Deməyin, nə olasıdır, yeni əsr bəlasıdır, nə vaxtadək qalasıdır, bilən yoxdur, əsas xalqın xilasıdır, bilən, görən, deyən çoxdur, amma yenə, bilə-bilə, görə-görə ki, dünyada ölən çoxdur, deyib-gülən, məzələnən, lağ eləyən, lağlağıda ağ eləyən, insanları inkar tipli xəbərlərə tağ eləyən adamlar var. Özü arıq, xəstə, sısqa, yaxın qoymur spirt, maska, başqasına tənə edir yastı-yastı: “Bu nə kaska, bu nə yaşmaq”. Kişi, sən gəl, olma axmaq, bunca cahil, gəzmə yolda, orda-burda veyil-veyil, bir canının qədrini bil, elə deyil, dön, sən bir bax Avropaya, virusları yaya-yaya, tabutları olub taya, ta ÜST-müst də gəlmir haya, Madrid yatır, Milan batır, Paris, London-filan batır, Ulan Bator, Peru, Misir, qorxusundan tir-tir əsir, hamı olub əsir-yesir, ölüm xofu nəfəs kəsir, amma sənə etmir təsir. Dünya durub, virus vurub hər tərəfi, işi-gücü, puçu burub, ipi qırıb. Hanı dünyanın devləri, hökmdarları, şefləri, istəyən zaman kefləri, qururdular böyük sammit, ya bir forum, gülürdülər şirin-şirin, dinirdilər harın-harın, gəzirdilər beş-beş, on-on, budur, ötür beş ay yarım, hanı Conson, hanı Makron? Virus yayıldı bir kərə, hamını saldı təkərə. Merkel onsuz da əsirdi, Putin də girdi bunkerə. Hanı xarizmatik kələ, Bolsanaru? COVİD ölkəni vuralı, ölkəsinin tək kralı, gəzir xalqından aralı, hər söz deyilir adına, gedir virusun badına. Artıq Rionun yadına düşmür şənlik və karnaval, nə maskarad, nə festival, nə də ki başqa qelyü-qal. Ramba-rumba, tanqo, samba vaxtıdırmı, sinyorina? Balıq-tilov, kanal-damba, ya bazlıq, ov vaxtıdımı, gəl bu yana. Qəbələdə nə işin var, sıx meşədə, şux guşədə nə quşun var, cavan oğlan, ciibində beş quruşun var, otur sakit bir köşədə, gah Qubada, gah Nabranda, gah da başqa bir obada şellənirsən, həftə sonu yellənirsən öz cipinlə, hər bucaqda küllənirsən, tamam, bildik, olmalıykan İbizada, məcbur olursan Lazada, yanındakı beş hozu da o gün qırx yeddi pozada şəkil çəkdi, bəs sonrası necə oldu? Əvvəl-əvvəl keflər kökdü, amma gəldi, boynunuza polis çökdü, abrınızı aldı bükdü, tapdı səbəb, ovqatınız oldu xarab, qanlı kabab, sərin “Sirab”, şirin şərab və ilaxır təam-nemət... hamısı qaldı Marxalda, köz ocaqda, şiş manqalda, göz süfrədə, siz o halda, bölmədə ac, umsuq və pərt. Baxışlar sərt, dil də gödək. Di get, kabab, şəkil, kef çək, üstündən də bir siqaret. Məclis oldu bekara, hamı qaldı avara, hamakda yelllənirdin, söykədilər divara. Bax, belə bir macəra. Yaxşdırmı indi bu hal, pozuq əhval və qalmaqal, ey həmvətən, a mən deyən? Amma neynək, deyilsən tək, orda el-el, otel-otel, motel-motel axtarırlar və tapırlar karantini pozanları, rayonlara sızanları, azanları, ağ gününə qara sətir yazanları. Şəkilləri çəkilənlər, boynu məsum bükülənlər, yanıb-yanıb tökülənlər, bir neçə də fürsət tapıb əkilənlər var, amma ki, haram olan istirahət, boşa gedən məzuniyyət və səyahət, həm cərimə, həm də çəkilməz xəcalət ortadadır. Tərs olacaq, hirs olacaq, yəqin bu, bir çoxlarına dərs olacaq, ola bilər, bir sırası, ya da ən azı yarısı biləcək ki, yaymaq olmaz o virusu, cinayətdir. Budur niyyət, əsas məqsəd, mədəniyyət. Heyhat, fəqət, biz başqayıq, biz hələ ki bu başdayıq, virus çoxdan çıxıb Çindən, aşıb səddi, ölüm sayı olub yeddi, keçib həddi, bizsə hələ indi-indi ciddi-ciddi inanırıq, deyinirik, kimi gəldi, qınayırıq, nə düşdüsə, sınayırıq başımızda. Amma axı demişdilər, sakit olun, ərzaq alın, evdə qalın, əlinizi təmiz yuyun, əlcək geyin, maska taxın, lakin yenə gönüqalın şəxslər vardı, deyirdilər, bir kələkdir, bir oyundur, sanki hamı küt, qoyundur, bircə onlar ağıllıdır. Beləcə, o gic adamlar, doğuşdan bivec adamlar, anlayışı gec adamlar, bir dəstə də bic adamlar, kəmfürsətlər, işbilməzlər xalqı bu günə qoydular, nə qanun-qayda saydılar, nə bir nəsihət duydular, hey yaydılar həmin o qorxunc illəti, yazıq etdilər milləti. Hər zilləti görmüş bu xalq, etmirdi haqq bu möhnəti və çox nahaq belə oldu. Amma yenə, dönə-dönə demək gərək, sənə, mənə, ona, bizə, hamımıza dəyə bilən bir azardır, ağzıaçıq bir məzardır, ölüm satılan bazardır. Odur ki, siz müdrik olun, deməyin, nə olasıdır, yeni əsrin bəlasıdır, nə vaxtadək qalasıdır, bilən yoxdur, əsas xalqın xilasıdır...
© 2020 - Created by İLK XEBER.