Məni kövrəldən bir roman haqqında yazıma Viktor Hüqonun deyimindən mənalı ad tapa bilmədim. Sokrat 2400 il əvvəl deyirdi ki, məhəbbət ölməzlik cəhdidir. İki sevən qəlbin sevgi dastanları - “Leyli və Məcnun”, “Aşiq Qərib”, “Əsli və Kərəm” və digərləri min il əvvəllər yazılsa da onun qəhrəmanları həmişəyaşardır. “Məhəbbət ölüncə var” fikrində söhbət sevənin ölümündən gedir, yoxsa məhəbbətin. Söhbət aşiqin fiziki ölümdən gedirsə nə deyim, sevgi isə ölməzdir. Aqillər deyiblər ki, sevgi dolu həyatdan sonra sevgi dolu əbədiyyət gəlir. Məcnun, Leyli, Fərhad, Kərəm, Ilham, Fərizə sevgisi ölməzdir. Leylilərin, Məcnunların, Əslilərin, Kərəmlərin , Fərhadların, Şirinlərin bu günkü sələflərinin çoxunun sevgi “menyu”su 500-1000 il əvvəlkindən fərqlənsə də saf və təmənnasız sevgilər bu gün də var və olacaq. Əsl sevgi öz ilahiliyini, əbədiliyini özü qoruyur. “Məhəbbət - aşiqin mübhəm qəlb aləminə açılan işıq qapısıdır” (Əbu Turxan). İşıqsa əbədidir. Xaliq Azadinin kitabının çox mətləblərdən xəbər verən adı məni özünə yaxınlaşdırdı”. “Qəm yağışı. Azərbaycanlı Azadla özbək qızı İnqanın dastanı”. Əvvəldən qeyd edim ki, tanınmış yazıçı, naşir Əli bəy Azərinin redaktorluğu ilə nəşr olunan kitaba redaktor ön söz “qıymayıb”. Niyə? Əli bəy həssas söz adamıdır. Ona görə ön söz yazmayıb ki, iki gəncin saf eşqinin ürəkgöynədən təlatümlərini, yazıçının təxəyyülünü, təhkiyəsini dəyərləndirməyi mütaliəsevərlərin ixtiyarına buraxıb. Əli bəy yaxşı anlayır ki, Əfzələddin Xaqaninin fikri ilə deyilsə, “pərvanə ilə şam əsl aşiq məşuqdurlar, çünki onlar birgə yanıb birgə də kül olmağı bacarırlar”. El deyimindəki kimi, burada üçüncü artıqdır. Axı “məhəbbət qarşılıqlı anlaşmanın ali ifadəsidir” (Andrey Tarkovski). “Qəm yağışı”nda yazıçı bizə “sevginin nəyə qadir olduğundan danışmaq istəyir”. Özünü bir az da sığortalayır ki, “qarşılıqlı məhəbbətin sevmək və sevilmək sevincini məgər sözlə ifadə etmək olarmı?”. Olar, Xaliq müəllim. Sizin yazdığınız əsər əsl sevgi dastanıdır - vüsalı, həsrətiylə, sevici, ayrılığıyla, ümidiylə, arzusuyla, gələcəyə inamıyla. Elə söz də sevgidən yaranıb. İlk sevənlər - babamız Adəm və nənəmiz Həvva bir-birinə o vaxt nəsə xoş söz deyiblər, həmin söz mütləq sevgini izhar edib. “Mən səni verirəm!” qışqırmasalar da, göz gözə baxışıblar. Əvvəlki sevgilərdə “riyazi hesablama” - gəlir-çıxarı toplamaq, bölmək yox idi. “Sevən ürəyin əmrinə tabe olan məhəbbət yaşayırdı ürəklərdə”. Bir də onu vurğulayım ki, romanın məzmununu yazıb kitabı mütaliə etmək “əziyyət”indən mütaliəsevərləri azad etməkdən uzağam. Romanın süjet xəttini, təhkiyəsini, cərəyan edən hadisələrin təfərrüatlarını, razvyazkasını (ziddiyətlərin açılmasını), kulminasiyasını və finalını açıqlnayacağam. Əsas nüansları kitabla üzbəüz olanlar özləri tapacaqlar. Mütaliə insanın şəxsiyyətinin formalaşmasında, təfəkkürünün zənginləşməsində, kamilliyə doğru yolunda önəmli mənəvi qüvvədir. Çox işlədilən “məhəbbət üçbucağı” bənzətməsinə bu romanda da rast gəldim. Bu mənim bölgümdü: Azad - Solmaz, Baysal - İnqa, Azad - İnqa. Bu üçbucağın hər bucağının sevgi və ayrılıq yolları romanda kövrək, duyğulu, şirin və acı hisslərlə qələmə alınmışdır. Müxtəlif milli və əxlaqi dəyərlərin daşıyıcıları Azad və İnqanın timsalında Rusiyada təhsil alan gənclərin müstəqil həyata addımları, qarşılarına çıxan maneələr, həyatın amansız sınaqları, ağrıl-acılı anlar çox inandırıcı qələmə alınmışdır. Roman sevgi əzablarının dramatikliyinin çağdaş tamaşasıdır. Obrazların milli xüsusiyyətləri, həyata baxışları, çətin anlardakı davranışları inandırıcıdır. Hadisələrin artan gərginliyi, gənclərin sevgi etirafları təsirli, düşündurucudur, nəticə çıxarmağa, mərhəmətə, xeyirxahlığa çağırır. Yazıçı nisgilli məhəbbət romanı yazsa da tarixi olayları xatırlamaqla mövzunu aktuallaşdırır. Çernobıl hadisələri, onun insanlığa, təbiətə vurduğu sağalmaz yaraların insanın hisslərinə təsirini, yeddi noyabr paradı, gənclərin ümidləri, arzuları, amalları romanı yaddaqlan edir. Sevgi və tarixin vəhdəti bir-birini tamamlayır. Çernobıldakı qəzanın fəsadlarını ram etmək üçün oraya göndərilən qazax balası Baysalın faciəsini tariximizin XX əsr olayları kimi bunu görməyən, eşitməyən, bilməyən gənclərin hafizəsinə həkk etmək missiyasını üzərinə götürüb, insanlığın biganəliyindən törənən acıların təsviri edir, çoxdan həyəcan təbilini çalmağın vaxtı olduğunu anladır. “Eşq və ağılın gücü” (N.Gəncəvi) romanda paralel keçir. Azad və İnqanın mənəvi keyfiyyətləri ideal qəhrəman səviyyəsinə yüksəlmiş, onlar eşq ilə ağlın gücünün möhtəşəmliyinin canlı heykəlləridir. Hər bir əsərdə milli ruhun müsbət və insanın ilahi hisslərinə mane olan cəhətlərini axtarmaq adətimə çevrilib. Azad anlamırdı ki, “sevinclə qəmin arası bir qarışdır”.“Böyük olan yerdə kiçik qələt eləyir, nə istək, nə arzu? Mən müəyyən edəcəm uşağımın taleyini”. Bu Solmazın- Azadın ilk məhəbbətinin atasının amansız hökmüydü. “Mlli adətin pərdəsi altında” onu Solmazından ayırdılar. Azadın dediklərindən: “Solmazi görmək qismətim olmadı. Əvəzinə qohumları başa saldılar; münaqişənin uzadılması Onun məhvinə çalışmaq deməkdir! Unuda bilməsəm də, bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yüküylə qayıtdım arxaya”... Şərq aləmində bəzi ailələrin qız övladlarına münasibəti hələ də ən azı orta əsrlər adətləri səviyyəsindədir. Qızların əksəriyyəti indi də dilsiz, ağızsız, istəyi nəzərə alınmayan hüquqsuz məxluq, daha doğrusu əşya kimi ərə verilir. İlk yazılı “Leyli və Məcnun “poemasının dahi Nizami Gəncəvi tərəfindən yazıldığı XII əsrdəki kimi. Uğursuzluqlar məngənəsində səssiz fəryad qoparan Azadın həyatının qara zolağı da belə münasibətin nəticəsiydi. Aristotelin fikri ilə desək, sevmək əzab çəkməkdir, sevməmək ölmək. Azad sevgi əzabı çəkməyə hazır idi, ölmək istəmirdi. Sevməliydi. Axı, gözəl bir qadın gözə, yaxşı bir qadın qəlbə xoş görünür, Birincisi brilyant, ikincisi xəzinədir. İnqa da Azadın tapdığı xəzinə idi.. Azadla İnqa dərslər başlayan gündən bir-birinə isinişmişdilər. Onlari səmimi dostluq birləşdirirdi. Azad sevgi haqqında heç düşünmürdü. Çünki onun qəlbini çoxdan Solmazın sevgisi fəth etmişdi. Yazıçı Azadı milli mentallığa, adət-ənənələrə sadiq qürurlu, xeyirxah Azərbaycan övladı kimi bütöv yaratmışdır. Sözünə sadiq, ünsiyyətcil Azad dili dilindən ayrı rəsmxətt müəllimiylə tez dil tapıb İnqaya zaçotda kömək etməsində Oğuz Türkünün istiqanllığını önə çəkməkdə böyük həqiqət var. Azad işlədiyi qarajda, təhsil aldığı qrupda da hörmət və nüfuz sahibidir. Və nəhayət, söz vermişəm ki, iki gəncin sevgi hekayəsinin bəzi məqamlarına, bu ilahi sevginin incə nüanslarına, hadisələrin kulminasiya nöqtəsinə toxunmayacağam. Əgər incəlikləri birər-birər açıqlasam kitabı mütaliə etmək həvəsiniz azalacaq. Bu, həm də yazıçının əməyinə sayğısızlıqdır. Başqasının bir əsərin detallarını danışması heç xoşuma gəlmir. Mütaliə ən mənalı istirahətdir. Sizi belə ləzzətli istirahətdən məhrum etmək istəmirəm. Azad ilk və əlçatmaz sevgisini kənddə dəfn edib qayıtdıqdan sonra “Yaradanın subay vaxtında yaranan, dahi rəssamın rəsm əsərinə bənzəyən, ilahə İnqanın, əsl insan İnqanın” ona qarşı səmimi münasibətindən çox məmnun idi. Pamramparça olmuş sevgi dolu qəlbinə Inqanin məsum körpə gülüşləri və bir də şəlalə kimi saçları məlhəm idi. Səmimi dostluq yavaş-yavaş məhəbbətə çevrilirdi. Amma hələlik Azadın qüruru bunu etiraf etməyə mane olurdu. Axı Azadın cibindən düşüb itirdiyi Solmazın şəklini İnqa tapıb Azada qaytarmışdı. İnqayla söhbətində də Solmazı əbədi itirdiyini də boynuna almamışdı. Xatırladım ki, özbək şairi Əlişir Nəvai “Xəmsə”sinin poemalarından biri - “Leyli və Məcnunu 1484-cü ildə - Nizamidən təxminən 300 il sonra yazmışdır. Məzmununa görə Nəvainin poeması Nizaminin “Leyli və Məcnunundan fərqlənir. Leyli xəstəliyə tutulduqdan sonra atası onun sağalması şərəfinə qonaqlıq verir. Qonaqlıqda Leyliyə vurulan Qeysin huşu başından çıxır, Nofəl öz qızını Qeysə vermək istəyir, Qeyssə bu təklifi rədd edir. Əslində “Leyli və Məcnun” dastanı Yaxın Şərq xalqlarının folklorunda geniş yayılmış dastan-rəvayət kimi VII əsrdəki hadisələrdən bəhs edir. Bədəvi şair Qeysin sevgisini əks etdirən rəvayət VI əsrdə Babilistanda geniş yayılmışdı. Bu məşhur sevgi hekayətinin tarixini niyə vurğuladım? Əvvəla, sevğinin tarixi, məkanı olmur. Sevgi sərhəd, millət tanımır. Qadının ləyaqətinin ölçüsü sevdiyi, həyatını ona bəxş etdiyi kişidir, həm də kişinin ləyaqəti onun namusunu qoruyan qadındır. Bunları niyə xatırladım? Azad və İnqa da sevib sevilməyə layiq ideal cütlük idi. Hegelə görə, özünü başqasında tapan, sufi hikmətinə inansaq, özünü başqasında itirən iki sevgili. Azad kimdir? “Keçənləri qaytarmağa heç bir yolu olmayan”, gənc və qürurlu olduğundan “səhvləri bir-bir sıralayan”, üz-üzə gəldikləri ilk günlərdə İnqanın duyğularına laqeyd yanaşan, hətta Vətəninə tətilə qayıdanda İnqaya deməyi, onunla görüşməyi unudan, vaxtında düşünüb-daşınıb qəti qərar verə bilməyən, sonda “hərəkətsiz dayanıb səs-küylə, taqqıltıyla gedən həyat qatarının arxasınca baxan” Türk oğlu. Sonra bunların peşmançılığını, acılarını yaşayan Azad İnqaya sevgisi yolunda hətta canını fəda etməyə hazır olsa da, həyatın sərt döngələri onun qulağına pıçıldayır: sən saydığını say... Bəs İnqa kimdir? 19-20 yaşlı Özbəkistanda doğulan, oranı öz Vətəni bilən, özbək dilini ana dili kimi sevən alman əsilli, həyata inamlı, intellektual, sevgisi uğrunda bütün əzablara dözməyə hazır, sevib sevilməyə layiq bir gözəl. Yuxarıda Əlişir Nəvaidən, “Leyli və Məcnun” poemasından təsadüfən söz açmamışdım. “Özbək dili ilə Azərbaycan dili (Türk dili, Azərbaycan türkcəsi, Oğuz-Türk dili - V.O.) müəyyən oxşarlıq təşkil etsə də, Nəvainin şeir dilini başa düşmək Azad üçün çətin idi. İnqa gözəl köməkçi idi bu işdə, Azadın başa düşmədiyi beytləri İnqa ruscaya çevirirdi” Ürəyimdən keçənləri bir cümlə ilə yazım: “Kaş bizim “milli” rusdillilərimizdə ana dilimizə belə yanaşma, milli qürur olaydı”... Uğursuz sevginin hıçqırıqları, pıçıltıları, naləsi min ilə yaxındır ki, milli ədəbiyyatımızın əbədi mövzusudur. Ancaq Xaliq Azadinin lirik qəhrəmanları həmişə ağlayıb-sızlamırlar, onlar xeyirxahdılar, mərhəmətlidirlər, bir-birinin dərdinə məlhəm qoymağı bacarırlar. Bu cəhətdən Azad çox maraqlı obrazdır. Azərbaycanın mənəvi cəhətdən saf və dolğun gəncliyinin həmişə arzuladığımız nümayəndəsidir. İnqa ilə Azad obrazlarını yazıçı uğurlu cütlük kimi bütöv yaradıb. Amma, doğru deyiblər ki, sevgiylə zarafat etməzlər, sevgidə güzəşt olmaz: “Baysal o dəqiqə sual dolu nəzərlərlə mənə baxdı. Mən gülümsədim, yalnız. Baysal qəfildən sual verdi: -Azad, bir dost kimi mənə cavab ver, İnqa ilə münasibətin hansı səviyyədədir? Mən gülərək başdansovdu cavab verdim: -Dostluq səviyyəsində. -Yalnız dostluq? -Yalnız dostluq. Mən bu sualları zarafat kimi qəbul etdim... Yazıçının “başdansovdu” kəlməsi yerində işlədilmişdir. Laqeydlik və başdansovduluq sevgiylə yanaşı dayana bilməz. Azadın Vətənə məzuniyyətə gələndə İnqayla görüşməyi unutması da bu ilahi sevginin ömrünü qısaldır. Azadın təəssüf dolu düşüncələri də yazıçının dili ilə desək, səhlənkarlığın nəticəsidir: “Mənə taleyimin təklif etdiyi İnqa adlı gözəlliyi, səadəti qiymətləndirə bilmədim, bəxtimə düşən imkandan sonacan istifadə etmədim. Kaş biləydim onda, insan soyuqqanlığı nələri gətirə bilərmiş gündəmə”... Romanı oxunaqlı edən həm də lirik səhnələrdir: -Eşidirsən? -Nəyi? -Tuk-tuk, tuk-tuk... Necə də gözəl ahənglə vurur, tuk-tuk, tuk-tuk! -Kimin “tuk-tuk”udur? -Kimin? Necə yəni “kimin”, məgər ayrı-ayrıdır ürəklərimiz? İkimizin bircə ürəyimiz yoxdur, bəyəm? Diqqətlə qulaq as, eşidirsən? -Doğru deyirsən, İnqa! İki sinənin bir döyüntüsüdür o səs”... İnsana, insanlığa mərhəmət Xaliq Azadinin “Qəm yağışı”nın leytmotividir. Ç.Bukovski deyirdi ki, hıçqıraraq ağlayan bir qadının göz yaşları ağladan adamın başına gələcəklərinin altına atılacaq imzadır. Bu deyimin “Qəm yağışı” romanında cərəyan edən hadisələrə, Azadla İnqanın taleyinə dəxli varmı? Söz vermişəm axı, roman hansı sonluqla bitir yazmayacağam. Bilirəm ki, sizdə maraq oyanacaq, mən niyə belə etdim. Sonda bir sufi hikmətini xatırladıram: “Sevmək sevilməkdən daha böyük fəzilətdir”. Sevin! İyun 2020
© 2020 - Created by İLK XEBER.