Azərbaycan aliminin bəxti yoxdur. Azərbaycan aliminin elminin maddi qarşılığı yoxdur. Azərbaycan alimi yarıac, yarıtox ayı başa vurur, özü ilə yanaşı övladları da həyat nemətlərindən məhrum olur, bütün bunlar azmış kimi virusun da dəhşətlisi gəlib onu tapır. İdris Abbasovu deyirəm. Feysbukdakı paylaşımları, fotoşəkilləri elm yolunda addım atmağı düşünən mənim kimi nə qədər insanı depressiyaya salıb. Professor sosial şəbəkədə belə yazmışdı: “Səhiyyəyə güvən qalmadı. Ümid Allaha və bir-birimizədir yalnız. Evdə hökm sürən gərginlik uşaqlara da travmadır”. “Yaşadığı gərgin emosional duyğular içində yazılmış fikirlərdir” deyilə bilər. Sağaldıqdan sonra bu paylaşımı silə də bilər. Amma həqiqət dəyişilirmi? Azərbaycan aliminin Tanrıdan başqa ümidi varmı? ... Pedaqoji Universitetdə bir beynəlxalq konfransı izləməyə getmişdim. Qardaş Türkiyə dövlətindən gələn alimlərin geyiminə, üzlərindəki həyat eşqinə baxırdım, bir də on illərdir eyni nimdaş kostyumu və qalstuku ilə kürsüyə çıxan bizim alimlərə. Halbuki bizim alimlər elm kürsüsündə onların çoxunu aşağıda əyləşdirmək gücündə idi. Amma yoxsulluq insanı əzdiyi üçün sözün qətiyyəti də itir bizim kimi ölkələrdə. Koronavirusa yoluxan professor İdris Abbasovla bağlı çalışdığı yerin rəsmi açıqlamasını da oxudum. AMEA-nın İdris Abbasova hər cür maddi və mənəvi kömək göstəriləcəyi qeyd olunurdu. Təki elə olsun. Amma Azərbaycan aliminə yardım yataqda yada düşməməlidir. Gənc alimlər, namizəd olmaq istəyənlər bunları görürlər. “Necə imkan tapım, ən azından Türkiyədə özəl universitetdə dərs deyim” düşüncəsi ilə yaşayan nə qədər faydalı insanlar tanıyıram. Dil qabiliyyəti olanların isə Almaniya, İngiltərə, Fransaya necə can atdıqlarını da görürəm. Belə olmalı deyildi. Öz kiçik fəaliyyətimdə utanaraq kampaniya keçirib vətəndaşlardan pul toplayıb Azərbaycan tarixinə qazandırdığım hər materialdan sonra ağır stress də keçirirəm. Nə üçün etdim bunu, kimə görə etdim, faydası oldumu, gərək var idimi? Sabah Tanrıdan və təbiətdən gələn bir bəla qarşısında bunlar məni xilas edəcəkmi? Yoxsa, “daha faydalı işlərlə məşğul ol” deyən dostlarım dahamı haqlıdırlar? İdris müəllimin fotoşəklini gördükcə bu suallar hər gün alimliyə namizəd olmaq üçün çalışan biri kimi beynimi məhv edir. Mən İdris Abbasovun hazırladığı “Türk-tatar dilinin qrammatikası” kitabının orijinal Kazan nüsxəsinə sahib olmuşam. Sonra ehtiyacdan satmışam. Necə ki, bu tərcümə İdris bəyə də qazanc gətirməyib. Başqa ölkədə o cür kitab hazırlananda müəllif bir illik dolanışığını qazana bilir. Professorun yeri yataq deyil, uca kürsülər olmalıdır. Professorun məişət qayğıları, sağlamlıq qorxuları olmalı deyil, o hər zaman güclü olmalıdır ki, elmə və Azərbaycana fayda versin. Sizi ən uca kürsülərdə görmək arzusu ilə, hörmətli professor. teleqraf.com
© 2020 - Created by İLK XEBER.