Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayır. “Report” xəbər verir ki, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Artıq Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvana gəlib. Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib. Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş helikopterləri Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir. Həmçinin Türkiyəli hərbçilər Bakıda da təntənə ilə qarşılanıb.
© 2020 - Created by İLK XEBER.