Dilavər Əzimli,
tarixçi alim
Ayasofyanın muzeydən məscidə çevrilməsini mən də müdafiə etdim. Bunu siyasi bir məsələ olduğu üçün müdafiə etdim. Amma deyəsən, qardaş Türkiyədə olan radikal ruhanilər lap ağ edibdir. Bundan ruhlanaraq artıq Türk dünyasının böyük lideri və Türkiyənin xilaskarı Böyük Atatürkün üzərinə gedirlər. İndi də 5816 saylı Qanunun ləğv olunmasını tələb edirlər. 5816 saylı Qanunun tam adı “Atatürk əleyhinə baş verən cinayətlər haqqında” Qanundur. Bu radikal dindarlar arasında yüz yerə işləyənlər vardır. Onların içində Atatürkə nifrət edənlər daha çoxdur. Maraqlıdır ki, Türkiyə Diyanet İşleri Başkanı Ali Erbas da onların mövqeyini müdafiə edir. O, Cümə namazı xütbəsində xütbədən kənara çıxaraq həddini aşdı və Atatürkün adını vermədən ona “lənət” oxutdurdu. Bu da qardaş Türkiyədə geniş etiraz yaratdı. Buna etiraz edənlərdən biri də bizim də sevdiyimiz tarixçi İlbər Ortaylıdır. Bundan qəzəblənən İlbər Ortaylı bunları yazdı: “Kimsenin şübhesi olmasın; hukukunu müdafaa edemeyecek tarihi büyüklerimizin savunmasını tarihçiler ve tarih bilenler yapacaktır”.
Biz də tarixçi olaraq qardaş Türkiyənin yolunu azan dindarlarına bəyan edirik ki, Atatürk bütün Türk dünyasının simvoludur. Ona dil uzadanların dillərini çıxarmağa qoymayacağıq!!! Bir də Ayasofyanın məscidə çevrilməsi o demək deyildir ki, həddinizi aşasınız. Qardaş Türkiyə birbaşa Böyük Atatürkün şah əsəridir. Əgər o və ətrafındakı müridləri olmasaydı, indi Türkiyədən əsər-əlamət də yox idi. Heç olmasa bunu yada salıb, ona hörmət edin!!! Siz bu gün qardaş Türkiyəni indiki İranın iyirmi il bundan qabaqkı zamanına yuvarlatmaq istəyirsiniz... Bu heç vaxt mümkün olmaycaqdır!!! Çünki Böyük Atatürk tərəfindən qardaş Türkiyədə demokratiyanın özülü elə qoyulub ki, onu yox etmək asan məsələ deyildir. Cənab, ruhanilər, bir İrana, Səudiyyəyə boylanın!!! Elə bir dövlətmi istəyirsiniz? Osmanlı imperiyası da, Səfəvi imperiyası da artıq tarixdə qaldı. Bu gün imperiya şüuru ilə yaşamaq ancaq gerilikdir. Türk həmişə ədalət, haqq uğrunda döyüşübdür. Bu gün qardaş Türkiyənin nüfuzunu da artıran budur!!! Məzhəb məsələsi ortaya çıxsa, bu nüfuzu yoxa çıxacaqdır!!! Din, məzhəb insanların evində, məsciddə, camedə olmalıdır!!! Dini siyasətə yaxın buraxmaq olmaz!!! Yalnız bir dəfə dinlə dünyəvilik bir yerdə çox gözəl şəkildə fəaliyyət göstəribdir. Bu da Həzrəti Məhəmməd (s.ə.v.) zamanında... Ondan sonra fəaliyyət göstərən dini münasibətlər əslində, Müaviyənin yaratdığı sistemlər əsasında fəaliyyət göstəribdir. Bu gün Azərbaycanda da məzhəbçilər çoxdur. Bir qismi İrana, bir qsimi Türkiyəyə, bir qismi də Səudiyyəyə boylanır. Onlar bu məsələdə daha çox şiə-sünni-vəhhabi-sələfi amilindən istifadə edir, millətin beynini dəyişdirmək istəyirlər. Səfəvilərə toxunanda bilə-bilə türklüyü kənara qoyub, məzhəbçilikdən çıxış edirlər. Bununla da Azərbaycan-Türkiyə birliyinə mane olmaq istəyirlər. Belələri qardaş Türkiyədə daha çoxdur. Onlar millətçilərin də arasına girib bu fəaliyyəti davam etdirirlər. Bu da ümumtürk birliyinə ciddi zərbədir. Təbii ki, bunların arxasında ümumtürk birliyini sevməyən qüvvələr dayanır və onlar üçün milyonlar xərcləyirlər. Biz bir türk aydınları olaraq bu məsələdə daima onların planlarını puç edəcəyik!!! Türk dünyasını yalnız Türklük birləşdirir!!! Bu mənada qardaş Türkiyə ruhanilərinə məsləhət görərdik ki, Böyük Atatürkə qarşı bu fəaliyyətdən vaz keçsinlər. Elə etməsinlər ki, Azərbaycanda Böyük Atatürkün müdafiəsi ilə bağlı aydınlardan ibarət bir müdafiə fondu yaradaq!!! Onu da qulaqlarına sırğa etsinlər ki, qardaş Türkiyədə heç bir zaman İran, yaxud Səudiyyə tipli dövlət qurmaq mümkün deyildir!!! Bu mənada sonda özləri biabırçı vəziyyətdə qala bilərlər!!!