Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev suallarımızı cavablandırır -Azad müəllim, mətbuatda türkdilli xalqların birliyi,inteqrasiyası barədə müxtəlif fikirlər səslənməkdədir. Siz türkdilli xalqların birliyini necə təsəvvür edirsiniz? - Böyük Türk dövləti (Osmanlı) keçmişdə güc və ədalət üzərində bərqarar olunmuşdu. Türk xalqı tarixən haqlının haqqını vermiş, haqsıza həddini göstərmişdi. Türklər tarix boyu bu prinsip üzərində siyasət yeritmiş və böyük Osmanlı dövlətini yaratmışdılar. Osmanlının süqutunun əsas səbəblərindən biri də qeyd etdiyim prinsipin pozulmasından qaynaqlanmışdı. Yaşadığımız bugünkü dünyamızda ədalət prinsipləri pozulub, belə ki, haqlı olan haqsız çıxarılır, haqqı olmayan istədiyini əldə edir. Bir sözlə, güclü zəifi məhv etməyə çalışır. Dünyada yaranmış mövcud siyasi şərait diqtə edir ki, türk xalqının prinsipləri yenidən işə düşsün, yəni haqlının haqqını vermək, haqsıza həddini göstərmək zamanı gəlmişdi. Məhz bu prinsiplərin bərqarar olması üçün, türkdilli xalqların birliyinin təmsil olunduğu yeni güc mərkəzinin yaranmasına ehtiyac var. Türkiyə Respublikası türkdilli xalqların birliyinin yaranmasında məsuliyyət daşımalıdır. Necə deyərlər, bir növ siyasi lokomativ rolunu oynamalıdır. Dünya siyasətində Türkiyə Respublikası türkdilli respublikaların mənafeyini qorumaq məsuliyyətini üzərinə götürməlidir. Dünyada yeni güc mərkəzinin yaranması Türkiyə- Rusiya münasibətlərinin dünya siyasətində oynadıqları roldan asılıdır. Bu gün belə bir birliyin yaranması üçün tarixi şərait yaranıb. Bidiyiniz kimi türkdilli respublikalar və türkdilli xalqlar Rusiyanın nüfuz dairəsindədir. Rusiyanın təşəbbüsü ilə Avrasiya İqtisadi Birliyi yaranıb və bu birliyə əsasən Orta Asiya respublikaları, Rusiya və Rusiya ərazisində yaşayan türkdilli xalqlar daxildir. Türkiyə və Azərbaycan da bu birlikdə təmsil olunarsa, faktiki yuxarıda qeyd etdiyim birliyin yaranması deməkdir. Xatırlatmaq istəyirəm ki, Türkiyə və Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması Qarabağ probleminin həllindən keçir, birliyin əsasnaməsinə görə birliyə daxil olan dövlətlərin sərhədləri bir-birinin üzünə açıqdır. Bu baxımdan Qarabağ problemi sülh yolu ilə köklü həllini tapmalıdır. Qeyd edim ki, ABŞ Avrasiya İB genişlənməsində maraqlı olmadığına görə Qarabağ probleminin sülh yolu ilə həllinə mane olur. Rusiya barəsində danışmazdan öncə dünya xəritəsinə baxaq, görəcəyik ki, gün çıxandan günbatana qədər böyük bir ərazini əhatə edir. İqtisadi baxımdan təbii sərvətləri sonsuzdur və geniş imkanlara malikdir - hərbi baxımdan nüvə dövlətidir, çoğrafi-siyasi baxımdan əsasən türkdilli dövlətlərin əhatəsində olmaqla yanaşı, ərazisi çoxlu sayda türk soyundan olan vilayətlərdən ibarətdir. Rusiya ilə Türkiyə dövlətlərinin yaxınlaşması, bayaq dediyim kimi türkdilli xalqların birliyinə gətirib çıxara bilər. Əks təqdirdə bu birliyin yaranması mümkün deyil. ABŞ-ı narahat edən budur, ona görə Rusiya –Türkiyə yaxınlaşmasına hər vəchlə mane olmağa çalışır. Bir sözlə,Türkdilli xalqların siyasi birliyinin əsası iqtisadi inteqrasiyadan keçir ki, bu da Avrasiya İqtisadi Birliyində reallaşdırmaq olar.
© 2020 - Created by İLK XEBER.