- Müharibəyə hazır olmaq, – ancaq ayrı-ayrı insanların döyüşə getmək əzmi ilə müəyyənləşmir. Savaşın müqəddəratı əsgərlərin sayı ilə həll olunmur. Hərbi texnologiya o qədər inkişaf edib ki… Amma təkcə ən müasir silahlarla təchizat da yetərli deyil, hətta onların səmərəli istifadə qaydalarına yiyələnmiş olan zabitlərin, mühəndis-hərbçi kontingentinin varlığı da. Bunlar zəruri şərtlərdir, amma yetərli deyil. Döyüş taktikalarının uğurla həyata keçirilməsi üçün hərbi-strateji düşüncə, sistemli planlama, uzaqgörən hərbi siyasət lazımdır. Arxa cəbhənin də döyüşə hazır olması lazımdır. Əsgər ailələrinin təminatı da az önəmıi deyil, - əsgərin gözü arxada qalmamalıdır. Amma bunlar da azdır. Ən önəmli şərtlərdən biri orduda sağlam mənəvi mühitdir; satqınlıq hallarının istisna edilməsidir… Yenə də hamısı deyil, - saymaqla bitməz, fb-lik məsələ deyil. - Bəs onda niyə sayırsınız? - Çünki ictimai şüurda boşluqlar var, KİV-də, sosial şəbəkələrdə durumun bəsitləşdirilmiş mənzərəsi üzərindən mühakimələr yürüdülür… Hətta cəbhə mövzusu, döyüş məlumatları və konkret itkilər və uğurlar insanları ümumi mənzərədən və strateji düşüncədən yayındırır. Təhsilin, mənəvi hazırlığın, ictimai mühitin sağlamlaştırılmasının müharibə üçün də vacibliyi, təməl şərtlər sırasında olduğu sanki unudulur. - Doğru… Bizdə daha çox əsgər qəhrəmanlığı, igidlik və şəhidlik vurğulanır. Qəhrəmanlıq da ən çox həyatdan keçmək əzmi kimi bilinir. Tovuz döyüşündən sonra da ən çox gündəmdə olan məsələ, – şəhidlər mövzusudur. - Bir andakı cəsarət, Həyatın Haqq yolunda tərəddüdsüz qurban verilməsi, ölümün şərbət kimi bir ləhzədə içilməsi, - islam leksikonunda buna şəhidlik deyirlər. O da qəhrəmanlığın bir formasıdır. Amma şəhid olmadan da, həyatdan keçmədən də həyatın fövqünə qalxmaq olur, - sadəcə bu yüksəlişin yolları müxtəlifdir. "Hər peşənin öz qəhrəmanlıq zirvəsi var", - deyir Əbu Turxan. - Burda söhbət amal naminə həyatın cazibələrindən hər gün imtina etmək, yaradıcılıq yoluna işıq salmaq üçün ömrü bir şam kimi damla-damla əritməkdən gedir. Təəssüf ki, islam aləmində qəhrəmanlığın bu formaları çox vaxt diqqətdən kənarda qalır.
© 2020 - Created by İLK XEBER.