Yazını çoxdan yazası idim, karantin rejiminin narahatlığı ovqatımı təlx etdiyindən fikrimi cəmləyib başlaya bilmirdim. Dünyanı qaydaya salmaq arzusu ilə yaşadığımız halda bəşəriyyətin yeni koronavirus bəlasına düçar olması qanımı qaraltdı, ha çalışdım, yaza bilmədim. Karantin də uzadıldıqca uzandı. Qaydalara əməl edildi, ta ki son günlər Tovuz rayonunda başlayan atışma nəticəsində şəhid olan hərbçilərimiz və Qarabağımız üçün xalqın meydana toplaşmasınadək. Bundan sonra ab-hava tamamilə dəyişdi, karantin depressiyasını unutdum. Əsgər itkisi, anaların acısı bağrımızı göynətsə də, milli birlik, xalqın vətənə sevgisi ürəklərdə möhtəşəm hisslər oyatdı. Qəhrəmanlığın, vətənpərvərliyin, sevginin mövsümü olmasa da, ruh yüksəkliyi yarandığından yazı məni özünə çəkdi. Bu ağır günlərdə görə biləcəyim iş hələ ki qəhrəmanlıq mövzusunda olan bu yazını oxuculara təqdim etməkdir. Gerisini yaşayıb görərik. “O da sizin tay-tuşunuz idi! Natiq Səlim oğlu Qasımov! Bu igid haqqında nə bilirsiniz?!” – Vacib sualdır. Giriş üçün də əladır. Bundan da əla olanı Ramiz İsmayılın sualı oxuculara, vətəndaşlara verməklə milləti tanışlığa sövq etməsidir. Bir qədər də dərindən düşünəndə heç sual da deyil. “Oyan!”, “Qəhrəmanına sahib çıx!”, “Ona bənzəməyə çalış!” çağırışıdır. Yazıçı “Gözü yolda qalan var” povestini kəlmə-kəlmə, adam-adam, oba-oba, hadisə-hadisə toplayıb qələmə alıb. İstəyir ki, mühasirədə qalıb bayrağı əlindən buraxmayan igid oğulu hamı tanısın, gənclər onu özlərinə kumir seçsinlər. Oxucuda məsuliyyət hissi oyadan bu sualı məhz buna görə verir. Gözəl niyyətdir. Ramiz İsmayıl ilk növbədə əsl vətəndaşdır. O, Natiqə, Vətənə qələm ucu boyda edəcəyi köməyi əsirgəmir. Bir köməyi də ünvanladığı suala özünün cavab verməyidir. Yazıçı Natiqin yarımçıq ömür yolundan topladığı məlumatı hər kəslə bölüşür: "Cəmi 21 yaşı var idi. Müharibədən, ölümdən qorxmadı. Vətən uğrunda, torpaq uğrunda ölüm-dirim savaşına atıldı". Yəqin ki, “Oqonyok” jurnalını xatırlayanlar oldu. Orda bir azərbaycanlı oğlan haqqında yazı yazılmışdı. O jurnal Natiq haqqında yazan ilk mətbu orqan oldu. Sonradan igidin öz Vətənində Ramiz İsmayıl yol yoldaşı olan bir nəfərdən eşitdiyi məlumatdan başlamış, Natiq haqqında mətbuatda dərc edilən bütün yazılara, hazırlanan verilişlərə, valideynlərinin ən adi söhbətlərinəcən hər şeyi tələsmədən ard-arda yazaraq sənədli povest ərsəyə gətirdi. Bayraq sevgisindən bəhs olunanda yada düşən qəhrəmanlardan, bəlkə də, birincisidir Natiq Qasımov. Bayraq yurdumuzun örpəyidir. Bizdə örpək müqəddəs sayılıb. Çünki onu analarımız örtüb. Üçrəngli bayrağımız da Azərbaycan anamızın kələğayısıdır. Buna görə də əsir götürülərkən əlindən buraxmadı bayrağı. Bayrağı sevməkdə Natiq bizə örnək oldu. Natiq Qasımova həsr edilən mətnlərdən söz düşəndə birinci Ramiz İsmayılın adı çəkilir. Bu mövzuda yazıçının uzun zaman çabalarından sonra əməlli-başlı zəhmətə çevrilən fəaliyyətindən yazmamaq günahdır. Necə ki, o, bir qəhrəman azərbaycanlını tanıdıb sevdirir, eləcə də borcumuzdur ki, biz də bu zəhməti dəyərləndirək. Natiq Qasımov haqqında yazmaq üçün bu qədər çətinlikdən keçmək onun həm vətəndaş borcu həm də vətənə sevgisidir. Burda yazıçılıq qabiliyyəti sadəcə o sevgini izhar etməyə yönəlib. “Gözü yolda qalan var” sənədli povesti uydurma təxəyyül məhsulu deyil ki, deyəsən yazıçı özü üçün əsər uydurub. O, vətənpərvər, igid Azərbaycan övladını ədəbiyyatın əbədiliyinə təqdim edib. Özü povestin yazılmasının məqsədini də belə açıqlayır: “Natiq haqqında yazarkən valideynlərinin, şahidlərin xatirələrinə əsaslanmışam. Burda döyüş səhnələrinə, həyəcanlı dava epizodlarına, od-alov, güllə yağışı təsvirlərinə rast gəlməyəcəksiniz! Natiq Qasımovun kiçik ömrünün kiçik bir hissəsindən bəhs edən bu kitabçanı səbrlə, darıxmadan oxuyun, başqalarına da oxutdurun!” Ramiz İsmayıl millətin qəhrəman övladına sahib çıxmasını istəyir. Və oxuculara, vətəndaşlara deyir: “Bırcə xahişim var: Natiq Səlim oğlu Qasımov haqqında nə bilirsinizsə, oğlunuza, qızınıza, nəvələrinizə, qohum-əqrabanıza. tanışınıza, bir sözlə, əlinizə keçənə danışın, çəkinməyin, əmin olun: o, əsl qəhrəmandır. Layiq olduğu qiyməti hələ ala bilməsə də! Onun haqqında əfsanələr, dastanlar yaratmağa çalışın. Onun dildə-ağızda gəzməyə haqqı var.” Povesti ədəbiyyatşünaslar kimi təhlil edib deməyəcəm “Ramiz İsmayılın bədii ekpressivliyi belə gəldi”, “üslubu elə getdi”, “epitetləri yeni, metaforları qeyri-adidir” və s. Bunların povestə heç bir dəxli yoxdur. Əsər real hadisələrdən ibarətdir. Qəhrəman övladın bayraq sevgsindən, itkin düşən oğlunun yolunu gözləyən valideynlərin acısından, ona atılan böhtandan, valideynlərin haralara gedib çıxmasından, Natiqə həsr olunan verilişlərdən, şeirlərdən bəhs edir. Buna görə də bəzəksiz-düzəksiz yazmaq lazımdır. Elə yazıçı özü də: “Natiq Səlim oğlu Qasımov haqqında bu hekayətimi oxuyanlara bir səmimi etirafımı çatdırmaq istəyirəm: Mən «misilsiz süjet ustası» Dostoyevskı kimi maraqlı süjet qura bilməmişəmsə, üzürlü hesab etsinlər. Ov tulasının da psixoloji anlarını, düşüncələrini dahiyanə təsvir edən, itin əvəzinə fikirləşən Lev Tolstoy kimi başqasının düşüncələrini, fikirlərini də çatdıra bilmədim və buna heç cəhd etmədim də! Detektiv janrının müasir klassik memarı Çingiz Abdullayev kimi baş gicəlləndirən macəra da yazmaq fikrində olmadım. Buna ehtiyac yox idi. Mənim məqsədim o idi ki, sadə bir zəhmətkeş balasının igidliyini, mərdliyini, hünərini, qeyrətini, vətənpərvərliyini bacardığım tərzdə çatdırım. Xoşunuza gəlsə də, gəlməsə də... bəyənsəniz də, bəyənməsəniz də... sağ olun” deyə nəyə çalışdığını izah edir. Bir nəşriyyat işçisi metaforalardan ibarət, cəmiyyət həyatından uzaq əsərlər yazmaqdan imtinasının səbəbini soruşanda, Nabokov belə cavab vermişdi: "Cəmiyyət və oxucu qoyun deyil ki, onu yalançı oyunlarla aldadasan". Tam haqlıdır. Mən də sevmirəm. Real hadisələri olduğu kimi yazmaq lazımdır. Burda bir vətənpərvər azərbaycanlı, onu sözün əbədiliyinə tapşırıb gələcək nəsillərə örnək göstərən yazıçı qələmi var. Povestdə diqqətimi çəkən belə bir cümlə var: “Cəbhədə hər şeydən çox itkin düşməkdən qorxursan...” (Böyük Vətən müharibəsi veteranının dediklərindən) Amma Natiq Qasımov bayrağı itirməkdən, komandirinə verdiyi sözü tutmamaqdan qorxdu. Məhz buna görə əsir götürüldü... İlk dəfə “Xəzan” jurnalında hissə-hissə oxuduğum povest haqqında jurnal üçün ekspert rəyi yazanda ümumi fikir bildirmişdim. Amma mövzu və mövzuya yanğı hissi məni təzədən yazmağa sövq etdi. Əsərdə təsirli məqamlar çox olduğundan hansını seçib mətnə əlavə edəcəyimə qərar verə bilmədim. Ona görə də hər kəsə povesti oxumağı tövsiyə edirəm. Belə bir hissəni oxuyaq: “Gədəbəy rayonunun Əli Ismayıl kəndində orta boylu, ağır yerişli, sadə, hətta pinti geyimli, az-az, amma güclü yumorla danışan bir kişi var idi. Nəinki orta məktəbi qurtarmamışdı, heç düz-əməlli ibtidai təhsili də yox idi. Bu adam Gədəbəy rayonunda ən yaxşı radio təmirçisi kimi tanınırdı. Kino-mexanik idi. Saatı işləməyən onun yanına qaçırdı. Maqnitafonu işləməyən, televizoru xarab olan, motosikleti işə düşməyən, "motoru yağ yeyən" surücü, bir sözlə, hamı onun yanına qaçırdı. Evlərinin qabağından axan dağ çayında “elektrik stansiyası” düzəltmişdi. Qonşulara təmənnasız işıq verirdi. Onun adı Nuru idi. Bu adam Natiqin doğmaca dayısı ıdi. Bəlkə, elə buna görə deyirlər: “Yaxşı igid dayısına oxşayar”. Görəsən, texnikaya maraq Natiqə dayısından “keçmə” deyil ki? Nuruya təmir etdiyi radio və başqa məişət cihazları üçün 10 manat verəndə 2 manatını götürüb, qalanını qaytarırdı. Işin mahiyyətini bilməyən çox adama elə gəiirdi ki, Nuru “hərifdir”, on manatlıq işi iki manata görür. Onun yerinə mən olsam, bu rayonda məndən varlı adam olmaz” – deyən də var idi. Beləsinə Nuru tutarlı cavab vermişdi: “Müəllim, Allah mənim biliyimi sənə verib ağlımı özümdə qoymayacaqdı ki. Sonralar, mən böyüyəndən sonra başa düşdüm ki, Nuru elə zəhmətinin qiymətini alırmış. Sadəcə olaraq, camaatın bilməməyindən istifadə etməyə vicdanı yol vermirmiş!” Həmin usta qapıbir qonşumuz idi. Biz uşaq idik, onun qızları bizə mehribanlıq göstərirdi. Bacım övladlarının dili ilə ona “qağa” deyirdi. Nuru babanın verdiyi güzgünü hələ də saxlayıram. Natiqin valideynlərini də onlarda görmüşdüm. Onların dərddən günbəgün necə əyildiklərini müşahidə etmək ağır mənzərə idi. Valideynlərim onları görəndə kövrəlirdilər. Bu, mənə təsir etməyə bilməzdi. Oğlu itkin düşən gündən atasının saqqal saxlayırdı. Tay-tuşlarımla da bu mövzuda söhbət edib ağlamsınırdıq. R.İsmayıl o zaman Mingəçevirdə baş verənləri nəql edərək Natiqi xarakterizə edir: “Bax, belə dəstələrin birinin ən fəal üzvlərindən biri 17 yaşlı gənc, arıq, balacaboy, cılız bir oğian olan Natiq Qasımov idi”. – Necə və hansı dəstə olduğunu yazmayacam, oxumağınıza maraq oyadan səbəb olsun. “Kinomexanik Natiq! «Davalı, «şpionlu», partizanlı kinolar və onların kiçik qəhrəmanlarını sevən, onlara oxşamağa çalışan Natiq!” Yazıçı qəhrəmanımızı boşuna bu cür xarakterizə etmir. Natiqin kino işi ilə məşğul olması onun qəhrəman kimi yetişməyinə təsir edib. Qəhrəmanlıq mövzusunda çəkilən filmlərin faydası budur. Fikrimi əsaslandırmaq üçün müəllifin üslubuna toxunmadan daha bir hissəni nəzərinizə çatdırım: “Cəfər müəllim mənə demişdi ki, mən Natiqlə kilsədə görüşəndə, ona dedim ki, sən təslim olmasan, bizi ermənilər güllələyəcəklər. Biz on səkkiz nəfərik, hamımız girov düşmüşük, Xocalıdanıq! Bu sözdən sonra Natiq kilsədən çıxdı, bir-iki addım atıb yenidən geri qayıtdı, kilsənin başına taxılmış üçrəngli bayrağı götürüb aşağı endi, şəstlə, söyə-söyə ermənilərə tərəf getdi. “Mən razı olmaram, mənə görə bu qədər adamı güllələsinlər” - dedi. ...Bəli, bu həmin «Uzaq sahillərdə» filmindəki epizodun eynisidir. Bu anda Natiq, bəlkə də, özünü «Mixaylo»ya bənzətmişdi. «Mıxaylo»nun hünərı, kişiliyi, qəhrəmanlığı, igidliyı ona – bu balaca, arıq, cüssəsiz iyirmi bir yaşlı oğlana cəsarət və dəyanət dərsi keçmişdi. Bu «Mixaylo»nun hünər, qeyrət salnaməsinin davamı idi...” “Natiqin fəallığı nədən ibarət idi?” – deyə yazıçı söhbətinə davam etmək üçün sual verir. Bu dəfə də sual giriş rolunu oynayır. “Mingəçevir tərəvəzçilik sovxozunda bir dostu var idi. Onun motosikletini alıb sükanının hər «buynuzuna» bir üçrəngli bayraq bağlayırdı. Motosikletdə bayraqları dalğalandıra-dalğalandıra, dəstənin önündə Yevlaxa gedirdi. Ermənistana gedən qaz kəmərini bağlamaq üçün, elektrik xəttini kəsmək üçün, ermənilərin xaçına söymək üçün!” Bunları bildirmək üçündür o sual. “Həmin illərdə ermənilərlə mübarizə aparmağın yollarını «qara camaat» bilmirdi. Hissə qapılıb çılğınlaşan gənclər, damarlarında qanı coşan cavanlar parakəndə dəstə və cəmiyyətlərdə kor-koranə «inqilab» yolu tutmuşdular. Bu o vaxtkı azərbaycanlı gənclərin ümumiləşmiş tipi idi həm də. Onda hamı birləşmişdi Qarabağ istəyirdi, müstəqil Azərbatcan istəyirdi. Teatr binasında onları qarşılamaq üçün tədbirlər, məsləhətləşmələr gedirdi. Dəstə teatrın binasına lap yaxınlaşmışdı, Uğultu get-gedə artırdı. Artıq rəsmi nümayəndələr dəstənin qabağına çıxmışdı ki, onları teatrın tamaşa zalına dəvət etsinlər. Bu vaxt Axundov küçəsi tərəfdən iki-üç atlı çapa-çapa teatrın binasına tərəf gəldi. Və bunlar dəstə ilə eyni vaxtda binanın qabağında rastlaşdılar. Yəhərsiz-yüyənsiz atlara minmiş bu gənclər bir ağızdan «ardımca» deyərək atlarını dəhmərləyib Narimanov prospekti ilə çapa-çapa da getdilər. Dəstəni teatrın binasına aparmaq mümkün olmadı. Onlar elə həmin səs-küylə də atlıların dalınca getməyə başladılar. Dəstəni içəri dəvət etmək, necə olur-olsun zala doldurmaq istəyəndə isə hörmətli akademikimiz Bəkir Nəbiyevin dediyi sözlər ömrüm boyu yadımdan çıxmayacaq. – Akademikini burda qoyub at-eşşək dalınca gedən bir millət mənə lazım deyil, qoyun getsinlər! Bəli, həmin illərdə yüksək səviyyədə erməni seperatçıları ilə necə mübarizə aparmaq yollarını əhali bilmirdi. Dövlət adamları bilirdilərsə də, heç bir tədbir görə bilmirdilər. Dağlıq Qarabağ ətrafında hadisələr daha qorxulu şəkil alırdı. Ermənilər get-gedə azğınlaşırdılar. Onlar qalaq-qalaq kitablar yazır, qəzet və jurnallarda məzlum erməni xalqının Azərbaycanda məşəqqətlərə düçar olduğunu yer üzünə car çəkirdilər. Ölkədə hərc-mərclik hökm sürürdü. SSRİ adlı cahanşümul bir dövlət süquta uğrayırdı. Respublikamız üçün başlanacaq fəlakətli günlər, aylar yaxınlaşırdı. Belə bir vaxtda – 1989-cu ilin payızında yenicə “inqilabi hərəkata” qoşulmuş Natiq Qasımov Sovet ordusu sıralarına hərbi xidmətə çağrıldı”. Ondan sonra yazıçı Natiqin anası Dursun xanımın dediklərini qələmə alır: "O, əsgərliyə gedəndə yaman narahat oldum. Qorxurdum ki, əsgərlikdə sözə-zada baxmayacaq, döyəcəklər, çox nadinc uşaq idi. Boy-buxunu da nə idi ki, əl boyda bir şey idi. İlk məktubu gələnə qədər nələr çəkmişdim, o göydəki kişi bilir. Məktubu da gec gəldi. Sən demə, gedib Sibirə düşüb. Sibir “hara buradır?” – dünyanın o başı! Dustaq üstündə dururdu. Sonra yazdı ki, kino göstərirəm, məndən narahat olmayın. Komandirindən məktub gəldi. Yazırdı ki, xahiş edirəm, tez-tez Natiqə məktub yazın, hərbi xidmətdə olanlar üçün hər şeydən əfzəl məktubdur. Məktubun əsgərin əhval-ruhiyyəsinə çox yaxşı təsiri var. Komandiri də razılıq edirdi. Hamımız məktub yazırdıq. Atasıynan da Nofəl sonralar yanına getdilər. Onlar qayıdandan sonra lap sakitləşdim. Arxayın oldum ki, vəziyyəti lap yaxşıdır”. “Əsgərlikdən gələndən 5-10 gün sonra dedi ki, mən cəbhəyə gedirəm. Məhlədəki dostları ilə tez-tez vuruşmağa getmək barədə danışırdı. Nə qədər yalvar-yaxar etdik, anası da, bacıları da, qardaşı da, dedik, bir az dincəl, yenə gedərsən... Bir gün evə gəlmədi. Çox sonra eşitdim ki, Qarabağda “Ala Yaqub”un dəstəsindədir. "Arıq, çəlimsiz bir uşaq idi. – Dursun xanım davam edir. – Nofələ deyirdi, qardaşımsan, sənə dəymirəm, başıma götürüb səni yerə çaxaram. Güclü idi, diribaş idi. Baydarkaya gedirdi, voleybol oynayırdı, qramotası-zadı var. Yumruğunu divara vururdu, ürəyim ağzıma gəlirdi, deyirdim bu saat qolu-qılçası çilik-çilik olacaq". "Dərs-zad oxumurdu. – Səlim (atası) əlavə edir. – Kitablarını axşam bir də görürdün ayrı uşaq gətirirdi". Bu məqamda məktəbli Elinanın intiharına Aydın Canıyevin həsr etdiyi yazıdan beynimdə ilişib qalan o dəhşətli cümləni xatırlayıram. Təxmini belə idi: Elina, bu milləti, səni dərslərindən iki alan sinif yoldaşların qoruyur. “Səkkizinci sinfi qurtarıb peşə məktəbinə getdi. Adı orda idi, amma burda – klubda kino verirdi. Elə-belə, işə-zada düzəlməmişdi. Həvəskar idi. Sonra “Kosmos”da kino-mexanik işlədi”. Səlimin dediklərindən: "Xocalı faciəsindən bir neçə gün keçmişdi. Evə gec gəldi. Gecə saat 2 idi, hələ gəlməmişdi. Durub həyətə düşdüm. İşıq gələn yerlərə baxdım, kimi gördüm soruşdum. Gördüm deyən olmadı, Səhərə yaxın gəlmişdi. Soruşanda, hardasan? Ora-bura yozurdu. Ertəsi gün yenə gəlmədi. Gecəyarısı səbrim çatmadı, yenə getdim axtarmağa. Fikrimə gəldi ki, bəlkə hardasa qumar-zad oynayır. Özümü aldadırdım. Qumar oynayan deyildi. Bir az güman gələn yerlərə baxdım, yox idi. Yenə səhərə yaxın gəlmişdi. Heç nə demədim. Fikirləşdim ki, bir söz deyərəm, daha da qızışarıq, artıq-əskik danışarıq. Qoy görək nə olur? Natiq dörd aya yaxın Ağdamda o vaxtlar “Ala Yaqub” və ya “Qatır Məmməd” kimi məhşurlaşmış Yaqub Rzayevin “Qarabağ şahinləri” adlanan dəstəsində vuruşmuşdu. Söhbət zamanı Nofəl də (qardaşı) qeyd etmişdi ki, hələ döyüş günlərində Natiq bir dəfə Mingəçevirə gəlmişdi. Nə qədər söhbətə tutdumsa, bir şey öyrənə bilmədim. Dedi, mənə bir yer açın bir az yatım. Sonra söhbət edərik. Dedim dur, yuyun, – üstü-başı kirin-pasın içindəydi. Çim, yat! Çimməyə halı olmadı. Elə oturduğu yerdə yuxu aparmışdı. Bu minvalla iki sutka ac-susuz yatdı. Oyatmağa qıymadıq. Oyananda dedi, texnikaya gəlmişəm. Sonra gələrəm, Allah qoysa, çoxlu söhbət edərik. Getdi”. Dursun xanımın dediklərindən: "Ala Yaqubun oğlu Canpoladla möhkəm dost idilər. Canpoladın ölümü onu dəli kimi eləmişdi. Az qalırdı havalansın. Özünə yer tapa bilmirdi. Özüm də yaman qorxmuşdum. Bilirdim ki, durmayacaq, çıxıb gedəcək. Yalvardım, ağladım. Dedim, Natiq, gözüm hələ yoldan yığılmayıb. Atam müharibədən qayıtmayıb. Sənin üzünü doyunca görməmişəm. Mənə yazığın gəlsin. Elə bil bir az yumşaldı. Sənədlərini aparıb voyenkomata vermişdi. Nə fikirləşdisə birdən dedi: “Yaxşı, atama de, gedib sənədləri götürsün. Mən getsəm, deyəcəklər qorxdu. Sonra qayıtdı ki, ax, ay ma! Qoymursan da gedim qəhrəman olum. Mən o dığaların payını vermək istəyirəm!” Arxayınlaşdım, dedim, Allah, sənə şükür, daha getməz. Yerə düşdü, dedi bir az hərlənib gəlirəm. Bir azdan yerdən çağırdı ki, bir şey lazımsa, alım gətirim. Dedim pul tullayım, çörək al gətir. Dedi, pulum var, atam verib. Bax, beləcə məni sakitləşdirdi. İşə gedib-gəlirdi. Ürəyimdə sevinirdim. Arxayın olmasam da özümə ürək-dirək verirdim ki, daha getməz. Bir gün xörək hazırlamışdım. Gözüm qapıda-bacada idi. Mənə bir darıxma gəldi ki, gəl görəsən. Gəlib çıxmırdı. Hərdənbir iş çox olanda evə gec gəlirdi. Dedim yəqin yenə işləri çox olub. Gözlədik, gözlədik gəlib çıxmadı. Evdə silahları var idi, qumbara, özü beşbarmaq düzəltmişdi, patron-zad var idi. Getdim silahları qoyduğu yerə baxdım. Silahlar yerində yox idi, Ürəyim düşdü. Bildim ki, gedib. özümü arxayınlaşdırmaq üçün otaqları ələk-vələk elədim, silahları tapmadım. Getmişdi”. Qardaşının söylədikləri ... İndi tatar qadının evindən çıxmışam. İstəyirəm heç kim məni görməsin. Az qalır ürəyim ağzımdan çıxsın. Hava qaralıb, oxumaq mümkün deyil. Evə necə gəldiyimi də bilmirəm. Atamgilin binasına yaxınlaşanda gördüm podyezdin birində işıq yanır. Tez özümü verdim ora. Jurnalı vərəqləyirəm, şəkilləri görürəm, amma araq məclisi görünmür axı. Bir də geriyə vərəqlədim. Jurnalın əvvəlində iki saqqallının arasında bayraq tutmuş oğlanı görəndə elə bil məni tok vurdu. Başım hərləndi. Divara söykənib bir təhər özümü ələ alıb bir də baxdım. Yox, daha tanımamaq mümkün deyildi. Əynindəki atamın «sportivni» kostyumu idi, ayağında rezin çəkmələr var idi, bildim ki, odur. Məqaləni tez oxudum. Az qalırdım dəli kimi qışqıram. Sevindiyimdən bilmirdim neyləyim. Hələ nəyə sevindiyimi də düz-əməlli dərk etməmişəm, Əsas ona sevinirəm ki, Ala Yaqubun dediyi kimi ermənilərlə araq vurmur. Sanki uça-uça evə gəldim. Gördüm atam mən gedəndə kresloda necə oturub başını divara döyürdüsə, eləcə də indi döyür. Sakitləşmək bilmir. Mən gördüm onun halı özündə deyil. «Oqonyok»u jurnal stolunun üstünə qoydum, dedim buyur, bu da sənin qəhrəman oğlun. O, jurnalı əli ilə əzişdirib azacıq duruxdu. Acıqlı-acıqlı, elə bil acığından ağlayırdı - üzümə çırpdı: «Köpəkoğlu, məni dolamısan, mənim oğlumdu, sənin də qardaşın! Hamınız bir... O, elə bilib doğrudan Ala Yaqub deyən kimi Natiq saqqallılarla araq vurur. Mən ona indi belə şərəfsiz oğul böyütdüyü üçün irad tuturam. Onun bu hərəkəti mənə o qədər pis təsir etdi ki, özümü ağlamaqdan saxlaya bilmədim. Dedim: bir jurnala bax, sonra nə deyirsən de, dəə! Bir müddət çaşıb qaldı, jurnala baxmadı. Risk eləmirdi. Mən həmin anda onun nə hisslər keçirdiyini deyə bilmərəm. Ata qəlbidir, ürəyindən yüz fikir keçirirdi bəlkə. Jurnala baxmadı. Hannan-hana dedi ki, məqaləni oxu. Oxuyub tərcümə elədim, inanmadı. Dedi, sən səhv tərcümə edirsən. Xoşbəxtlikdən bu vaxt Oruc müəllim gəldi. Mən jurnalın şəkil olan hissəsinı qatlayıb verdim Oruc müəllimə, dedim oxu, tərcümə elə. O, məqaləni diqqətlə oxudu, tərcümə etdi. Təkrar-təkrar oxudu. Dedi, görəsən bu qəhrəman kimdir? Mən şəkli göstərib dedim ki, bu Natiqdirmi? O, Natiqin şəklini görüb ağlamsındı. Atamın vəziyyətini özün təsəvvür elə”. “Jurnalın üz qabığına baxıram: aprel № 14-15, 1992. dördüncü səhifədə çap olunmuş şəkil, «ənənəvi» erməni burunlu, saqqallı, «boyevik» ortada əlində müqəddəs üçrəngli Azərbaycan bayrağı tutmuş, əynində idman kostyumu, ayağında rezin çəkmə olan balacaboy oğlan, solda başında Sovet Ordusuna məxsus «şapka-uşanka», əynində gödəkçə olan daha bir saqqallı erməni. Şəklin altında müəlliflər - «Oqonyok»un xüsusi müxbirləri Konstantin Smirnov, Enriko Sarzini (foto) və məqalə «Strax» - «Qorxu». Dərhal demək istəyirəm: K.Smirnov və E.Sarzini Qasımovlar ailəsini fəlakətdən (söhbət bütöv nəsildən gedir), müəyyən mənada intizardan, həqiqi mənada rusvayçılıqdan qurtardılar – bunu istəsələr də istəməsələr də. Hər şeydən əvvəl Natiq Qasımov saqqallılarla araq vurmur. O, əlində müqəddəs üçrəngli bayraq tutub. Demək o, əsir düşməmişdir. Əsirlər düşmən qabağına ağ bayraqla çıxırlar. Ramiz İsmayıl qeyd edir ki, “K.Smirnovun məqaləsı üzərində əbəs yerə bu qədər dayanmadım. Əsl həqiqəti duya-duya, kimin haqlı, kimin haqsız olduğunu bilə-bilə K.Smirnov ermənilərə rəğbətini gizlədə bilmir. Fikir verdinizmi, Xocalıdakı dəhşətli facıəni nəhayət «hiss edən» müəllif axırda bu faciəyə haqq qazandırır: bu, Sumqayıt hadisəsinə cavab imiş.” Xeyr, mən “Oqonyok”un müxbirinə heç nə ilə irad tutmuram. Əksinə, mən ona minnətdaram, ona görə ki, onlar bu igidi görüblər və onun şəklini çəkiblər. Onlar öz peşə borclarını yerinə yetiriblər. Bizim borcumuz isə bu oğlanın kimliyini öyrənmək, erməni əsarətindən qurtarmaq, igidliyinin əvəzini verməkdir!”. Sağ ol, I.Şükürov! Mən Sizin məqalənizi 2003-cü ilin payızında oxuyuram. Tərcümədə ola bilsin ki, fikirlərinizi dolğunluğu ilə çevirə bilmədim, üzürlü hesab edin. Amma bildirmək istəyirəm ki, həmin dövrdə, məqaləniz dərc olunan ərəfədə, yəni 9 may 1992-ci ildə əsir düşmüş bu oğlanı axtarırdılar. Onu həmin günlərdə atası Səlim kişi, anası Dursun xala, qardaş-bacıları gecə-gündüz axtarırdılar. Döyülməli olan bütün qapıları döyürdülər, getməli yerlərin hamısına gedirdiiər, onlara kömək eləməli olan adamların hamısına müraciət edirdilər. Həmın adamlar bilirsiniz nə deyirdilər, Bilmirsiniz? Oxuyun!” “Çox istərdik ki, eloğlumuz sağ-salamat olsun. 21 yaşlı gəncin yaşamağa haqqı var. Ola bilsin ermənilərin vicdanı oyanar, rəqibin mərdliyini, kişiliyini qiymətləndirərlər? Hələ ki, Qasımovlar ailəsinə qonşular, dostlar, qohumlar təskinlik verirlər. Lakin əsas məsələ odur ki, Natiq evə qayıtsın. İnanmaq istərdik ki, əlaqədar təşkilatlar və ayrı-ayrı şəxslər bundan ötrü mümkün olan hər şeyi edəcəklər. Natiq isə əsl qəhrəmandır. Adətən ağ bayraqla əsir düşərlər. Natiq isə düşmən qarşısına üçrəngli bayrağımızla çıxıb. Şərhə ehtiyac yoxdur». “ - Niyə qaçmamısan, gecə ki ermənilər gəlmirdilər?!” “- Komandirimə söz vermişdim!” Demək, Natiq qaça bilərmiş! Daha doğrusu, geriyə. "Ala Yaqub"un qərargahına – öz döyüş yoldaşlarının yanına qayıda bilərmiş. Qaçmayıb! Çünki komandirinə söz veribmiş. “Kömək gözləyirdim, təəssüf ki, gəlmədilər”. Kömək gözləyirmiş! Kimdən? Əlbəttə, onu döyüşə göndərən komandirindən. Bəs görəsən “Ala Yaqub” niyə kömək göndərməyib? Bu sualın cavabını heç kim, heç vaxt verə bilməyəcək! Bu sualı heç kim “Ala Yaquba” verə bilməyəcək! Natiq “Ala Yaqub”a inanmışdı. Onun dəstəsində vuruşmağı özünə şərəf bilmişdi. Dörd aya yaxın vuruşmuşdu. Sonra Xocalı qırğını oldu. Xocalı qırğınından bir neçə gün sonra Canpolad meyidləri döyüş meydanından çıxardarkən həlak oldu. Onun dəfnində Natiq iştirak etməmişdi, çünki bilməmişdi. Bilən kimi Nofələ zəng vurmuşdu: “Elə bilirsən, Canpoladın qanı yerdə qalacaq? Yox, qalmayacaq!” ...Və o, Canpoladın intiqamını almaq üçün yenidən cəbhəyə qayıtdı, özü də dostunun atasının komandiri olduğu məşhur “Qarabağ şahinləri” dəstəsinə! Qayıtmaya da bilərdi. Artıq o, işləyirdi, Onu cəbhəyə getməyə məcbur edən də yox idi. Başını aşağı sallayıb çoxları kimi bir tikə çörəyini qazana bilərdi. Hələ mən indi xarici ölkə adlandırdığımız Rusiyaya getməyini demirəm, imkanı var idi, “başını götürüb” aradan çıxa bilərdi. Getmədi, qaçmadı heç hara! Yenidən qayıtdı Qarabağ uğrunda vuruşmağa. “Ala Yaqub” onu altı nəfərlə, xüsusi tapşırıqla “Qriqorian” kilsəsinə göndərdi. Kilsənin başında dalğalanan üç rəngli bayrağı “Ala Yaqub” görməmişdi, görəsən? Bəlkə, məsafə uzaqdır, bayrağı görmək mümkün deyil. Bəs döyüşçülərinin taleyi ilə maraqlanmamışdı? Kömək göndərəcəyinə söz vermişdi axı! “Kömək gözləyirdim, təəssüf ki, gəlmədilər.” “Qriqorian” kilsəsini zəbt etmək lazım deyildisə (yaxud vacib post deyildisə), bəs “Ala Yaqub” yeddi nəfər döyüşçünü ora niyə göndərmişdi? Göndərmişdisə, bəs sonrası ilə niyə maraqlanmamışdı? “- Bir də ki, bayrağı qoyub hara gedəydim...” Bu da Natiqin sualı. Cavab verə bilərikmi ona? “Torpaq uğrunda vuruşanları unutmayan oğlanlar öz torpaqlarını azad edəcəklər. “Qarabağın düzü var... Qarabağın düzündə indi düşmən izi var... Bu izi Qarabağın düzündən silən oğlanlar tapılacaq...” Bu izi “Qarabağ”, “Şuşa”, “Həkəri”, “Laçın” və s. restoranı, şadlıq sarayı tikib-işlədən oğlanlar yox, Murovda, Gədəbəy dağlarında böyrəyinə, ciyərinə buz çökən oğlanlar, Mil düzündə, Haramı çöllərində susuzluqdan tər tökən oğlanlar siləcəklər”. Bir qəhrəman oğlu Ramiz İsmayıl təbliğ etdi, bir vətənpərvər yazıçını da mən. Borclu borclunun sağlını istər bu imiş, yəqin. Hamımız Natiqə borcluyuq. Sağlığını istəyirik. Gələcəyinə ümid edirik. “Natiq Qasımov «ayazlı, şaxtalı» qış günündə dünyaya göz açmışdı. Elə, ayazlı, şaxtalı qış günlərinin birində azğın ermənilər Xocalı faciəsini törətdilər, dinc əhalini qarlı, sazaqlı çöllərə saldılar. Natiq haqqında bu kiçik hekayəmi də mən qış günlərində yazıb qurtarmışdım. Lakin maddi vəsaitin olmaması kitabın çapını gecikdirirdi. Nəhayət, yaxşı insanların köməyi ilə lazımi miqdarda olmasa da, kitabın çapı üçün vəsait toplandı. Kömək əli uzadanlardan biri də İlqar İsgəndərov idi. İlqarın qəsəbədəki mənzilində Sevil xanımın bizi moruq mürəbbəsinə qonaq elədiyi çay süfrəsi ətrafında Səlimgilin Gəncəyə köçməsi, Natiqin «xatirə bulağı»nın baxımsız qalması barədə narahatlığımı bildirdim. – Qətiyyən elə deyil! – deyə İlqar etiraz etdi. – Qonşular «Xatirə bulağı»na Səlimgildən də yaxşı qulluq edirlər. Çox görmüşəm, qonşulardan bir gəlin həmişə «Xatirə bulağı»nın ətrafını təmizləyir, gül-çiçəyə su verir, Hətta "Xatirə bulağı"nın ustünə qoyulmuş elektrik lampaları xarab olanda qonşular onu tez dəyişirlər. Qonşular çox sağ olsunlar, bulağa çox yaxşı qulluq edirlər. İlqar bir az fikirləşəndən sonra: -İstəyirsən, mən onların adlarını öyrənim, sənə zəng vuraram! - dedi. – Zəng vurmaq nə üçün? Bu saat gedib həm "Xatirə bulağı"nı ziyarət edərik, həm də həmin xeyirxah insanlarla görüşərik. Beləliklə, biz Natiqin "Xatirə bulağı" inşa olunmuş yerə gəldik. Artıq səkkiz aydan çoxdur ki, Səlim və Dursun bu müqəddəs yerdən uzaqda yaşayırlar. ..."Xatirə bulağı"nın ətrafı səliqəli idi. Ağaclar suvarılmışdı. İlqar "xidmətçiləri" axtarmağa getdi. Bu vaxt yanında balaca bir uşaq olan gəlin iki qabla "Xatirə bulağı"na yaxınlaşdı. Hər iki kranı açıb su doldurmağa başladı. Yəqın ki, bu gənc ana vaxt gələcək yanındakı uşağa Natiqin qəhrəmanlığından danışacaq. Təəssüf ki, həmin uşaq və qəsəbədə böyüyən yüzlərlə gənc və yeniyetmə Natiqin valideynlərinin kim olduğunu bilməyəcəklər. ...İlqar orta yaşlı bir kişi ilə qayıtdı. Tanış olduq. Rasim Qəribov Az.DRES-də ışləyir. Həyat yoldaşı Yeganə xanımla "Xatirə bulağı"nın "nazını çəkirlər". Natiq və "Xatirə bulağı" unudulmayıb”. Natiq kimi oğullarımız yenə var, yenə də doğulacaqlar. Tovuzda şəhid olanlar Natiqin, mənim, sənin qardaşlarımızdır. Onlar əsl azərbaycanlıdırlar. Bunu povestdə sadə zəhmətkeş Rasim Qəribov da deyir: “ – Natiq təkcə Səlimin övladı deyil ki. O, bu məhlədə böyüyüb, hamımızın gözümüzün qabağında! Natiq hamımızın övladı idi, Natiq bir evin övladı idi, indi o, böyük bir elin, azəri xalqının oğludur”. “...Azəri xalqının daha bir övladı – Natiqin sevdiyi və Natiqi sevən qeyrətli, vəfalı bir el gözəli hələ də ailə qurmayıb. O, Natiqin yolunu gözləyir...” Çılpaq cümlələrlə desəm: Ramiz müəllimin içində bir ümid var: “Qəhrəmanlar heç vaxt ölmürlər. Aylar, illər keçəcək, təzə nəsillər torpaqlarımızı yağı düşməndən təmizləyəcəklər. Xramord kilsəsinə, Xankəndinə üçrəngli bayrağımız sancılacaq. Kim bilir, bəlkə, elə bu bayrağı ora sancanlardan biri Natiqin qardaşı oğlu – adını öz adına yaraşdırıb qoyduğu Namiq Qasımov olacaq! Əmisinin qələbə arzusunu, ola bilsin, hazırda hərbi xidmətdə olan Namiq və onun bibisi oğlanları – Mürsəl və Elşən yerinə yetirdi. O gün isə uzaqda deyil!” Bu, onun gələcək nəslə olan ümididir. O ümid doğrulacaq. Buna inanırıq. Povest qəhrəmanımıza ünvanlanmış “...Gözü yolda qalan var, Natiq!” cümləsi ilə bitir. Bəli, təkcə ailəsinin, sevgilisinin yox, Azərbaycanın gözü yoldadır. Qarabağın da gözləri yollardan yığılmır! Qarabağ da bizi gözləyir. Natiqlə birgə gözləyir bizi. Hamımız Natiqik! Natiq olmalıyıq! Yurdunun örpəyini qoruyan Natiq!
© 2020 - Created by İLK XEBER.