BELƏ YAZIRAM

Şahlar Göytürk
Özümkünə qənim olmuş "özümkü",
Acıyıram, hirsdən belə yazıram.
Gözə gəldik, heç gətirmir bizimki
Tərs gətirir, nəsdən belə yazıram.
Bir az qəliz, bir az da sərt, qatısan,
Bilən bilir kimin əsli, zatısan.
"Özüm ölüm, əlini ver, lotusan"
İmza qoyub üstdən belə yazıram.
Kar aşmadı nə cavandan, qocadan,
Bu vətənə çox oldu göz qıcıdan.
Həqiqəti deyəmmədim ucadan,
Aram-aram, pəsdən belə yazıram.
Yarımçıqdır, hər işimiz natamam,
Qəhər boğur, bu dərdləri udamam.
Demirəm ki, istedadlı adamam
Ay bağ belə, bostan belə, yazıram.
Oğrular var, "doğrular"la bir əldi,
Sanmasınlar, hər işimiz düzəldi.
Fərqi yoxdur, seçki-meçki -- nə gəldi,
Oğurlanmış səsdən belə yazıram.
Şahlar, hanı inandığım, qızdığım?
İçim yanır, əcəb çıxır cızdığım!
Bilirəm ki, şeir deyil yazdığım
Bilə-bilə, qəsdən belə yazıram.