“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyinin (FADMM) sədri Vasif Sadıqlı Teleqraf.com-a müsahibə verib.
Onunla müsahibəni təqdim edirik.
- Vasif müəllim, Türkiyədə də ana dilinin qorunması ilə bağlı mübarizə başladıldığı xəbəri var. Maraqlıdır, mübarizəni kim başladıb, orada vəziyyət necədir?
- Türkiyədə bu problemlər çoxdan var. Azərbaycandan fərqli olaraq Türkiyədə müvafiq qanun layihələri hazırlanıb, reklam, tablo və lövhələrdə türk dilinin vəziyyəti barədə məlumatlar analiz edilib. Təxminən bir neçə gün əvvəl Türkiyə Dil Qurumu lövhələrdən şirkət adlarına qədər hər sahədə xarici sözlərə geniş meydan verilməsi, dövlət dilinin sıxışdırılması haqqında geniş hesabat hazırlayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Yüksək Məşvərət Məclisində müzakirəyə çıxarılmış hesabatda ingiliscə adların çeşidlənməsi və türk dilinin qorunması üçün uyğun qanunun qəbulu təklif olunub.
Hesabatda vəziyyətin acınacaqlı olduğu qeyd edilir. Həmçinin otellər, istirahət mərkəzləri, ayrı-ayrı sahibkarlıq subyektlərinin lövhələrində ingilis dilindən həddən artıq çox istifadə edildiyi vurğulanıb. Hesabatda göstərilir ki, bununla Türkiyə türkcəsi sıxışdırılır. Qardaş ölkədə türk dilinin qorunması üçün yeni qanun layihəsi hazırlanacaq.
Eyni zamanda bizim Azərbaycanda qaldırdığımız problem də qabardılıb. Bildirilib ki, televiziyalarda aparıcı və iştirakçılar əcnəbi sözlərdən yerli-yersiz istifadə edirlər. Buna qarşı qanunvericilik çərçivəsində müəyyən tədbirlərin görülməsi üçün layihə hazırlanmasının zəruriliyi vurğulanıb.
- Sizcə, Orta Asiya türk respublikalarında da eyni hərəkat başlaya bilərmi? Hətta məsələni bir az daha geniş götürsək, Güney Azərbaycan da yada düşür...
- Güney Azərbaycan haqqında bir söz deyə bilmirik. Çünki İran bu məsələyə çox ciddi yanaşır. Dövlət dili olaraq yalnız farscadan istifadə olunur. Amma Orta Asiya respublikaları müstəqildir, orada özbək, qazax və sair dillərin dövlət dili statusu var, bu istiqamətdə təşəbbüslərlə onlar da çıxış edə bilərlər.
Hazırda BMT-də, YUNESKO-da bir sıra hesabatlar qəbul olunur və bəyan edilir ki, milli dillər bütün bəşəriyyətin sərvətidir, onların qorunması istiqamətində tədbirlər görülməlidir.
Son onilliklədə qloballaşan dünyada ayrı-ayrı ölkələrə ingilis dilinin hegemonluğunun artması ilə bağlı dil ekspansiyası cəhdlərinin şahidi oluruq. Bu, sadə bir təsadüf deyil. 1990-cı ildə Harvard Universitetinin professoru Cozef Nay öz kitabında “yumşaq güc” nəzəriyyəsindən danışıb. Yəni, başqa ölkələrdə hegemonluq üçün hərbi müdaxilə, iqtisadi sanksiyalardan başqa bir yol da yumşaq gücdür. Öz mədəniyyətini başqa xalqlara mənimsətmək və yerli xalqları yerli mədəniyyətdən qoparmaq üçün vasitələrdən biri də dil ekspansiyasıdır. Yəni paralel şəkildə dildən istifadə etməklə zamanla mədəni, ideoloji hegemonluğa nail olmaq mümkündür.
Müasir dünyda sərt gücdən - hərbi müdaxilədən, iqtisadi sanksiyalardan müstəsna hallarda istifadə olunur. Buna qədər isə hegemonluğa cəhd edən dövlətlər onlara rəğbət göstərən, mədəniyyətlərini yavaş-yavaş mənimsəyən güclər yetişdirirlər. Deyilənə görə, bu nəzəriyyənin sələfi İtaliya filosofu Antoni Qramşidir. O, ötən əsrin 30-cu illərində həbsxana dəftərlərində yazıb ki, ölkələrə müdaxilə üçün yavaş-yavaş onlara öz mədəniyyətini yeritmək və onları yerli mədəniyyətdən ayırmaq lazımdır.
Dil hər bir xalqın fərdlərini ətrafına yığa bilən, toplumun özünü qoruma instinktini gücləndirən, onu səfərbər edən, birləşdirən böyük dəyərdir. Linqvistik ekspansiya isə işğalçılığın bir növüdür. Söhbət təkcə dildən getmir, bu, eyni zamanda Azərbaycan üçün mədəni təhdiddir, mədəni təhlükəsizliyimizi qorumalı olan strukturlar bununla məşğul olmalıdırlar. Çox xoş haldır ki, biz Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edəndə bunu həssaslıqla qarşıladılar. Bizə yazılan cavabda deyilir ki, müraciətinizdə qaldırılan məsələ yüksək qiymətləndirilir və təqdirəlayiqdir.
- Bakı şəhər İcra Hakimiyyətində növbəti görüş keçiriləcəkdi. Görüşün vaxtı barədə məlumat varmı?
- Biz onlara möhlət verdik ki, monitorinqlərini davam etdirsinlər. Görüşün gecikməsinin bir neçə səbəbi var. Birinci, pandemiya ilə bağlı sərt karantin rejimidir. İkinci, Ermənistanın hərbi təcavüzü gündəmi dəyişdi. Digər tərəfdən, görünür, yay mövsümü ilə bağlı bir çox strukturlarda əməkdaşların məzuniyyətə çıxmasının da təsirləri var. Yenidən əlaqə saxlayıb görüşün vaxtını dəqiqləşdirməyə çalışacağıq.
Növbəti görüşə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri də qatılmalıdırlar. Çünki ilk görüşdə Dövlət Reklam Agentliyinin nümayəndələri bildirmişdilər ki, əgər bir brendin adı Əqli Mülkiyyət Agentliyində, eyni zamanda bir firmanın adı İqtisadiyyat Nazirliyində ingilis dilində qeydiyyatdan keçirsə, buna irad tuta bilmirlər. Fikrimiz bundan ibarətdir ki, ticarət və xidmət obyektlərinin üzərinə brendin və ya firmanın yox, göstərilən xidmətin adı yazılsın. Bu və ya digər obyektdə nəyin satılması və ya hansı xidmətin göstərilməsini bilmək vətəndaşın hüququdur. İngilis dilində yazılmış müxtəlif adlar vətəndaşa bu barədə heç bir informasiya vermir.
Bu məsələ qanunvericilikdə də nəzərdə tutulub. 2002-ci ildə dil haqqında qanunda birmənalı şəkildə deyilir ki, Azərbaycanda ticarət və xidmət obyektlərinin dili Azərbaycan dilidir. Yəni bura ingiliscə firma və ya brend adı yazmaq qanuna ziddir. Eyni zamanda həmin qanunun 18-ci maddəsinə görə, Azərbaycan dilinin fəaliyyət dairəsinin sıxışdırılması qadağandır. Əgər bir küçədə 42 obyektin hamısının adı ingilis, rus və türkcə yazılıbsa, demək, Azərbaycan dili haqqında qanunun deyilən maddəsi pozulub.
- Qaldırdığınız problemə başqa hansı dövlət qurumları səviyyəsində reaksiya göstərilib?
- Çox yaxşı haldır ki, məsələyə akademiya səviyyəsində də diqqət yetirirlər. Hələ 2016-cı ildə AMEA Dilçilik İnstitutunun direktoru mərhum akademik Tofiq Hacıyev bizi instituta dəvət etmişdi. Orada əməkdaşların qarşısında bizim monitorinqin nəticələri barədə çıxış etdik. Onlar bunu çox yaxşı qarşıladılar və bizimlə eyni fikirdə olduqlarını bildirdilər. İndiyə qədər dövlət strukturlarında belə bir təşəbbüs olmamışdı. Sadəcə mətbuatda bəzi informasiyalar verilmişdi.
Bu yaxınlarda Dilçilik İnstitutunun mərhum direktoru Ağamusa Axundovun 2010-cu ildə verdiyi bir müsahibəsinə rast gəldim. Akademik narahatlığını belə ifadə edib: “Son illər ölkəmizdə özəl müəssisələrin sayı artır. Çox qəribədir ki, hərə öz müəssisəsinin önünə nə istəyirsə, onu da yazır. Buna bir nəzarət lazımdır. Axı o müəssisə sənin olsa da, onun qarşısında yazılan millət üçündür, bunlardan azərbaycanlılar istifadə edir. Bəs nə üçün ana dilindən istifadə edilmir, buna da milli qeyrət lazımdır?!”
Yəni, narazılıq edənlərin dairəsi genişdir, amma qanuna əməl olunmur. Bununla bağlı onlarla millət vəkilinə də müraciət ünvanlamışıq və onlardan cavab gözləyirik.
- İcra Hakimiyyəti ilə ilk görüşün real faydası oldumu, yaxud faydanı nə vaxtdan görməyə başlayarıq?
- Bir az qaranlıq məsələlər var. 2-3 il bundan əvvəl bir tədbirdə Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı bildirdi ki, Nizami küçəsində monitorinqin nəticəsi barədə BŞİH-nə müraciət ediblər. İcra Hakimiyyətində məsul bir şəxs onlara deyib ki, bu obyektlər elə şəxslərə məxsusdur, onlara təzyiq edə bilmirik. Belə maneələr də var...
İndi məsələ o qədər aktuallaşıb ki, ciddi addımlar atılması labüddür. Artıq dövlət başçısının sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb, həmçinin cərimələr tətbiq olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib.
BŞİH-nin bizə yazdığı cavabda deyilir ki, Azərbaycan Dövlət Reklam Agentliyi monitorinqlərə başlayıb və nəticələri barədə bizə məlumat veriləcək. Hələ gözləyirik, indidən onlara qarşı hər hansı irad bildirə bilmərik. Amma nəticə olmasa, digər strukturlara müraciət edəcəyik. Dövlət dili haqqında qanuna əməl olunması, paytaxtın əcnəbi dillərin “işğalından” azad edilməsi istiqamətində səylərimizi nəticəyə yetişənədək davam etdirəcəyik...