Gürcüstanın Marneuli rayonunun Qaçağan, Qasımlı, Ağaməmmədli və Beytarabçı kəndlərinin suvarma su ilə təminatında problem yaranıb. “Report”un yerli bürosu xəbər verir ki, bunu Avropalı Gürcüstan Partiyasının Marneuli nümayəndəliyinin rəhbəri Əhməd İmamquliyev deyib. Onun sözlərinə görə, buna səbəb Babəkər dağının ətəyindəki Təzə arxın suyunun qanunsuz kəsilməsidir. Ə.İmamquliyev bildirib ki, Qaçağan kəndində 30 hektar torpaq sahəsində qarğıdalı əkən iş adamı böyük itki ilə üzləşə bilər: “Həmin şəxs 60-70 min lari vəsait qoyaraq qarğıdalı sahəsi salıb. Lakin məhsul suvarılmadığına görə artıq qurumağa başlayıb və tamamilə məhv olmaq təhlükəsi yaranıb”. O deyib ki, problemin həlli ilə bağlı Marneuli rayon rəhbərliyinə müraciət olunub: “Rayonun icra başçısı Zaur Darğallı məsələnin həll ediləcəyini bildirib. Arxa su verilişi bərpa olunsa, kənd təsərrüfatı torpaqlarını quraqlıqdan və sakinləri böyük itkilərdən xilas etmək olar”.
© 2020 - Created by İLK XEBER.