Mikail Cəbrail, Harut və Marut ilə birlikdə Quranda adı çəkilən dörd mələkdən biridir. “Mikail” sözünün ibranicə olduğu və “Kim Tanrı kimidir?” (yəni heç kəs Tanrı kimi ola bilməz) mənası verdiyi yazılır. Bibliyada Mikailin adı beş yerdə çəkilir (Daniel, 10/13, 21; 12/1; Yəhudanın məktubu, 9; Vəhy, 12/7). Əhdi-Ətiqdə iki böyük mələkdən biri olan Mikail (digəri Qabriel [Cəbrail]) İsrail oğullarına yardım edən, onları əsarətdən qurtaran, bu xalqın qoruyucu mələyi kimi (Daniel, 10/13, 21; 12/1) verilir (1). İncildə Mikailin öz mələkləri ilə yeddi başlı, on buynuzlu əjdaha ilə göydəki döyüşündən bəhs edilir: “Və göydə müharibə oldu. Mikail və mələkləri əjdaha ilə vuruşdular. Əjdaha və mələkləri onlara qarşı döyüşdülər. Amma gücləri çatmadı. Və göydə artıq onlara yer tapılmadı. İblis və şeytan adlanan böyük əjdaha bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birlikdə atıldılar“. (2, Allahın müqəddəs həvari Yəhyaya verdiyi vəhy, 12-ci fəsil, 7-9). Bu hadisə Tövratda (Təsniyə 34/6) Musanın dəfni ilə bağlı hadisə ilə əlaqələndirilir. Bibliyaya görə, şeytana və başqa mələklərə Adəmə səcdə etmələrini əmr edən Mikaildir. O, səmanın açarlarını mühafizə edir, axirətdə ölüləri dirilmək üçün çağırır (1). Janna d`Arkın qələbəsi, Novqorodun Batının hücumundan xilas edilməsi Xristian düşüncəsində Mikail bütün şər qüvvələrə qarşı xristianların qoruyucusu, inanclıları ölüm vadisindən keçirib yeni həyata aparan bələdçi kimi qəbul edilir. Mariya Yozefin “Janna d’Ark” kitabında “Orlean bakirəsi”nin ingilislər üzərində qələbəsində Mikailin mühüm rolu olduğu qeyd edilir: “Günəş onsuz da qərbə doğru meyl edirdi və fransızlar hələ də uğursuz mübarizə aparırdılar. ...Janna üzümlüklər arasında dua etməyə başladı. On yeddi yaşlı qızın misilsiz dözüm və iradəsi bu həlledici anda öz gərginliyindən, hamının üzərinə tökülən qaranlıqdan və tükənmədən xilas olmağa imkan verdi, o, yalnız ilham yarananda əldə edilə bilən xarici və daxili bir sükut tapdı... Sonra görünməmiş bir şey baş verdi: oxlar əllərdən düşdü, çaşqınlıq içində olan insanlar səmaya baxdılar. Müqəddəs Mikail mələklərin əhatəsində Orlean səmasında parıldayırdı. Mikail fransızların tərəfində vuruşurdu”. ... İngilislər mühasirənin başlamasından yeddi ay sonra və Janna şəhəri azad etdikdən sonra geri çəkildi və bu, mayın 8-də (1429) - Müqəddəs Mikail göründüyü gün baş verdi. O vaxtdan əsrlər boyu 8 may təqvimdə Mələk Mikailin zühur etməsi bayramı kimi qeyd edilir” (3, səh. 86). 1239-cu ildə Novqorodun Batı xanın qoşunlarının işğalından qurtuluş möcüzəsi ilə bağlı dini mənbələrdə deyilir ki, Allah və Müqəddəs Məryəm Batı xana Novqorod üzərinə yürüş etməyi qadağan edib və şəhəri Mikailin görünməsi ilə xilas ediblər. Batı Xan Kiyevdə Mikailin təsviri olan freskanı görəndə: “Bu, mənə Novqoroda getməyi qadağan edib”, - deyib. Qeyd edək ki, Rusiya imperiyasının 1882-ci ilə aid böyük gerbində Cəbrail və Mikailin təsvirləri var. Onlar gerbin mərkəzindəki qalxanın iki tərəfində dayanıb. Hər ikisi əli ilə qalxanı tutur. Rusiyada Mikailin ən məşhur ikonasını Andrey Rublyov çəkib. İnsan şəklində olan Mikailin qızılı rəngdə qanadları var. O, sol əli ilə nizə tutub, sağ əlini dua üçün açıb. Bu rəsm əsərinə görə qərar versək, Rusiya imperiyasının böyük gerbində sağda dayanıb, əlində nizə tutan ağ paltarlının Mikail olduğunu deyə bilərik. Görünür, Böyük Vətən Müharibəsində qələbənin və Şuşanın işğalının 8 maya salınması da təsadüfi deyil... Fiziki formada təsəvvür edilmələri İslam mənbələrindəki rəvayətlərdə deyilir ki, Cəbrailin 600 qanadı var, onlar yaşıl rəngdədir, inci və yaqutlarla bəzədilib. Qanadları arasındakı məsafə isə şərqlə qərb arasındakı məsafə qədərdir. Bundan başqa, onun üzü ağdır, başında sarğı var, saçı mərcan kimidir. İsrafil bir sıra rəvayətlərdə kosmik ölçülü varlıq kimi təsvir edilir: ayaqları Yerin alt qatlarında, başı isə Allah dərgahındadır. Dörd qanadı var. Əzrail də fiziki forma qəbul edə bilir. “Kitabi-Dədə Qorqud”da o, Dəli Domrula insan kimi görünür: «Vay, nə heybətli qocasan? Qapıçılar səni görmədi, gözətçilər də duymadı. Görən gözüm qaraldı, tutan əlim yoruldu. Canıma titrətmə düşdü. Qızıl qədəh əlimdən yerə düşdü. Ağzım dondu buz kimi, sümüklərim ovuldu duz kimi. Ağ saqqallı ay qoca, gözləri domba qoca, Vay, nə qorxunc qocasan, de mənə!”. İslam mənbələrində Mikailin zahiri görkəmi ilə bağlı elə bir informasiyaya rast gəlmədik. Mikail Əzrail kimi “daşqəlbli” deyil... İslam əsatirində Əzrayılın ölüm mələyi vəzifəsinə təyinatı haqda belə deyilir. «Allah Adəmi yaratmaq üçün Cəbrail, İsrafil, Mikail və Əzraili yerə göndərir ki, Adəmi yaratmaq üçün gil gətirsinlər. Əvvəlki üç mələk möhkəm olduğuna görə Yerdən gil qopara bilmirlər. Əzrail isə gili dartıb qoparır. Belə sərtliyinə görə Allah ona can almaq məsələsini tapşırır». Qeyd edək ki, bu rəvayət Cəlaləddin Ruminin «Məsnəvi»sində geniş şəkildə verilib. Qısaca xülasə etsək, Cəbrail torpaq götürmək istəyəndə torpaq dilə gəlib yalvarmağa başlayır: «Məndən yaradılacaq insan təhlükələrə uğrayacaq… Tanrıya and verirəm, torpağı alma». Cəbrail yumşalır və əliboş qayıdır. Mikail və İsrafil də əliboş qayıdır. Amma Əzrail torpağın yalvarışların dinləyəndən sonra ona deyir: «Sənin yalvarışlarından ürəyim qanla doldu. Mən mərhəmətsiz deyiləm, hətta o üç təmiz mələkdən daha mərhəmətliyəm. Fəqət Tanrının qəhri iki aləmin də helmindən yaxşıdır. Onun qəhrində lütflər gizlidir. Qulağım onun sözündən başqa bir söz eşitməz..» (4, 1-ci cild, 1556-1710-cu misralar). İslamda Mikailin döyüşdə yardım etmək, güc vermək missiyası Cəbrailə verilib. “Kitabi-Dədə Qorqud”un “Bəkil oğlu Əmranın boyu”nda yardım üçün Allaha yalvaran Əmrana Mikail yox, məhz Cəbrail vasitəsilə güc verildiyi deyilir: “At üzərindən ikisi qarvaşdılar, dartışdılar. Kafırün güci ziyadə, oğlan zəbun oldı... Allah Taalaya yalvarub soylamış, görəlim, necə soylamış, aydır: “Birligünə sığındım, əziz Allah, xocam, mana mədəd! - dedi... Haq Taala Cəbrailə buyurdı kim: “Ya Cəbrail, var, şol quluma qırq ərcə qüvvət verdim”, - dedi. Oğlan kafıri götürdi, yerə urdı. Burnından qanı düdük kibi şorladı”. Quranda Mikailin adı çəkilir Mikailin adı Quranda bir yerdə - Bəqərə surəsində Cəbrail ilə birlikdə çəkilir. Rəvayətə görə, bir qrup yəhudi peyğəmbərimizdən ona vəhyi kimin gətirdiyini soruşanda Cəbrail cavabını alıblar. Bu zaman yəhudilər Mikailin asayiş və bərəkət mələyi olduğunu, Cəbrailin fəlakət və səfalət gətirdiyini söyləyiblər. Həmçinin “Dostun başqa bir mələk olsaydı, səni təsdiq edərdik” deyə bildiriblər. Deyilənə görə “Allaha, mələklərinə, peyğəmbərlərinə, Cəbrailə və Mikəilə düşmən kəsilən bilsin, Allah da kafirlərin düşmənidir” (5, Bəqərə 97-98) ayəsi bununla bağlı nazil edilib. Hədis və rəvayətlərdə Mikailin insanlar da daxil canlıların ruzisi, yağış yağması və bitkilərin inkişafı üçün cavabdeh olduğu bildirilir. Quranın dörd surəsində İbrahim peyğəmbərin yanına gəlib, oğlu İshaqın və nəvəsi Yaqubın doğulacağını müjdələyən, Lut peyğəmbərin yanına gedib azğınlaşımış qövmü məhv edən bir qrup mələkdən danışılır (5, Hud 69-83; Hicr 51-71; Ənkəbut 31-34; Zariyat 24-37). Bir sıra təfsirçilər Cəbrail, İsrafil və Əzrail ilə birlikdə Mikailin də bunların arasında olduğunu rəvayət edir. Sonda onu da qeyd edək ki, İslamın ilk dövrlərində namazda “ət-təhiyyat” əvəzinə “... əs-səlamü ala Cəbrailə, əs-səlamü ala Mikailə ...” deyildiyi barədə məlumatlar var (1). ƏDƏBİYYAT 1. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi https://islamansiklopedisi.org.tr/mikail 2.İncil, Bibliya Tərcümə İnstitutu, Stokholm 1995 3. Mariya Yozefa Kurk fon Poturtsin “Janna d`Ark” http://www.newacropol.ru/Alexandria/history/Darc/Iozef/ 4. Mevlana, Mesnevi, I cild, İstanbul 1990 5. Qurani-Kərim, N.Qasımoğlunun açıqlaması, Bakı, 1993 *Şəkil 1. "Mikailin Janna d’Аrka görünməsi", Ejen Tirionun rəsm əsəri, 1876. *Şəkil 2. Rusiya imperiyasının 1882-ci ilə aid böyük gerbi
© 2020 - Created by İLK XEBER.