- Etibar getmə! Etibar getmə! Od-alova düşərsən, Etibar! Oyyy! Eeeeetibarrr! Dedim axı, getmə, bala! Belimi niyə qırırsan?! Dedim axı! Qardaşının ili hələ çlxmayıb!.. Yenə də qan-tər içərisində yuxudan durdu! Evdəkilər bu səsi artlq 20 il idi ki, eşitsələr də, hələ də öyrəşə bilmirdilər! 20 il idi ki, bu kişi hər gecə eyni yuxunu görür, eyni dəhşəti, cəhənnəm əzabını yaşayır və evdəkilərə də yaşadırdı! Yarası qaysaq bağlamır, ürəyi heç cür ovunmurdu! Durub yerinin içində oturdu. Qəfil gözləri şəkildə cüt dayanmış iki yaraşıqlı, cavan, toysuz balasına sataşdı...Yenə o dəhşətli anları - minaya düşmüş və alnından düşmən snayperi tərəfindən vurulmuş balalarını xatırladı. Ürəyi sancdı. Bir siqaret yandırıb bayıra çıxdı. 20 il idi ki, köçkünlük həyatı yaşayan 8 nəfərdən ibarət ailə balaca bir aptek binasına sığınmışdı. Aptekin damının şiferləri qırıldığından oğlunun biri də damdan, şiferləri düzəltmək istəyərkən sürüşüb yerə düşmüş, qabırğaları sınmış, başı zədələnmişdi... Bayırda sərin hava vardı. Bir zamanlar Şuşaya işləyən qırmızı rəngli, artıq çürüməkdə olan avtobusu gördü. Yaraları yenidən qövr etdi. Yenə oğlu ilə avtobusla Şuşaya getdiyi günləri andı. Ağır külfət yiyəsi olan kişi çörəyini bu avtobusla çıxarırdı. Xatirələr çözələndi... Gözünün qabağına 92-ci ilin qan-qadalı illəri gəldi. 92-ci ilin əvvəlləri idi. Ermənilər yolları kəsir, təxribatlar törədir, ruslara arxalanaraq azərbaycanlıları doğma yurdundan, ev-eşiyindən didərgin salmağa çalışırdılar. Azərbaycanlılar möhkəm dayanmışdılar. Hər gecə kişilər özlərinin qazdıqları səngərlərdə keşik çəkir, ermənilərə layiqli cavab verirdilər. Erməniıər özləri qorxu içərisində idilər. O vaxtadək ki, Xankəndində Volski hökuməti hələ bərqərar olmamışdı. Fövqaladə vəziyyət adı ilə Volski gəldikdən sonra qorxudan arvad-uşaqlarını Yerevana, Ermənistanın ayrı- ayrı şəhərlərinə yola salmış ermənilər əl-qol açmağa, evlərinə qayıtmağa başladılar. Belə ki, Volski hökuməti erməniləri hər cür silah-sursatla və mənəvi dəstəklə təmin etdikcə azərbaycanlıların əlindən quş tüfəngləri nədir, adi mətbəx bıçaqlarını da soyuq silah adı ilə yığmağa başladıqca onlar arxayınladılar və hər gecə Azərbaycan kəndlırinə, evlərə basqın etməyə başladılar. Və bütün bunlar rus əsgərlərinin gözləri qarşısında baş verirdi. Beləliklə yavaş-yavaş əlindən silahı və hüquqları alınmış azərbaycanlıları öz doğma ev-eşiyindən didərgin salmağa başladılar. Əvvəlcə Xankəndi və onun kəndlərindən azərbaycanlıları çıxardılar. Sonra isə Şuşa və Xocalı ilə Ağdamın əlaqəsini kəsmək, onların gözünü qorxuzmaq məqsədilə Ağdam - Şuşa yolunda təxribatlar törətməyə başladılar. Bu yolla Şuşaya gəlib-gedən maşınlara güllə atır, günahsız sakinləri öldürür, adamları öz yurdundan perikdirirdilər! Və bütün bunları rus əsgərlərinin gözləri qarşısında etməklə rusların onların arxasında dayandıqlarını nümayişkaranə surətdə göstərirdilər! Belə çətin zamanda Şuşaya yalnız bir avtobus işləyirdi. O da bu qırmızı avtobus! Şüşəsindəki güllə yerlərinə baxıb bir hadisəni xatırladı... Şuşadan gələrkən Əsgəran qalası yanında bir erməni əlində daş avtobusu daşlamağa başladı. Ömrü boyu türkün qapısında nökərçilik edən, "qandan qorxan" erməninin bu hərəkəti ona necə təsir etdisə, avtobusu saxlayıb yerə düşdü və əlinə daş alıb ermənini söyə-söyə qovalamağa başladı. Bunu gözləməyən erməni çaş-baş halda dağ yuxarı qaçmağa başladı. O da ardınca... - Dayan, erməni dığası, mənim avtobusumu daşlayırsan? Dayan, deyirəm sənə! Elə qudurmusunuz?! İt itin ayağın basdalamaz axı! Rusa güvənirsən, erməni alçağı?! Al bu sənin payın, rus tulası! Al bu da yiyənin! Daş düz erməninin kürəyinin ortasından dəydi. Səs-küyə ermənilər topalaşmağa başladılar. Bu mənzərəni seyr edən avtobusdakı qadın-uşaq qışqırışmağa, şoferi geri çağırmağa başladı. Onlar olmasa idi, erməninin ardınca düz dağın başına qədər çıxacaqdı ...Geri qayıdıb avtobusa mindi, avtobus yenicə tərpənmişdi ki, Əsgəran qalasının üstündən avtobusa güllə atmağa başladılar. Güllə pəncərədən keçib onun başının üstündən adladı... İndi avtobusdakı həmin güllə yerinə baxıb o günləri xatırladı. Köhnə yol yoldaşı olan bu avtobus da qocalmışdı, o da həsrətdən, xiffətdən bir küncə qısılıb çürüyürdü! Kişi bu avtobusla çətin zamanlarda oğlu Etibarla birlikdə hərbçiləri Şuşaya daşımışdı. Nə qədər igid oğullarla birlikdə çətin günlər keçirmiş, gecəni səhərəcən işləmiş, bəzən günlərlə evinə gəlməmişdi... Nə qədər ağır güzəran keçirsə də, avtobusu satın almaq istəyənlərə satmamış, bu avtobusla yenidən Şuşaya qayıdacağı günü gözləmişdi. Lakin 3-4 il olardı ki, kişi avtobusu daha sürə bilmir, o da qaldığı yerdə çürüyürdü... Etibar şəhid olan ikinci oğlu idi. Qarabağı qaytarmaq, şəhid qardaşının intiqamın almaq üçün gedib könüllü orduya yazılmışdı. Bir dəfə yaralanmışdı. Onda kişi bu avtobusla gedib yaralı oğlunu evə gətirmişdi. Yaraları sağalar-sağalmaz yenidən döyüş zonasına qayıdan Etibar şəhid qardaşının intiqamını alacağına, qələbə çalınanadək bu yoldan dönməyəcəyinə and içmişdi. Etibardan böyük oğlu İlqar Xocalı soyqırımı xəbərin eşidən kimi Moskvada iş- gücünü buraxıb gəlmişdi. Gələn gününün səhərindən Xocalıda qardaşları ilə birlikdə meyidləri Ağdama dayışıb, sonra da döyüşlərə getdi. İlqar qəhrəmanlıqla vuruşur və həm də döyüş zonasından yaralıları və meyidləri çıxarırdı. Növbəti döyüşlərin birində minaya düşüb şəhid oldu.Yeddi qardaş yeddisi də İlqar üçün qazılmış qəbirə girib qardaşlarının qanın alacağına söz verdiıər. İki oğlu şəhid oldu, ikisi yaralandı... Kişi bu balaca aptek binasına yığışanda tezliklə torpaqlarına qayıdacağını düşünürdü. İndi artıq 20 ildən çox idi ki, burada idi. Bu ona çox ağır gəlirdi! İndi neçə illərdir ki, özünün və oğlunun yol yoldaşı olmuş bu avtobusun burada yararsız bir əşya kimi çürüməsi ona çox ağır gəldi. Sanki çürüyən onun özü idi, arzuları, diləkləri, ümidləri idi! O bu avtobusu ən çətin anında belə satmadı ki, ailəsini yenə bu avtobusa yığıb gətirdiyi kimi də geri qaytaracaq! Avtobussa çürüyürdü! Ailəsi ilə birlikdə buraya necə gəldiklərini, oğlanlarının necə əzmlə döyüşə getdiklərini, onunla birlikdə döyüşə gedən oğulları bir-bir xatırladı. İndi onların çoxu bu həyatda yox idi! Oğlunun son sözlərini: "ölməyimi anama deməyin! O bizə qorxub, ölüb üstümə gəlməyin, igidliklə vuruşub, torpaqları alın, qələbə xəbəri ilə gəlin, demişdi, anam bizi yola salanda! Öldüyümü anam bilməsin!" - demişdi yoldaşlarına! Atanın gözləri doldu, o hadisələr bir də gözləri qarşısından keçdi ... - Etibar getmə! Etibar getmə! Od-alova düşərsən, Etibar! Oyyy! Eeeeetibar! Dedim axı getmə, bala! Belimi niyə qırırsan?! Dedim axı! Qardaşının ili hələ çıxmayıb!.. Evdəkilər səhərə yaxın yenə bu səsə təşviş içərisində bayıra çıxdılar! Əvvəlcə səsin haradan gəldiyini anışdıra bilməsələr də, sonra bu səsin avtobusun içərisindən gəldiyini bildilər... Ehtiyatla avtobusa yaxınlaşanda kişinin avtobusda yuxu tutub yatdığını gördülər... O yenə də yuxuda döyüşdə yaralanan oğlunu səsləyirdi .... (Real hadisələr əsasında yazılıb, adlar dəyişdirilməyib)
© 2020 - Created by İLK XEBER.