Şahlar Göytürk
,,Özünü reklam etmək üçün Orduya yazılırlar'', ,,kişilər qala-qala qadınların Orduya yazılması doğru deyil'', ,,qadınların Orduya yazılması dəyərlərimizə ziddir'', ,,müğənnilər gedib Orduda nə edəcəklər'', ,,silah tuta bilməyən adamın Orduda nə işi var''...
Bu kimi çoxlu yanlış fikirlərin şahidi oluruq.
Insanların könüllü şəkildə çağırışa qoşulmasıını yalnız alqışlamalıyıq. Kimsə özünü başqasından artıq vətənpərvər saymamalıdır. Bu tarixi şansı düzgün dəyərləndirməliyik.
Vətəndaş qeydiyyatdan keçibsə, deməli, qərar verib və zərurət yarananacağı halda Orduya çağırılacaq.
Adam nə qədər yaramaz olmalıdır ki, Orduya özünü reklam etmək məqsədilə yazılsın. Bu heç inandırıcı da deyil.
Bir işin ki adı könüllüdür, ona necə könülsüz qərər vermək olar?
Bir icra başçısı, bir müəllim, yaxud nazir oğlu Orduya yazılırsa, bunu özünüreklam yox, ən azından təbliğat işi, Orduya, Xalqa dəstək kimi dəyərləndirmək lazımdır.
Müharibə şəraitində, özəlliklə sanlı insanların ,,mən də yazıldım'' deməsi Orduya çağırılıb-çağırılmayacağından asılı olmayaraq, görün nə qədər insanı ayıldır, milli birliyə, həmrəyliyə təşviq edir.
Yeri gəlmişkən, qeydiyyatdan keçməyimizi Sizlərə paylaşmaqda yeganə məqsədim təbii ki, insanlarımızda milli birlik, həmrəylik duyğusu, ruh yüksəkliyini daha da artırmaqdır.
Həmin paylaşımdan sonra hətta tələbələrimin (oğlan və qızlar) qeydiyyatdan keçdiyini görəndə çox qürurlandım.
Oğlum lll kursu bitirib. Hələ bir ili var. Buna baxmayaraq, öz arzusu ilə ,,ata, IV kursu sonraya saxlamaq istəyirəm. Bu qərar məni bir ata kimi çox qürurlandırır. Valideynin dəyəri ilk növbədə onun övladına verdiyi vətən əxlaqı ilə ölçülür.
Sizə sonsuz təşəkkürümü bildirirəm ki, paylaşımımı bəyənərək öz alqış və dəstəyinizi ifadə etmisiniz.
Əziz dostlar, baxıb görəndə ki, Orduya yazılan bəzi insanlar tənqid edilir, bu, məni də narahat edir.
Inanın, bu cür lağlağı münasibət ümumi işimizin ziyanınadır. Ola bilsin ki, həmin insanlara doğrudan da kimlərinsə, yaxud cəmiyyətin rəğbəti yoxdur. Amma onların çevrəsində layiqli insanların olması təbiidir.
Məsələn, sevmədiyimiz bir müğənninin minlərlə fanatı var. Həmin müğənninin Orduya yazılması yüzlərlə fanatı bu prosesə təşviq edə bilər.
Artıq yeni mərhələyə qədəm qoyuruq. Bu fikirdəyəm ki, yalançı birlik, yalançı həmrəylikdən həqiqi birliyə, bütövləşməyə keçmək və topraqlarımızı işğaldan azad etmək zamanıdır.