Çinli strateq və mütəfəkkir Sun-tszının eramızadan əvvəl VI və ya IV əsrdə yaşadığı güman edilir. Deyilənə görə, o, hökmdar Xo Lyuyunun müzdlu sərkərdəsi olub və "Müharibə sənəti" adlı məşhur traktatı onun xahişi ilə yazıb. Müəllif təxminən 2500 il bundan öncə yaşasa da, əsəri bu gün də əhəmiyyətini itirməyib. "Müharibə sənəti" fəlsəfə, incəsənət və müharibə aparmaq elminin qarışığıdır, deyə sahə mütəxəssisləri bildirir. Müəllif qısa və yığcam şəkildə müharibə aparmaq və ona hazırlaşmağın əsas prinsiplərini açıqlayır. Deyilənə görə, hökmdar Sun-tszını hərbi iş barədə söhbət etmək üçün yanına çağırıbmış. Sərkərdə öz sənətini göstərmək üçün hökmdardan xahiş edir ki, hərəmxanasını ona versin. Sun-tszı kənizləri iki dəstəyə bölür, hər dəstəyə bir kənizi rəhbər seçir. Sonra onlara təbərzin verib hərbi komandaları başa salır. Dəstələr hərbi sıraya düzülür. Sun-tszı «sağa dön», «sola dön» əmri verəndə heç kəs icra etmir və gülüşürlər. Bir neçə dəfə belə davam edib. Bu zaman Sun-tszı deyib: komanda icra edilmirsə, bu, komandirin təqsiridir. Və əmr verib ki, iki baş kənizi edam etsinlər. Hökmdar bunun zarafat olmadığını biləndə qərarı ləğv etməyi xahiş edib. Sun-tszı deyib ki, müharibədə sərkərdə hökmdardan daha vacibdir və heç kim onun əmrini ləğv edə bilməz. Kənizlər edam edilib. Ölkəyə təhlükə yarananda hökmdar ordunu Sun-tszıya tapşırıb və o, böyük qələbələr qazanıb. Mövzunun aktuallığını nəzərə alıb traktatın bəzi hissələrini tərcümə edib hörmətli oxuculara çatdırmağı lazım bildik. 1.“Müharibə dövlət üçün ölüm-qalım məsələsidir. Bunu anlamaq lazımdır. Onun əsasında 5 təzahür durur: Yol, səma, torpaq, sərkərdə və qanun. YOL o deməkdir ki, xalqın fikri ilə hökmdarın fikri eynidir. Xalq onunla birgə yaşamağa və ölməyə hazırdır, qorxusu və şübhəsi yoxdur. SƏMA işıq və qaranlıq, soyuq və isti, vaxt deməkdir. TORPAQ uzaq və yaxın, nahamvar və hamar, geniş və dar, ölüm və həyat deməkdir. SƏRKƏRDƏ ağıl, ədalət, humanizm, igidlik, tələbkarlıq, ciddiyyət deməkdir. QANUN hərbi nizam, komandanlıq və təchizat deməkdir. Bunları bilən yox, mənimsəyən qalib gəlir”. 2.“Yeddi şey var ki, bunları tərəzidə çəkib kimin qalib gələcəyini demək olar: hansı hökmdar Yol sahibidir, hansı sərkərdə istedadlıdır, kim Yer və Səmadan istifadə edir? Kimin qaydalarına və əmrlərinə əməl olunur? Kimin ordusu güclüdür? Hansı orduda mükafat və cəza düzgün tətbiq edilir? Bunların əsasında kimin qələbə çalacağını kimin məğlub olacağını müəyyən edirəm”. 3.“Müharibə aldatma yoludur. Ona görə nəyisə bacarırsansa, düşmənə bunu edə bilmədiyini göstər; nədənsə istifadə edirsənsə, etmədiyin barədə təsəvvür yarat; əgər yaxındasansa, uzaqda olduğunu göstər; uzaqda olsan, yaxında olmağın barədə rəy yarat; onu mənfəətlə şirnikdir; onda pozğunçuluq yarat və ələ keçir; onda hər şey yetərincədirsə, hazır ol; o, güclüdürsə, çəkin; onda qəzəb yaradıb işini poz; fağır görkəm alıb onda lovğalıq yarat; onun gücü təzədirsə, usandır; əgər birlikləri varsa, parçala; o hazır olmayanda hücum et; onun gözləmədiyi zaman hücum et”. 4.“Əgər müharibə aparırsansa və qələbə uzun çəkirsə, silah kütləşir, kəsərlilik azalır. Heç vaxt belə olmayıb ki, müharibə uzun çəksin və dövlət bundan qazansın. Müharibə qələbəni sevir, uzun müddət davam etməyi sevmir” 5.“Ən yaxşı müharibə düşmənin niyyətini puça çıxartmaqdır. İkinci yerdə onun ittifaqlarını pozmaq, üçüncü yerdə ordusunu dağıtmaq gəlir”. 6.“Əgər düşməni və özünü tanıyırsansa, istəyirsən yüz dəfə vuruş, təhlükə olmayacaq. əgər özünü tanıyır, düşməni tanımırsansa, bir dəfə qalib gələrsən, bir dəfə yenilərsən. Əgər nə özünü, nə düşməni tanımırsansa, hər dəfə məğlub olacaqsan”. 7.“Əgər qanunlara əməl edilirsə, xalq sənə tabe olacaq. Əgər qanunlar kağız üzərində qalırsa, xalq sənə tabe olmayacaq. Qanunlar etimadla yaradılırsa və aydındırsa, demək, sən və kütlə qarşılıqlı olaraq istədiyinizi tapmısınız”. “Bizim Yol” 7 avqust 2014
© 2020 - Created by İLK XEBER.