Prezident İlham Əliyev iyulun 29-da bir gündə 5 rayona səfər etdi. Qobustan, İsmayıllı, Qəbələ, Şəki və Balakənə səfərləri zamanı dövlət başçısı modil tipli xəstəxanaların, yolların, “ASAN Xidmət” mərkəzinin, digər obyektlərin açılışını etdi, aqrar təsərrüfatlara baş çəkdi. Prezident bu tədbirlərdə iştirakı zamanı vətəndaşlarla görüşdü və çıxışlar etdi, mühüm açıqlamalar, bəyanatlar, mesajlar verdi. Azərbaycan Prezidenti İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışında da olduqca mühüm məqamlar var. Dövlət başçısı nitqində əhalinin sosial məsələlərinin həlli istiqamətində görülən işlər, dövlətin gənclər siyasəti, gənclərin cəmiyyətdə artan rolu, Ermənistanın işğalçılıq siyasəti və Tovuz rayonu istiqamətində təxribatlarının nəticələri, Ermənistanın bütün regional layihələrdən təcrid edilməsi və acınacaqlı duruma düşməsi, Paşinyan hakimiyyətinin ciddi səhvlərə yol verməsi, Ermənistan hakimiyyətinin Soros Fondunun nəzarətində olması, Ermənistanın irəli sürdüyü şərtlərin qəbul edilməzliyi və buna qarşı Azərbaycanın bir şərt irəli sürməsinə dair konkret rəqəmlər, faktlar, arqumentlər, dəlil və sübutlar göstərib. Ölkənin sosial-iqtisadi inkişafından danışan Prezident vurğulayıb ki, əsas məsələ insanların daha yaxşı yaşaması, öz maddi vəziyyətlərini yaxşılaşdırmaladır. O, dövlətin bununla bağlı atdığı addımları xatırladıb. Həmçinin, bildirib ki, bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır, 2020-ci ildə 90 min insan üçün ictimai ödənişli iş yerləri açılması prosesi davam edir. “ABAD mərkəzlərinin yaradılması özünüməşğulluq proqramının tərkib hissəsidir” deyən prezident diqqətə çatdırıb ki, məsələlərə kompleks yanaşma ölkəmizin sürətli inkişafına şərait yaradır. Prezident konkret faktlar sadalayıb: - Azərbaycan dayanıqlı İnkişafa və gözəl perspektivlərə malik ölkədir; - Bütün addımlar plan üzrə və yerlərdən gələn təkliflər əsasında atılır; - Hazırda ən ciddi problem suvarma ilə bağlıdır və quraqlıq ciddi problemlər vəd edir; - Bununla bağlı Azərbaycan Prezidentinin yanında müşavirə keçirilib, xüsusi komissiya yaradılıb; - Bu fakt bir daha göstərir ki, Azərbaycanda mövcud problemlər hərtərəfli öyrənilir, onun həlli yolları müəyyən olunur və operativ həlli ilə bağlı müvafiq tədbirlər görülür... Təbii olaraq, prezident “ASAN xidmət” mərkəzində çıxış edərkən, gənclər siyasətindən xüsusi danışıb. Bəllidir ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin ideyası olan və bu gün dövlətimizin bir brendinə çevrilən, xarici ölkələrdə tətbiq olunan ASAN Xidmət modeli gənclər üçün geniş imkanlar açır, onların özlərini təsdiqləməsi üçün geniş meydanlar yaradır. Odur ki, prezident ““ASAN xidmət” mərkəzlərində çalışan gənclər Azərbaycan gəncliyinin simasıdır” deyə vurğulayıb. Prezident çıxışında gənclərə yaradılan imkanlarla yanaşı, xüsusi olaraq qeyd edib ki, Azərbaycan gəncləri bilikli, savadlı, mədəni, yaşlı nəslə həmişə hörmət göstərən, öz doğma torpağına bağlı olan insanlar olmalıdır. O, xatırladıb ki, minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb, bu gün onların nümayəndələri çox önəmli vəzifələrdə çalışırlar. Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət” mərkəzlərində başlayıb və bu gün onlar ölkəmiz üçün vacib olan sahələrdə mühüm rol oynayırlar. Prezident nümunə olaraq aşağıdakıları da qeyd edib: - Şamaxı rayonunda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında könüllülər fəal iştirak ediblər; - Bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədində erməni silahlı təxribatının qarşısını alarkən Azərbaycan əsgərləri, zabitləri, - onların mütləq əksəriyyəti gənclərdir, - öz peşəkarlığını, cəsarətini göstərdilər, düşməni yerinə oturtdular. - Bir həftə ərzində 50 mindən çox Azərbaycan gəncinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üz tutması Azərbaycan gəncliyinin vətənpərvərliyinin əyani nümunəsidir... Yeri gəlmişkən, Prezidentin gənclərlə bağlı siyasətinin ciddi bir nümunəsinə də bir neçə gün öncə şahidlik etdik. 38 yaşlı Emin Əmrullayevin təhsil naziri təyin edilməsi bu sırada xüsusi qeyd edilməlidir. Daha əvvəllər isə bir neçə rayona daha gənc kadrlar icra başçısı təyin edilib. **** Əlbəttə, hazırda təkcə Azərbaycanda deyil, bütün dünyada müzakirə olunan əsas məsələ Ermənistanın 12 iyuldan başlayaraq, Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və onun nəticələridir. Prezident İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışı zamanı bu məsələyə dair danışarkən düşmənə və dünyaya çox ciddi mesajlar verib, hədəfləri açıqlayıb. Dövlətimizin başçısı vurğulayıb ki, baş verən hadisələr Ermənistanın faşist mahiyyətini və qorxaq xislətini bir daha göstərdi. O, xüsusi olaraq vurğulayıb ki, birinci dəfə deyil təcavüzkar döyüş meydanında məğlubiyyətə uğrayandan sonra dinc əhaliyə qarşı hərəkətə keçir. Sitatlar: - Bizim mənfur qonşumuz müharibəni dinc əhaliyə qarşı aparır; - Ermənilər döyüş meydanında acizliyini görərək ən çirkin əməllərə əl atırlar. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdi; - Ermənistanın əsas məqsədi dövlət sərhədində münaqişə yaratmaq, sonra bu münaqişədə Azərbaycanı günahlandırmaq, daha sonra KTMT-yə müraciət edib hərbi yardım istəmək olmuşdur; - KTMT heç bir bəyanat vermədi, məsələ ilə bağlı ümumi sözlərdən ibarət şərh verdi; - Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (5 ölkə), İslam Əməkdaşlıq Təşkilatı (57 ölkə), Qoşulmama Hərəkatı (120 ölkə) ayrı-ayrı ölkələr dəstəklədi; - Hətta KTMT-nin altı üzvündən dördü beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı qəbul edilmiş bəyanatlar vasitəsilə Azərbaycanı dəstəklədi... **** Dövlət başçısı Ermənistanın təxribatlarına tutarlı cavablar verib və konkret mövqe sərgiləyib: “Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın!.. Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir. Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir. Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur. Heç kəs üçün sirr deyil ki, Ermənistanın bugünkü rəhbərliyi Soros fondunun təsiri altında olan adamlardan ibarətdir. Onların tərcümeyi-halına baxmaq kifayətdir. Bu gün Ermənistanda hökumətdə, parlamentdə, məhkəmə hakimiyyətində, digər önəmli vəzifələrdə çalışanların bir çoxu Soros fondunun və ona yaxın təşkilatların əməkdaşları olub. Aydın məsələdir ki, Ermənistanda baş vermiş “inqilab” Sorosun və ona yaxın dairələrin növbəti təxribatı olub. Düzdür, erməni xalqı əvvəlki hakimiyyətə nifrət edirdi, bunu gizlətmirdi. Ermənistanın əvvəlki hakimiyyəti nifrətə layiqdir. Ancaq onun yerinə gələn qruplaşma əvvəlki hakimiyyətdən o qədər də fərqlənmir. Təsadüfi deyil ki, Soros fondu pandemiya ilə əlaqədar bu yaxınlarda Ermənistana 600 min dollar maliyyə yardımı göstərib. Başqa hansı ölkəyə göstərib? Postsovet məkanında heç bir ölkəyə göstərməyib. Azərbaycana göstərib? Yox. Azərbaycanda Soros fondunun izi-tozu da qalmayıb. Çünki onlar burada təxribatla məşğul idilər, gənclərin beyinlərini zəhərləyirdilər. Gəncləri öz dövlətinə qarşı qaldırmaq istəyirdilər. Ona görə onların ayağı kəsildi. Amma onlar Ermənistanda geniş qol-qanad açıblar və gizlətmirlər, bu, açıq bir ianədir. Biz bilirik ki, Ermənistanın indiki rəhbərliyi Soros fondundan altdan-altdan da pul alır, onların agentləridir, onların sifarişini icra edir. Ona görə bu gün Soros fondu açıq-aydın Ermənistan rəhbərliyinə 600 min dollar ianə verib. Bu, KTMT-yə üzv olan ölkələri düşündürməməlidir? Əlbəttə ki, düşündürməlidir. Bir də Ermənistan qorxa-qorxa gedib KTMT-nin ətəyindən yapışarkən yadına salsın ki, KTMT-ni necə diskreditasiya etmişdi, təşkilatın baş katibini həbs etmişdi. Sonra təzyiq nəticəsində onu buraxdı. Ancaq cinayət işi bağlanmadı. KTMT-yə bir il ərzində yeni baş katibin təyin olunmasına imkan vermirdi. Bir də ki, Ermənistanın indiki baş nazirinin partiyasının adı nədir? Bunu KTMT-də yaxşı bilirlər. Onu əgər Azərbaycan dilinə tərcümə etsən, bunun adı “çıxış”dır. Çünki bu adamlar hakimiyyətə bu şüarla gəliblər. “Çıxış!”, haradan çıxış? İki təşkilatdan – KTMT-dən və Avrasiya İqtisadi Birliyindən. Budur onların məramı, budur onların əsl sifəti! Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz”. Prezident İlham Əliyev Ermənistanın hiyləgər niyyətlərini tamamilə ifşa edib: Sitatlar: -İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır; - Sərhəddəki təxribat onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək; - Ermənistanın müttəfiq saydıqları bütün ölkələr ya Azərbaycanı dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür; - Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır; - Ermənistan bütün regional layihələrdən təcrid edilib; - Azərbaycan bütün imkanlarını səfərbər edib bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq! “Azərbaycan 7 şərtin qarşısına bir şərt qoyur - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır” Prezident İlham Əliyev Azərbaycan dövlətinin mövqeyini tamamilə aydın şəkildə bəyan edib. Sitat: “Ermənistanın baş naziri deyir ki, “Dağlıq Qarabağ Ermənistandır” və ondan sonra hansı danışıqlardan söhbət gedə bilər. Çünki danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Biz bunun ətrafında danışıqlar aparmalıyıq. Yoxsa, nəyin ətrafında? Biz dırnaqarası “Dağlıq Qarabağ respublikası”na müstəqilliyin verilməsi haqqında heç vaxt danışıqlar aparmamışıq, heç vaxt! Bu, heç vaxt danışıqlar predmeti olmayıb. Mən bu haqda ümumiyyətlə heç vaxt danışmamışam və danışmaq fikrim də yoxdur. Biz onun ətrafında danışıqlar aparırıq ki, işğal edilmiş torpaqlar nə vaxt, hansı ardıcıllıqla azad edilsin. Əgər Ermənistanın baş naziri deyirsə ki, “Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, “biz qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər. Dövlətimizin başçısı vurğulayıb ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq”. Azərbaycan Prezidentinin bu mesajlarından, açıq çağırış və mövqeyindən sonra işğalçı Ermənistan, onun havadarları və həmsədrlər də yaxşı-yaxşı düşünməlidir... “Yeni Müsavat”
© 2020 - Created by İLK XEBER.