( 1990-cı ildə olmuş hadisələr qələmə alınmışdır. Xankəndindən müxtəlif təziqlərə məruz qalıb didərgin salınanları qeydə alarkən rastlaşdığım faktlardır. Bəlkə də iştirakçılar oxuyanda özlərini tanıyacaqlar..) O gün meşə üşüyürdü. Tir-tir əsirdi. Hələ qış gəlməmişdi, qar yağmamışdı, soyuqlar suları dondurmamışdı. Ancaq meşə üşüyürdü... Meşə dəhşətdən üşüyürdü. Ağacların budağında daldalanıb orda-burda qalmış tək-tək yarpaqlar çürümüş saplaqlarına söykınib diklənmişdilər. Elə bil təbiətin başının tükü biz-biz olmuşdu. Hər yan sükut içində idi. Hər şey susmuşdu. Sanki dağlar nəfəsini udmuş, çaylar nəfəsini içində boğmuşdu.Meşənin nəfəsi çiyinlərində düyünlənmişdi. Sükutun özündə qorxulu bir dəhşət gizlənmişdi. Bu dəhşətin içindən nazik su zolağı kimi bir sızıltı keçirdi. Sızıltı sükuta qarışmışdı, amma sükut onu üstələmişdi. Güclə duyulan bu səs bir-birinə sığınmış üç lüt-üryan insanın iniltisi idi. Gənc ər-arvad körpə qızlarını sinələrinə sıxıb bir-birini qucaqlamışdılar.Üçü də çilpaq idi, üçü də yaralı idi. Gəlinin döşlərinin üstündəki xaç şəkilli bıçaq izindın qan sızırdı,kişinin kürəyindən axan qanı heç biri görmürdü. Körpə qızcığazın totuq qollarından üzüaşağı axan qanı ana əlləri ilə dayandırmağa çalışırdı. Üçü də üşüyürdü, üşüdükcə kəsilmiş xırda damarlardan axan maye bədənlərini boyayırdı. Meşə çılpaqlıq görmüşdü, üryanlığın nə olduğunu bilirdi. Bəxtəvər günlərində adamlar qurşaqdan yuxarı soyunub meşədən odun yiğardılar,taxta-tir üçün ağac kəsər, tikintilərə göndərərdilər. Meşə o yarıçılpaqları qəlbində “üryan” adlandırırdı. İndi gördüyü çilpaqlar onlardan deyildi. Bunların üst-başında axan qanın üstünə basmağa bir sap belə yox idi. Dünyadan dövlətləri bir canları, bir hələ yaşı tamam olmamış qızları idi. Bu meşə müsafirləri iki gün idi gündüzlər ağacların, kolların sıxlığında gizlənir, gecələr vahimə ilə birlikdə soyuğu da canlarına çəkə-çəkə yol gedirdilər. Meşənin nəmi, payızın sazağı iliklərinə işləyirdi. Hərdən vəhşi heyvana da rast olurdular. Bax, yalquzaq dişlərini şaqqıldadıb hücuma hazırlaşdı. Birdən dayandı və... Üzüaşağı meşənin dərinliklərinə doğru götürüldü. Nədən dəhşətə gəldi görəsən?! Bu üryanlıqmı qorxuzdu onu?! Dərənin içi ilə axan bulağın şəffaf suyu özündə onların əksini görməmək üçün çilik-çilik oldu.Silvilərin yamacları dəhşətdən ovxalanıb üzüaşağı dərələrə töküldü.Çoxdan meşə quşlarından ağzı çıxmış tülkü qan iyi alıb sevinmişdi. Amma ona tərəf gələn qan qoxulu çılpaqları görəndə vahimələndi, gözlərinin hərəsi bir alma boyda oldu, nəfəsi içində tıxanıb sinəsindən çölə çıxmadı, ayaqları keyləşdi. Daha burnuna qan qoxusu gəlmədi; dünyadan dəhşət qoxusu duyulurdu... Bu torpaq, bu bulaqlar, bu meşələr, bu dağlar,dərələr şəhərdən gələn kürəyi, sinəsi, dizləri açıq adamlar görmüşdü, onlara çılpaq demişdi... Onlar heç biri təəccüb doğurmamışdı. Deyəsən ikisinin də daxili dünyası çox uzaqda yox,elə iki gün bundan əvvəldə paramparça olan rahat, gözəl həyatın istisinə qizinmaqda idi. Hər şey birdən-birə oldu sanki... Onlar dədə-baba yurdları olan Xankəndində (onda Stepanakert idi şəhərin adı) yaşayırdılar. Fərhad Pedoqoji institutun filiaiında, İnci isə orta məktəbdə dərs keçirdi. Hələ atası sağ ikən yurdda ürəyi istəyən ikimərtəbəli ev də tikdirmişdi Fərhad. Üç il idi evləndikləri. Qızları bu il anadan olmuşdu. Fərhadın anası balaca nəvəni göz bəbəyi kimi qoruyurdu. Doğrudur, Fərhad cəmiyyətdə üstüörtülü qazan qaynadığından şübhələnirdi, amma “bu sovet ölkəsidir, müəlliumlə kimin nə işi var?” deyə fikirləşirdi. Hətta şübhələri üçün bəzən özünü qınayırdı. Bir gün evə gələndə... Hər şey buradan başladı... Anasını qonaq otağında stolun yanında qanına qəltan gördü. Körpə qız qonşu otağın qapısının arxasında ağlamaqdan qıpqırmızı olmuşdu. Polis gəldi, ölçdü, yazdı getdi. Dəfndən bir neçə gün sonra Fərhad anasının qatili ilə maraqlananda ona əhəmiyyət verən olmadı. Artıq dalbadal hadisələr baş verirdi. Hər gecə biri öldürülür, birinin itən uşağının sümükləri siçovullar yaşayan zirzəmidən tapılır, biri yoxa çıxırdı... Qarışıq hadisələr məcradan çıxırdı, yavaş-yavaş şəhərdə azərbaycalılar azalırdılar. Fərhad İnci ilə məsləhətləşdi: – İnci, qapımız ikinci dəfə döyülməmiş gedək. Bu vəziyyət artıq çox ağır siyasi gərginliyə çevrilib, hər gün daha dəhşətli münaqişə meydana çıxır. Qızımızı qorumalıyıq. – Düz deyirsən.Amma hökumət köçməyə icazə vermir. – Mən Şuşa—Hadrut yolunu tanıyıram, kəsə yoldur,maşınla o yolla getmək çətin də olsa, yenə aradan çıxa bilərik. Ya Füzuli, Ya Cəbrayıl rayonuna gedək, Vəziyyəti anladaq. Xəlvətcə yığış, gecə çıxaq. Əl-ayaq yığışandan sonra onlar yola çıxdılar. Şuşa-Hadrut yolu deyilən meşə yoluna girəndə Fərhad dərindən nəfəs aldı. Meşənin dərinliyinə doğru irəliləyən maşının qarşısında beş-altı nəfər peyda oldu. Fərhad əvvəlcə elə bildi ki, onlar da evini, işini qoyub gedənlərdəndir. Maşından düşəndə... “ermənilər..” deyə pıçıldadı. Ermənilər maşını yoldan çıxartdılar. Doqquz nəfər idilər. Fərhadı yumruq-təpiklə heysiz hala saldılar. Maşını boşaldıb hazır yeməkləri bir tərəfə, əyin-baş paitarlarını bir tərəfə yığdılar. İnci uşaq qucağında büzüşmüşdü. İçində Allaha yalvarırdı ki, onu da öldürsünlər, amma namussuzluq olmasın. Ürəyində qızını bükmələyib uzağa atmağı ölçüb-biçirdi. Biri maşınla harasa getdi. Fərhad da, İnci də ermənicə bilirdilər. Yəqin ermənilər də bunu anlamamış deyildilər, çünki danışanda səslərini alçaldirdılar. Ocaq qaladılar. İnci ocağa dəhşətlə baxırdı. Nədənsə ürəyinə damdı ki, uşağı yandıracaqlar. Maşınla gedən gəldi. Coxlu araq və ət gətirmişdilər. Gətirdikləri şişlərdə kabab çəkdilər. Kabab bişənə qədər paltarların ustunə benzin töküb yandırdılar. Fərhadı soyundurdular, əl-ayağını bağladılar. İncinin qucağına sıxdığı uşaq yatmışdı. Elə bil Tanrı özü ona sakitlik vermişdi. İnci uşağı adyala büküb yavaş-yavaş kollara sarı itələdi. Sonra qadına yaxınlaşıb zorla soyundurdular, onun da paltarını Fərhadın yanan paltarının üstünə atdılar. Qızdırdıqları dəmir parcasını Fərhadın sinəsinə dayadılar, o,əcaib bir səslə inildədi. Biri dedi: – Ara, yandırma, türk qanı gözümün qabağında axanda iştaham artacaq. Bıcağı götürüb əvvəl Fərhadın, sonra İncinin bədənində xaçşəkilli şırımlar açdl. İnci qışqırmır, səsini içində boğurdu ki, uşaq oyanmasın, ancaq inildəyirdi.Birdən uşağın səsi eşidildi. Əl-ayağı bağlı İnci nə edəcəyini bilmədi. Ermənilər əvvəlcə vahiməyə düşsələr də qaranlıqda uşağı tapa bildilər. Soyundurduqları körpənin böyümüş, alacalanmış gözlərinə, harayına əhəmiyyət vermədən anasının qucağına atdilar. – Al, hələ saxla! Ananı dəhşət bürüdü, balasını bağlı qollarının arasında sıxdi. Qəssaba oxşayan əlindəki bıçaqla uşağın toppuş qollarına şırım çəkdi. Ananın səsı ilə balanın qışqırtısı meşənin dərinliklərində əks səda verdi. Maşını xeyli kənara çəkib yandırdılar. Partlayan maşının tikələri yağ yanığının qoxusu kimi ətrafa yayıldı. Yeyib-içməyə başladilar. İçib sərxoş olduqca axan türk qanı ilə məzələnir, zövq alırdılar. Deyəsən çox içmişdilər, hava soyuq olsa da bir-birinə söykənir, yuxulayırdılar, ara-bir biri gücsüz əlini uzadıb süfrədən nə isə götürüb ağzına soxurdu. Fərhad birdən elə bil özünə gəldi; sönməyə meylli ocağa tərəf süründü, əlinin kəndirini oda söykədi, kəndir yanıb aralandı. Tez özünü və İncini kəndirdən qurtarıb artıq heydən düşüb susqunlaşmış körpəni götürərək heç bir iz olmayan kolların arasına tərəf getdilər. – Əgər siz olmasydınız, o bıçaqla neçəsinə gücüm çatsa,qisasımızı alardım. Qorxdum ayilib sizə zərər verərlər. – Niyə buradan getdik, bu yol hara gedir? Fərhad yavaşca: – Burada yol yoxdur ki, hara getdiyini bilək. Biz qızımızın həyatda qala biləcəyi yerə gedirik. Qan axır, can ağrıyır, amma balasını itirmək qorxusu atanın da, ananın da ağrı hissinə qalib gəlmişdi. İndi isə... Bir-birinə dolaşmış bu üçlük səhərin açılması həsrəti ilə addəmlayırdılar. Səhər açılsa, harada olduqlarını görəcəkdilər. Amma səhərin açilmasını arzu etmirdilər. Toran isə yavaş-yavaş sökülür, aydın səmalı bir səhər açılırdı. Bu səhər həm sevinc bəxş edirdi, həm dəhşət gətirirdi. Uzaqdan burum-burum tüstü qalxırdı. Arxada qalan uzuun – saatı məlum olmayan iki günün həsrəti vüsala qovuşurdu. Kənd yaxınlıqda idi. Dəhşət isə onların öz içində idi: kəndə necə girmək olardı?! Bir-birinə baxdılar, hər ikisinin nəzərləri yenicə ayaq açmağa başlayan körpənin üzərində dayandı. Kimin taqəti vardı?! Kimin cəsarəti vardı?! Bəs bu ömrün yarısından çoxuna bərabər iki günün əzabını nə üçün çəkmişdilər?! Niyə hansısa bir kəndə girməyin dəhşəti onları düşündürməmişdi?! İndi gəl bu niyələrə cavab tap! Gərilmiş sinirlər boşaldi, dizlər büküldü, taqətsiz üçlük yerə yıxıldı. Bozdar qulaqlarını səkləmişdi, meşə tərəfdən gələn həniri duymuşdu. Bir anda taqətsiz çılpaqlara çatdı və yenidən kəndə tərəf götürüldü... ... İnci gözlərini açanda özünü adamların arasında gördü.Güclə aralanan dodaqlarından bir söz qopdu: – Ermənilər... Taqətsizlikdənmı, ya çilpaqlığının xəcalətindənmi, yoxsa körpəsini insan olan yerə çatdırmağının sevincindənmi, nədənsə yenidən ürəyi getdi. Toplaşanlardan nifrət dolu səslər ucaldı: – Ermənilər.... ... Vəhşilər... ... Köksüzlər... Sözlər bir-birinə uyuşur, qafiyə yaradırdı.
© 2020 - Created by İLK XEBER.