Millət vəkili Qənirə Paşayeva: “Hamımızı narahat edən məsələdir, müvafiq qurumlara müraciət göndərəcəyəm"

Millət vəkili Qənirə Paşayeva bir qrup ziyalının paytaxtın ticarət və xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa məhəl qoyulmaması ilə bağlı ona ünvanladığı müraciətə cavab verib. Bu barədə ”ilkxeber.org“a “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) üzvü Sima Cəfərova məlumat verib. Onun sözlərinə görə, Bakı küçələrinin əcnəbi dillər tərəfindən “işğalı” ilə bağlı minədək ziyalının BŞİH-ə, Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, MM-in komitə sədrlərinə və nəhayət, 100-dək deputata ünvanladığı müraciətə ilk cavab BŞİH-dən gəlib və ilkin addımlar atılıb. Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı məktubdan sonra cənab Eldar Əzizov kollegiya iclası keçirib, məsələni araşdırmaq üçün BŞİH və Dövlət Reklam Agentliyinin nümayəndələrindən ibarət komissiya yaradılıb. “Növbəti cavab hörmətli deputatımız Qənirə xanim Paşayevadan gəldi. "Çox aktual, vacib, ciddi mövzudur, hamımızı narahat edən məsələdir. Mən bununla bağlı Mədəniyyət komitəsinin sədri kimi həm öz adımdan, həm də komitə üzvləri adından müvafiq qurumlara müraciət göndərəcəyəm. Dilimizin saflığının qorunması, dövlət dili haqqında qanuna əməl edilməsi üçün səlahiyyətim daxilində hər cür kömək edəcəyəm", - deyə Q.Paşayeva bizə bildirdi. S. Cəfərovanın sözlərinə görə, FADMM mart ayından etibarən Bakının prospekt və küçələrində, həmçinin televiziya kanallarında, elektron və çap KİV-də ədəbi dil normalarına əməl edilməsinin moniitorinqini aparır və bu barədə ictimaiyyətə məlumat verir.