Prezidentin köməkçisi: Metro və məscidlər hələ açılmayacaq

“Bu gün metronun açılması müzakirə olunmur”. Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. “Avtobusların sıxlıq olan yerlərə yönəldilməsi həyata keçirilir. Vətəndaşlardan xahiş edirəm ki, planlarını elə qursunlar ki, sıxlığa düşməsinlər. “Çast-pik” saatlarını nəzərə alsınlar”- Prezidentin köməkçisi əlavə edib. Ş.Mövsümov məscidlərin açılması məsələsinə də toxunub: "Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”. Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.