Həftə sonu sərt karantin rejiminin tətbiqindən sonra həyat yenidən normala döndü. Hərçənd, ölkədə koronavirusa yoluxma statistikasının artan templə davam etməsi fonunda vətəndaşların həyati üçün risk olduqca yüksəkdir. Hər gün küçədə, ictimai nqəliyyatda, metroda, yaxud iş yerində yüzlərlə insanla qarşılaşdığımızı nəzərə alsaq, “təhlükə bizi qarabaqara izləyir” deyə bilərik. Bizi izləyən virusdan necə qorunmaq olar? Bu sualın cavabı təkcə Azərbaycanda yox, bütün dünyada eynidir: tibbi maskadan istifadə və sosial məsafə. Beynəlxalq araşdırmalar “Tibbi maskadan istifadə edin, sosial məsafəyə riayət edin” çağırışlarının həyatımız üçün əhəmiyyətini anlamağa imkan verir. Məşhur “Lancet” tibb jurnalının yeni araşdırmasında koronavirusdan qorunmağın üç yolunun olduğu bildirilir. Sosial məsafə: Araşdırma nəticəsində müəyyən olunub ki, virusun 1 metr məsafədən ötürülmə riski 12,8 faiz, 1 metrdən uzaq məsafədən ötürülməsi riski isə 2,6 faizdir. Ən təsirli məsafə 2 metr və daha çoxdur. Tibbi maska: Üz maskası və ya respirator olmadan (N95 maskası) ötürülmə şansı 17,4 faizdir. Maskadan istifadə isə bu riski 3,1 faizə qədər endirir. Göz nahiyəsinin qorunması: Gözlə ötürülmə riskinin 5,5 faiz olduğu deyilir. Bunun üçün əsasən eynəkdən istifadə tövsiyə olunur. Lakin tibbi maskadan istifadə və sosial məsafənin saxlanılması iki ən vacib amil olaraq qiymətləndirilir. Bu tədqiqat 6 qitənin 16 ölkəsində aparılıb. Tədqiqatın nəticələri 172 araşdırmaya əsaslanır, o cümlədən, müxtəlif ölkələrin səhiyyə araşdırmalarından istifadə olunub. Tədqiqata rəhbərlik edən Kanadada McMaster Universitetinin kliniki epidemiologiya və tibb professoru Holger Shunemann deyir ki, sosial məsafə virusa yoluxma riskini yarıya qədər endirir: “Məqsədimiz məsafənin nə dərəcədə təsirli olduğunu öyrənmək idi. Misal üçün, öskürək, yaxud asqıraq zamanı tənəffüs damlalarının sıçraya biləcəyi məsafəni ölçdük və buna görə insanların ən azı 2 metr məsafə saxlamasını müəyyənləşdirdik. Bu, dünyanın hər yerində eynidir. Yaxud, gözlük və yas tibbi maskadan istifadə etməyənlərin yoluxma riski 16, bundan istifadə edənlərin yoluxma riski isə 6 faizdir”. Professor qeyd edir ki, tədqiqat xəstəxanada virusa yoluxmuş xəstələrə xidmət edən tibb işçiləri, eləcə də virusa yoluxmuş insanla eyni evdə yaşayanlar arasında da aparılıb. Onun sözlərinə görə, xəstələrlə daim bir yerdə olan belə insanlar sosial məsafəni saxlamaq və tibbi maskadan istifadə etməklə virusa yoluxmayıblar. “Sosial məsafənin və tibbi maskanın təsirinin böyüklüyündən təəccübləndim”, - professor bildirir. Bu tədqiqat hər bir ölkə kimi Azərbaycan ictimaiyyəti üçün də əhəmiyyətli dəlillər təqdim edir və bir daha məlum olur ki, tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması koronavirusa yoluxma riskinə qarşı ən effektli tədbirlərdir. Azərbaycanda tibbi maskadan istifadə ilə bağlı cərimələrin tətbiqi də bu məqsədə xidmət edir. Lakin vətəndaşlar tibbi maskadan istifadəni və sosial məsafənin saxlanılmasını unutmamalı, özlərinin və doğmalarının sağlamlığı üçün şüurlu şəkildə buna əməl etməlidir. Professor Shunemannın tibbi maskadan istifadənin əhəmiyyəti haqda dedikləri də diqqət çəkir. “İnsanlar evdə kustar üsulla hazırlanmış maskadan da istifadə edə bilər. İstənilən formada maskadan istifadə heç istifadə etməməkdən daha yaxşıdır”, - kanadalı professor bildirir.
© 2020 - Created by İLK XEBER.