Mən Azərbaycan üzüyünün qiymətli qaşı almazam. İndi erməninin ayağı altına düşmüş, üzüyündən ayrılaraq dəyərin itirən bir inciyəm. Mən geniş-geniş çölləri, uca-uca dağları, buz bulaqları, xarıbülbülü, boynubükük bənövşəsi, qantəpəri, kəklikotusu, şüşə kimi büllur, saf, təmiz havası olan cənnət bir diyaram! Mən zaman-zaman düşmənlərin tamah saldığı yağlı tikə, bəzən boğazlarına tökülən dağ olmuş yağam. Mən yağmalanmış, kor edilmiş ulusam, obayam. Mən düşmənlərin qovalayıb yetişdiyi, neçə ildir qaçmaqdan çatlamaq dərəcəsinə gəlmiş Qarabağ atıyam. Qırılıb-tükənməkdə olan Topxana meşəsiyəm. Suyu qurumaqda olan İsa bulağıyam. Mən namusunu qurtarmaq üçün özünü Araza atan neçə-neçə qız-gəlinəm! Başı Şuşada, ürəyi Ağdamda, ayaqları Zəngilanda xəstə düşüb qanqrena olan diyaram! Mən tökülən şəhid qanı, əsirlərin axıtdığı göz yaşı, tapdanan namus, əzilən qüruram! Mən erməni əsgərlərinin süngülərə keçirdiyi günahsız körpəyəm, doğulmamış ana bətnindəykən öldürülən körpə! Mən Qarabağam! Anasından ayrı düşmüş uşağam! Anam məni atıbmı?! Məni düşünmürmü?! Mən əzilib şikəst olmuş, qəzəblənmiş Ovodu xatırladıram. Sonunda öz anamdan imtina edə bilərəm! Ölümü seçərəm! Anama qarşı da, məni bu hala salan dünyaya qarşı da çox qəzəbliyəm! Mən illərdir qan gölündə boğulan Qarabağam! Mən yerə düşmüş baş tacı, ayaqlar altına atılmış papağam! Mən qarşısını illərdir qara buludlar tutmuş Günəşəm! Mən sənin yolunu gözləyirəm, Azərbaycan əsgəri! Gəl məni qurtar, ölümün pəncəsindən al, məni dirilt! Mən ölüm ayağında can çəkişən vətənəm! Sənin yolunu gözləyirəm, Azərbaycan əsgəri! Daş-daş sökülən keçmişinəm, məhlə -məhlə, ev-ev talanan var-dövlətinəm, ilmə-ilmə sökülən gələcəyinəm! Mən güllələrlə dəlmə-deşik olan, bombalarla yaralanan, əsir düşmüş qız-gəlinin gözyaşları və günahsız şəhid qanları ilə yuyulub boşalmış, ərimiş torpağam! Gəl sən də köksümə su kimi düşmən qanı axıt ki, torpağım sərinləsin, bərkisin! Bu göz yaşından, bu şəhid qanından torpaq çox yuyulub, çox boşalıb, çox əriyib, şəhdi-şirəsi gedib, halsızlaşıb. Onu düşmən qanı ilə bərkitmək lazım. Lap bir Çin əfsanəsində deyildiyi kimi... Pekin zəngi haqqında olan əfsanədə deyilir ki, Pekin Çinin paytaxtı elan ediləndə imperator Yunq Lo iki qala bürcü tikməyi əmr edir. Birində müşahidə məntəqəsi və nəhəng təbil olmalı, digərində isə nəhəng bir zəng yerləşdirilməli, düşmən yaxınlaşanda onunla əhaliyə xəbərdarlıq edilməli idi. Bundan başqa, yeni zəng Çinin yeni paytaxtının rəmzinə çevrilməli idi. Amma ustanın bütün var gücü ilə, ciddi-cəhdlə çalışmasına baxmayaraq, düzəltdiyi zəng sonunda alınmır, çatlayırmış... Axırda öyrənirlər ki, zəngin çatlamamsı üçün o metala insan qanı qatılmalıymış. Bunu öyrənən ustanın qızı özünü qaynar metal olan qaba atıb qurban edir. Zəng bundan sonra daha çatlamır... Nə qədər şəhidər bu torpaq yolunda özünü qaynar metal odu xatırladan döyüşlərə atıb qurban etdilərsə də, o qan və əsir qız-gəlinin göz yaşı ilə boşalmış torpağı bərkidə bilmirlər, çünki bu torpağa su kimi axan düşmən qanı da qarışmalı ki, torpaq möhkəm olsun, etibarlı olsun, özünə qayıtsın! Mən uğrunda mərd igidlərin şəhid olduğu, lakin hələ də düşmən caynağında olan Qarabağam! Anasından ayrı düşmüş qəzəbli, küskün ruhlar məskəni Qarabağ! Mən dağlarına göz yaşı və qanla yazılan bir həzin şeir, bir bayatı, küləklərin oxuduğu şikəstəyəm - Qarabağ şikəstəsi! Mən sənin yolunu gözləyirəm, Azərbaycan! Sən bu gün məni xilas etməsən, gələcək nəsillər tərəfindən daim lənətlənəcəksən! Ya indi, ya heç vaxt!
© 2020 - Created by İLK XEBER.