Türk xalqlarının vahid əlifba yaratmaq istəyinin tarixi yeni deyil, zaman-zaman buna cəhdlər edilib. Eyni zamanda da ortaq türk dilinin yaradılması, ortaq tarix, ortaq coğrafiya dərsliklərinin hazırlanması da gündəmdədir. Artıq bu istiqamətdə proseslər gedir. Bilirik ki, ortaq türk tarixinin bir hissəsi də yazılıb və burada dünyanın bu böyük xalqının ortaq, ümumi tarixi birlikləri ifadəsini tapıb. Sosial şəbəkələrdə yeni bir məlumat yayılıb. Türk ölkələrinin bir çox sosial şəbəkə istifadəçisi türk xalqlarının ümummilli pasportunun təsis edilməsi haqqında məlumatlar paylaşıb. Həmin pasportun şəkli də sosial şəbəkələrdə yer alıb. “...bu hələ əsaslı şəkildə təsdiqlənməyib” Bu barədə yayılan informasiyanı şərh edən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, son zamanlar müxtəlif sosial şəbəkələrdə türk xalqlarının ümumi pasportunun təsis edilməsi ilə bağlı məlumatlar paylaşılır, həmin pasportun şəkilləri yayılır, amma bu hələ rəsmi şəkildə təsdiqlənməyib. “Bu yeni deyil, zaman-zaman belə paylaşımlar olur, amma bu hələ əsaslı şəkildə təsdiqlənməyib. Mən buna türk xalqlarının bir arzu və istəyi kimi yanaşıram. Bu gün Türkiyə, Azərbaycan, qırğız, qazax, özbək vətəndaşları da tez-tez belə paylaşımlar edirlər. Türk xalqlarının ümumi pasportunun olması ilə bağlı ideya, arzu-istək tam təbiidir və buna normal yanaşmaq lazımdır. Necə ki, Avropa Birliyinə daxil olan ölkələrin, xalqların bir pasportu olur, türk xalqlarının da ola bilər. Bu, ideya kimi ortada olsa da, rəsmən elan edilməyib. Türk xalqlarının ümumi pasportunun olması üçün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan ortaya siyasi iradə qoymalı və bu hansısa bir formada ifadə olunmalıdır. Bilirik ki, türk dövlətlərinin sammitlərində, toplantılarında bu məsələ həll olunmalıdır. Amma reallıqda hələ belə bir məsələ yoxdur. Bu pasportun yaradılmasını türk dövlətlərinin rəhbərləri birlikdə səsləndirməlidir, bu addımın atılması üçün işlər görülməlidir. Türk xalqlarının ümumi pasport məsələsi xalqların içindən gələn istəkdir, bu da türk dövlətlərinin rəhbərlərinə ünvanlanır. İnşallah, belə bir pasportun təsis edilməsi gerçəkləşərsə, türk dövlətlərinin vətəndaşlarının da belə bir pasportu olar və onlar da həm öz ölkələrinin, həm də digər türk ölkələrinin vətəndaşları hesab olunarlar. Bunun ikinci bir pasport kimi olması daha uyğun olar. Ümid edirəm ki, türk xalqlarının içindən gələn bu arzu, bu istək çox yaxın zamanlarda gerçəkliyə çevrilə bilər. Amma bu barədə məlumatlar hələ sosial şəbəkələrdə yayılır və biz bu barədə türk dövlətlərinin rəsmi məlumatlarına rast gəlməmişik” - deyə F.Ələkbərli vurğuladı.
© 2020 - Created by İLK XEBER.