Milli Məclisin deputatı. Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini. filologiya elmləri doktoru, professor Jalə Əliyeva Azərbaycan dili ilə bağlı qanunların icrası üçün əlindən əsirgəməyəcəyini bildirib. Bu barədə “ilkxeber.org”a “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) üzvü Həcər Paşayeva məlumat verib. Məlum olduğu kimi, FADMM qrupu paytaxtımızda Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun kobud şəkildə pozulması ilə bağlı neçə müddətdir monitorinqlər keçirir. Monitorinqlər Bakının prospekt və küçələrində dövlət dili haqqında qanunun kütləvi şəkildə pozulması halları müəyyən edilib. Məsələ ilə bağlı Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətdən sonra Milli Məclisin yüzə yaxın deputatına məktub göndərilib. Deputatların əksəriyyəti məktubun məzmunu ilə tanış olandan sonar problemlə bağlı hər cür kömək göstərəcəklərini vəd ediblər. Milli Məclisin deputatı Jalə Əliyevanın cavab məktubunda deyilir: "…Əvvəla, bu təəssübkeşliyinizə görə sizə və müraciətdə adı keçən, ölkəmizin ictimai-siyasi və mədəni həyatında öz dəst-xətti və əhəmiyyəti olan bütün şəxslərə təşəkkür edirəm. Toxunduğunuz məsələ çox aktualdır. Bu məsələ Azərbaycan Respublikası Milli Məclisinin deputatları tərəfindən, eyni zamanda mənim tərəfimdən də zaman-zaman gündəmə gətirilib. Azərbaycan dilinin saflığının və təmizliyinin qorunması, gələcək nəsillərə də saf və təmiz bir şəkildə ötürülməsi ölkəmiz üçün strateji bir məsələdir. Və məlumunuz olduğu kimi, dövlətimiz, dövlət başçısı cənab İlham ƏLiyev Azərbaycan dilinin qorunmasını və inkişafını prioritet bir istiqamət kimi hər zaman diqqətdə saxlamaqdadır. Müraciətinizə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən baxıldığını və müvafiq tədbirlər görülməsi üçün addımlar atıldığını mətbuatdan öyrəndim. Alınacaq olan qərarların, qanunverici orqan olaraq hüquqi əsasla həllinə kömək etməyə hazırıq. Bir daha hər birinizə təşəkkür edir, ümumilikdə ölkəmizin inkişafına xidmət edən bu təşəbbüsünüzü dəstəkləyirik”.
© 2020 - Created by İLK XEBER.