“Tovuzda baş verən təxribat Ermənistanın bir daha təcavüzkar niyyəti ortaya qoyan hadisədir. Ancaq Azərbaycan ordusu da öz gücünü və qüvvəni göstərməklə istənilən təcavüzkara layiqli cavab verməyə hazır olduğunu bir daha nümayiş etdirdi”.
Bunu “Ölkə.az”a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Partiya sədri hesab edir ki, Ermənistanın Tovuzda törətdiyi təxribatın müxtəlif səbəbləri ola bilər: “Hesab edirəm ki, bu təxribat daha çox Ermənistanın daxilindəki siyasi vəziyyətlə bağlı olan məsələlərdir. Ermənistan hakimiyyəti daxildə üzləşdiyi problemlərdən qurtulmaq üçün belə bir addıma əl atır.
Digər bir məqam isə ondan ibarətdir ki, təxribatın işğal olunmuş ərazilərdə deyil, başqa bir bölgədə həyata keçirməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanamaqdır. Hesab etmirəm ki, Ermənistan KTMT-nin tam dsətəyini alsın. Ancaq dolayı hansısa hərbi-texniki cəhətdən dəstək ala bilər. Amma KTMT Ermənistana tam dəstək verməyəcək”.
Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasına gəldikdə usə Q.Əlibəyli bildirib ki, Emrənistanın belə təxribatçı fəalyyəti davam edə bilər: “Ona görə də, Azərbaycan Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilərək vəziyyətin müzakirə olunaraq, təcavüzkara layiqli cavab verilməsini müsbət qiymətləndirirəm”.
ATƏT-in baş verən hadisəyə hələ də reaksiya verməməsinə gəldikdə Aydınlar Partiyasının sədri deyib ki, beynəlxalq təşkilatlar Ermənistanın təxribatçı hərəkətlərini kəskin qınayıb, ona reaksiya verməlidir. “Hadisədən bir gün keçməsinə baxmayaraq reaksiya verilməyibsə, bunu əlbəttə, həmin təşkilatların mövqeyinin göstəricisi kimi dəyərləndirmək lazımdır. ATƏT-in Minsk Qrupuna gəldikdə isə onu deyə bilərəm ki, ümumiyyətlə bu məsələyə baxılmalıdır”- Q.Əlibəyli qeyd edib.
Ölkə.az