Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Seyid Cəfər Pişəvari 2A ünvanında yerləşən satış məntəqəsində baxış keçiriblər. AQTA-dan "Report"a verilən məlumata görə, həmin obyektdə saxlama müddəti ötmüş və temperatur rejiminə əməl olunmadan “Aqromall” MMC şirkəti tərəfindən saxlanılan, Tacikistan istehsalı olan 15 800 ədəd 0.5 litrlik “Obi Zulol” əmtəə nişanlı su, 8 989 ədəd 0.5 və 1 litrlik “Siyoma” əmtəə nişanlı qazlı və qazsız su, 1 000 ədəd isə “Xavotaq” əmtəə nişanlı 1.25 litrlik su aşkarlanıb. Qanunvericiliyin tələbləri çərçivəsində məhsullar dərhal satışdan kənarlaşdırılıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.
© 2020 - Created by İLK XEBER.