Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təçkilatları "Human Rights Watch" təşkilatının icraçı direktoru Kennet Rota, "Freedom House" təşkilatının prezidenti Maykl Abramovitsə və "Amnesty International" təşkilatının baş katibi Kumi Naiduya müraciət ünvanlayıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsindən İlkxeber.org-a verilən məlumata görə, müraciət müəllifləri son günlər bir neçə ölkədə azərbaycanlıların dinc etiraz nümayişlərini erməni millətçiləri və diaspor üzvlərinin hədəfə alınmasından və onlara qarşı fiziki zor tətbiq olunmasından narahatlıqlarının ifadə ediblər.
Müraciətdə xatırladılıb ki, bu il 12-17 iyul tarixlərində Ermənistan işğal olunmuş Dağlıq Qarabağ cəbhə xəttindən tamam uzaq, bir çox beynəlxalq iqtisadi və enerji layihələrin keçdiyi Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq Azərbaycan postlarına hücum edib və yüksək rütbəli zabit və əsgərlərimizi, o cümlədən dinc sakinimizi qətlə yetirib. Ermənistanın koronavirus pandemiyası dövründə ölkəmizə qarşı etdiyi hərbi təcavüz xaricdə yaşayan soydaşlarımızın haqlı etirazlarına səbəb oldu və bundan irəli gələrək onlar vətəndaşı olduqları ölkələrdə bu təcavüzə qarşı öz etirazlarını bildirirlər.
“Təəssüf ki, yaşadıqları ölkələrin qanunlarına uyğun olaraq dinc nümayişlər keçirən azərbaycanlıların sivil dünyaya haqq səslərini çatdırmaq təşəbbüsünü Ermənistan rəhbərliyi ilə sıx təmasda olan erməni diaspora nümayəndələri mənəvi və fiziki terrorla qarşılayıb. İyulun 21-dən başlayaraq ABŞ-nın Los-Anceles şəhərində, Belçikanın paytaxtı Brüsseldə, Parisdə, Moldovada, Ukraynada, Rusiyada və digər ölkələrdə dinc aksiya keçirən soydaşlarımıza ermənilər hücumlar təşkil edir, azərbaycanlılar həmin şəhərlərdə erməni millətçiləri tərəfindən izlənilir və onlara ciddi xəsarət yetirilir”.
Müraciət müəllifləri bildiriblər ku, bütün bu hücumlar sosial şəbəkələrdə azərbaycanlılara qarşı terrora başlamaq çağırışı və bununla da vəziyyəti gərginləşdirmək, dünya ictimaiyyətinin diqqətini Ermənistanın Tovuza hücumundan yayındırmaq məqsədi daşıyır: “Erməni milliyətindən olan şəxslər yaşadıqları ölkələrin qanunlarını kobud şəkildə pozaraq təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və diplomatik nümayəndəliklərinə basqın etmiş və səfirliklərin binalarına və əməkdaşlarına ciddi xəsarət yetiriblər. Bir çox aksiyalarda ASALA terror təşkilatının emblemi və hərbi geyim forması geyinmiş erməni gənclərinin fotoları qeydə alınıb.
Dünyanın gözü qarşısında baş verən, foto və videolarla sübut olunan bu vəhşiliyə, vandalizmə və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına beynəlxalq təşkilatlar, xüsusilə sizing kimi insan haqlarının müdafiəsi istiqamətində ixtisaslaşmış beynəlxalq QHT-lər laqeyd qalmaqda davam edir.
Sizin bu səssizliyiniz və laqeydliyiniz Azərbaycan QHT sektoru arasında təkcə heyrətlə qarşılanmır, həmçinin ciddi narazılıq və suallar doğurur. Necə ola bilər ki, sizin rəhbərlik etdiyiniz qurumlar ölkədə baş verən ən xırda qanun pozuntusuna dərhal reaksiya verir və bununla bağlı beynəlxalq həmrəylik nümayiş etdirirsiniz, ancaq gözünüzün qabağında və ofisinizin qarşısında ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu qədər açıq zorakılıq və cinayət hadisələrinə göz yumursunuz?
Azərbaycanlıların yerli qanunvericliyə uyğun olaraq razılaşdırılmış nümayişlər və etiraz aksiyalarına edilən hücumlar nəticəsində xəsarət alan vətəndaşların pozulmuş hüquları sizləri heçmi maraqlandırmır? Sizin susqunluğunuz erməni millətçiləri tərəfindən açıq şəkildə yol verilən nifrət cinayətinin coğrafiyasının genişlənməsinə və nəticələrinin daha ağır olmasına gətirib çıxardır”.
Bütün bunları nəzərə alaraq, Azərbaycanın QHT sektoru beynəlxalq təşkilatları yuxarıda adları qeyd olunan ölkələrdə dinc azərbaycanlılara qarşı erməni millətçilərinin törətdiyi fiziki terroru, zorakılığını, nifrət cinayətlərini pisləməyə çağırır.
Qeyd edək ki, müraciət Azərbaycanda fəaliyyət göstərən 891 QHT tərəfindən qəbul olunub.