iş elə gətirdi ki, bunun əyani şahidi oldum. Qardaşım orada müalicə alarkən xəstəxananın ən müasir xəstəxana və orada çalışan personalların ən layiqli tibb işçiləri olduğunu müşahidə etdim. Qardaşımı bu xəstəxanaya yola salanda onun sağalmasına ümid çox az idi. Amansız virus öz işini görmüşdü. Mən isə ürəyimdə sakit idim. Çünki xəstəxana haqqında bilgilərim ətraflı idi. İnamım həm də ona görə yüksək idi ki, bu xəstəxanaya savadlı, həm də yüksək nəzakət sahibi Azadxanov Elnur Ramazan oğlu rəhbərlik edir. Onun bu xəstəxanaya təyinatını eşidəndə mən də sevinmişəm. Çünki necə bir həkim olduğu barədə məlumatlarım var idi. Yaxından tanımasam da, onun çoxlu xəstələri ilə söhbətlər aparmışdım. Bizim də işimiz budur. Çünki ara-sıra yazırıq. Belə bir həkim haqqında da yazmaq adamda qürur hissi oyadır. Elnur həkim Avropa Kardioloji Cəmiyyətinin üzvüdür. Bu insan ürək həkimi kimi çox güclü həkimdir. Çox-çox illər bundan qabaq onun bu sahədə möcüzələr yaratdığının şahidi də biri mənəm. Ona görə onun bu xəstəxanaya təyinatı əsl yerində olan təyinat idi. Bu mənada ölkə başçısına minnətdarlıq edirik. Elnur həkim bu xəstəxanaya müdir təyin olunandan sonra hər şey sürətlə dəyişdi. Bu xəstəxana ölkədə tutduğu mövqeyə görə nümunəvi xəstəxanaya çevrildi. Pandemiyadan əziyyət çəkənlər ən ağır formada bu xəstəxanaya daxil olsalar da, sağalırlar. Mənim qardaşım da ora daxil olanda çox ağır durumda idi. Amma onun dediyinə görə, həmin xəstəxanada ondan da ağırları olubdur. Qardaşım Əzimov Abbas indi də həmin xəstəxanadan söhbət düşəndə bildirir ki, məni həyata Elnur həkimin komandası qaytardı. Bu komandada onun əsas həkimi isə Rzayev Sənan Ağabəy oğlu olmuşdur. Sənan həkim anistezioloq-reanimatoloqdur. Onun necə həkim olmasının qardaşımın müalicə dövründə şəxsən mən şahidi oldum. Həkim kimi həkim, dost kimi dostdur Sənan həkim. Xəstələrə doğmaları kimi qulluq edir. Həkimlərin içində bir nəfərin də adını çəkməliyəm. Bu Səlifov Daşqın Natiq oğludur. Daşqın həkim Cəlilabad rayon Müalicə Diaqnostika mərkəzində çalışır. Pandemiya ilə bağlı bütün analizlər onların şöbəsindən keçir. Daşqın həkimin nə gecəsi, nə də gündüzü vardır. Bütün günü iş başındadır. Cəlilabadda pandemiya tüğyan edəndə Daşqın həkimin şöbəsində işçi çatmırdı. Bütün işləri iki nəfər yerinə yetirirdi. Sonradan onun həkim yoldaşı pandemiyaya tutuldu və bütün işlər onun öhdəsinə düşdü. Mən üç həkim haqqında söhbət açdım. Amma Cəlilabad rayon mərkəzi xəstəxanasında çalışan bütün həkimlər, tibb bacıları, xadimələr hamısı bu pandemiya zamanı qəhrəmanlıq göstərdilər və göstərməkdə davam edirlər. Qardaşım onlardan danışanda, heyrətlə danışır. Bildirir ki, təsəvvür edin ki, həkimlər, tibb bacıları, xadimlər hamısı xüsusi qoruyucu paltarlarda gəzirlər. Bu istidə o paltarlarda gəzib xəstələrə xidmət etmək hünər istəyir. Onlardan bir dəfə də olsun narazılıq eşitmədim. Xəstələrin bütün nazı ilə oynayırlar. Xəstəxananın imkanlarından danışan qardaşım dedi ki, xəstəxana ən müasir elerktron cihazları ilə təmin olunubdur və xəstələrin müalicəsi zamanı birbaşa TƏBİB-lə rabitə yaradılır. Xəstə var ki, ona bir ədədi beş min, on min qiymətində olan iynələr vurulur... Bütün bu prosesi də TƏBİB izləyir və orada olan həkimlər də tövsiyyələrini verirlər. Bunları eşidəndə qürur duydum ki, ölkəmizdə Elnur, Sənan, Daşqın kimi həkimlərimiz vardır. Bunların sayı çoxdur. Ona görə də Azərbaycanda pandemiya zamanı itkilərimiz az oldu. İşiniz avand olsun, Azərbaycan həkimləri, Sizlərə minnətdarıq! Dilavər Əzimli, tarixçi alim
© 2020 - Created by İLK XEBER.