Mayis Səfərli,
Yurddaş Partiyasının sədri
Tovuzla sərhəddə ölkəmizə qarşı növbəti aqressiyaya cəhd edən Ermənistan Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbələr almasına baxmayaraq, dinc durmur. Düşmən mövcud status KVO-dan və yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək, silah gücünə zəbt etdikləri ərazilərimizin ilhaqı prosesini davam etdirir. Ermənistan illərdir ki, Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonumuzda qanunsuz olaraq,böyük infrastruktur layihələri həyata keçirir, yeni kəndlər, qəsəbələr salır,məskunlaşma aparırlar.
Bu günlərdə Beyrutdakı güclü partlayışın yaratdığı faciədən istifadə edən işğalçı dövlət zəbt olunmuş torpaqlarımıza Livandan gətirilmiş erməni ailələrini yerləşdirməyə başlayıblar.Məlumdur ki, ermənilər bundan əvvəl də Suriyadan, Yaxın Şərqin digər ölkələrindən sözügedən bölgələrimizə qanunsuz olaraq, çoxlu sayda öz soydaşlarını köçürmüşlər. Düşmənin məqsədi aydındır. Onlar işğal səbəbindən dövlətimizin nəzarət edə bilmədiyi torpaqlarımızda süni şəkildə ermənilərin sayını artırmağa, dünya ictimaiyyətini, beynəlxalq təşkilatları həmin ərazilərin guya, tarixi erməni torpaqları olduğuna inandırmağa çalışırlar.
Bu məsələ, haqlı olaraq, ölkəmizin ictimaiyyətinin narahatlığına səbəb olub. Doğrudur, Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbərinin vasitəsilə məsələni pisləyən münasibət açıqlamışdır. Düşünürəm ki, bu yetərli addım deyil. Axı, söhbət işğaldakı beynəlxalq ictimaiyyət tərəfindən tanınmış torpaqlarımızın ilhaqından gedir. Problem,göründüyü kimi, ciddidir. Hadisəyə göz yummaq olmaz. Adekvat cavab verilməlidir. Elmar Məmmədyarovun zamanında olduğu kimi, boş bəyanatlar və açıqlamalarla kifayətlənmək yolverilməzdir. Ciddi hüquqi və siyasi addımlar atılmalıdır. Ermənistanın əməlləri,beynəlxalq qanunlara qörə, hərbi cinayət hesab edilir. Bundan başqa, işğalçının özünün də imzaladığı Bişkek protokolu da atəşkəs rejimində Azərbaycanın işğal altındakı ərazilərində nəinki hər hansı məskunlaşmanı, hətta istehkamların tikilməsini istisna edir.
Əgər bizim yerimizə ermənilər olsaydı, yəqin ki, beynəlxalq təşkilatların daşını daş üstə qoymazdılar. Hərəkətə keçmək lazımdır. Qanunlar və haqq bizim tərəfimizdədir. ATƏT-in faktaraşdırıcı missiyasının işgal zonasına göndərilməsini tələb etməli, məsələyə ciddi hüquqi qiymət verilməsinə nail olmalıyıq.