Sözə, şeiriyyətə qiymət bu... Baxın əzizlərim, sözün müqəddəsliyi hər şeydən vacib. Sözə, sənətə ucalıq gətirən bir uca dostumdan söhbət eyləyim. O dost ki, illərdir dostluq edirəm, dostluqda vəfanı onda görmüşəm. Dəyişməz xasiyyəti, sadəliyi vadar edib ki onunla dost olum, sirdaş olum mən. Bu gün həmən dostumun ən əziz günü, dünyaya gəldiyi sevimli bir gün. Yaxşı ki, o gəlib bu gen dünyaya. Yaxşıların cərgəsini böyütmək üçün.
Yaxşı dostum, gözəl insan Seyyid Süleyman, Bu elin, dağların bir azman oğlu... Sinəsi şeirlə, sözlə bol olan, sözə həssaslıqla, incə yanaşan... Sənin qiymətini, sənin qədrini oxuyan bilsin...
Hər qələm götürüb şeir yazanın,
Şeirində dəyərli söz ola bilməz.
Haqdan uzaq düşüb yolun azanın,
Fikri, əqidəsi düz ola bilməz...
Hə, əziz qardaşım doğru demisən. Şeir ilahinin sevdiyi bəndəsinə bir hədiyyəsidir. Zor ilə yazılmaz, deyilməz şeir, təbin bol olsun....Yazıma sözə verdiyin qiymətlə başladım, çün şeirdə sözdən yaranıb...
...Sözə, ədəbiyyata gec qoşulmusan. Özünün dediyini özünə deyirəm. Deyirsən, ahıllıq yaşımda mənə təb gəlib, şeir yazmağa başlamışam. Qardaşım nə ahıllıq, nə də qocalıq? Ömrün müdrik yaşında bu xoşbəxtliyi Allah sənə nəsib edib, şükürlər olsun...
Bəsdir, ay Süleyman etmə gileyi,
Sənə lazım deyil qohum köməyi,
İstə Yaradandan arzu, diləyi,
Sənə ilham verib O bu yaşında,
Bir şair eyləyib ahıl yaşında...
Deyirəm ay qardaş, sənin nə yaşın var ki, özünə ahıl deyirsən. Məşhədi İbad demişkən "Saçın ağarması qocalığa dəlalət eləmir". Saçların bəmbəyazdı, ağdı bilirəm. Amma ki, qəlbin var,r uhun var, hələ cavansan...
...Əlimdə bir qalın şeir kitabı. Baxıram, oxuyuram həvəslə, şövqlə. "Harayladım, qayıtmadı o illər"adlanan bu şeirlər toplusundə elə maraqlı, məzmunlu şeirlər var ki, oxuduqca ləzzət edir, yorulmursan qətiyyən. Kitaba ön söz yazan eloğlumuz Əyyar Cəfərli, Kəlbəcərli şair dostumuz Rəsul Murovdağlı sənin haqqında geniş yazıblar. Bu yaradıcılığa yüksək qiymət verən dostlarımın fikirləri ilə şərikəm, şəksiz.
Şeiriyyət aləminə gec qoşulsan da çoxlarını artıq geridə qoydun... Hər mövzuda şeirlərin var. Ana torpaqdan başlamış Vətənə qədər. İnsan ki yaşadığı torpağın qiymətini bilməzsə onda vətənpərvərlik ruhu əsla olmaz!
....Torpağının sal daşıyam,
Tarixinin yaddaşıyam,
Həm payızı,həm qışıyam,
Ölüb burda qalasıyam,
Mən Yardımlı balasıyam...
Bu torpağın halallığı halalın olsun, əziz dost. Sinəndə həmişə yurd sevgisi, məhəbbəti çağlasın. Bütün sevgi hissləri Vətəndən keçir. Vətənini sevməyən anasını, yaxınını, doğmasını sevərmi? Eşq olsun bu ürəyə, bu qəlbə dostum. Şeirlərində nəsihət dolu misralar da var. Hər bir insan ilk növbədə özünə, sonra başqalarına hörmət etməli. Necə ki, demisən:
Sayana nökərəm, saymaza ağa,
Böyüyə qardaşam, kiçiyə qağa,
Qarşımdakı özün bənzətsə dağa,
Uca zirvə olub "bac alıram" mən.
Doğru, dürüst yanaşma, eşq olsun vallah...
Haqdan, ədalətdən danışan insan,
Haqqı, ədaləti özündə axtar.
Özgənin gözündə incə tükü yox,
Tirləri özünün gözündə axtar.
Haqqı, ədaləti gərək gözləyəsən, gərək biləsən. Bəlkə də dünyanı bürümüş qorxunc xəstəliklə Allah bizləri imtahana çəkibdi.... Agah olsun hər kəs bu imtahan, bu sınaqdan...
Ürəyim doludur, dediyim kimi Seyyid Süleymanın poeziyası maraqlıdır hər bir oxucu üçün.
Ağrıma ürəyim, ağrıma hələ,
Neçə görəcəyim güllü yaz qalıb.
Ömür yollarının enişindəyəm,
Əllini keçmişəm, altmışa az qalıb....
Allah sənə ömür versin ay qardaş,şeiriyyətin tükənməsin. Sən sadiq dostsan hər kəs üçün. Özün demişkən
Dar gündə hayına gəlməyən dostu,
Şadında sevinib gülməyən dostu,
Qədir-qiymətini bilməyən dostu,
Dostluq səh(i)fəsindən atsan yaxşıdı...
Dostluqdan, qardaşlıqdan əskik olmayasan....
...Bu gün sənin ad günündür. Ad gününə bir hədiyyəm olsun deyə bu yazını yazdım. Özün və yaradıcılığın haqqında dostlarımız xoş sözlərini deyiblər.
Allah sənə ömür versin. 60 illik yubileyini təmtəraqla keçirək. Hələ bu illərə bir az qalıbdır. Təki salamatçılıq olsun əziz qardaşım. Nə yaxşı gəlmisən sən bu dünyaya. Allah səni var eləsin. Bu yurd, bu torpaq başdan başa şeirdir. Onu nəzmə çəkənlər, ilhamı çağlayan xoşbəxt insanlardır. O xoşbəxtlərdən biri də sənsən, sevimli dostum, bu yurdun SEYYİDİ...