Azərbaycanlı həkim dənizdə boğulub, nəfəsi kəsilən qızı xilas etdi – Sahildə reanimasiya

Rusiyanın Nefteyuqansk şəhər xəstəxanasında uzun illərdir çalışan həkim anestezioloq Kamil Nəzərov Krımda göstərdiyi möcüzə ilə yerli medianın diqqətini çəkib.
Medicina.az xəbər verir ki, avqustun 6-da Krımda çimərliklərin birində dənizdə boğulan gənc qız son anda xilas edilib, sahilə çıxarılır. Lakin suda 3 dəqiqə qaldığından qızın nəfəsi kəsilmişdi. Təcili yardım isə gec gəlirdi.
Bu zaman həmin çimərlikdə olan həkim sahildə çığır –bağırı eşidərək, insanların toplaşdığı yerə gəlir.
Nəfəsi kəsilmiş qıza elə sahildəcə tibbi reanimasion tədbirləri professionallıqla həyata keçirməyə başlayır. Qızın gözlərini açacağına ümid az idi.
“Mən ona yaxınlaşıb baxanda tənəffüs və nəbzi yox idi. Təcili yardım gələnə kimi o artıq öləcəkdi.
İnsanlar artıq gec olduğunu deyirdilər. Amma mən 15 dəqiqə ağciyər –ürək reanimasion yardımı göstərdim.
15 dəqiqədən sonra ilk tənəffüs baş verdi. Bu möcüzə idi.
O vaxta kimi təcili yardım gəldi və mən xəstəni onlara təhvil verdim”.
Kamil Nəzərovun yüksək professionallığı və həkim humanistliyi barədə yerli mətbuat və sosial şəbəkələr yazıb və yüzlərlə yerli sakin ona təşəkkürünü bildirib.
Qeyd edək ki, Kamil Nəzərov 1998-ci ildən Rusiya Federasiyasının Tümen vilayətinin Neftyuqansk şəhərindəki V. İ. Yaçkiv adına Vilayət Klinik xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində həkim-anestezialoq, reanimatoloq işləyir. Ali dərəcəli həkimdir. Rusiya mama-anestezioloqlar cəmiyyətinin üzvüdür.
O, son 2 ayda koronaviruslu xəstələrin müalicəsi ilə də məşğul olub.