İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun 19 və 26 iyun tarixlərində “Spase” televiziya kanalının “Sadə həqiqətlər” verilişindəki müsahibələri geniş İctimaiyyət - elmi dairələrin nümayəndələri, sosial şəbəkə izləyiciləri, eləcə də xaricdəki soydaşlarımız arasında kəskin müzakirələr doğurmuşdur. Bu müzakirələrin gedişində Vasif Qafarovun efirdə səsləndirdiyi mübahisəli fikirlərə və nümunə gətirdiyi tarixi sənədlərə ölkənin tanınmış tarixçi alimləri, mütəxəssislər, ziyalılar, Vətən tarixi, o cümlədən Cümhuriyyət tarixi ilə dərindən maraqlanan gənclər tərəfindən əsaslı və ətraflı elmi cavablar verilmişdir. Burada məqsəd məsələnin elmi-tarixi tərəfi olmadığı üçün onların üzərində dayanmağa ehtiyac görülmür. Belə ki, Vasif Qafarov 26 iyun tarixli müsahibəsində ciddi elmi müstəvidən kənara çıxmış, onun tarixi prosesləri siyasiləşdirmək, nəticədə Cümhuriyyət tarixini təhrif etmək, liderlərini isə ümumi qınaq obyektinə çevirmək cəhdlərinə etiraz edən tarixçi alimləri hədəf götürmüşdür. Adlarını çəkdiyi alimlərinin professional keyfiyyətlərinə “qiymət” verməklə (“bilikləri məktəb şagirdləri səviyyəsindədir”, “yarımçıq tarixçilər”, “savadları çatmır” və s.) başlanan təhqir və aşağılama ifadələrindən sonra Vasif Qafarov əndazəni aşaraq onu yalnız tənqid etmiş tarixçi alimlərə qarşı artıq siyasi və hüquqi xarakterli ittihamlar irəli sürmüşdür. Heç bir siyasi fəaliyyətlə məşğul olmayan dörd tanınmış alim və müəllim hakimiyyətə müxalif mövqedə duran Milli Şuranın “ştatdan kənar” üzvləri kimi qələmə verilmişdir. Biz, həmin alimlər, tam əminliklə bildiririk ki, əgər hər hansı siyasi partiyanın, ya qurumun üzvü olmaq niyyətimiz olsaydı bunu açıq şəkildə edərdik. Bizim indiyədək cəmiyyətdə qazandığımız nüfuz, hər hansı ictimai əhəmiyyətli məsələdə tutduğumuz müstəqil mövqe, fikrimizi açıq bildirmək cəsarətimiz bunu deməyə tam əsas verir. Bizə “gizli müxalifətçi” damğası vurmaq cəhdi, eləcə də tarixçi kimi cavablandırmağa gücü çatmadığı keçmiş müəllimi, professor Cəmil Həsənlinin adını alim kimi deyil, Milli Şuranın sədri kimi siyasi müstəvidə hallandırması bir daha Vasif Qafarovun qeyri-elmi, məhz siyasi motivlərdən və konyukturaçı mövqedən çıxış etdiyini göstərir. Vasif Qafarov müsahibədə adını çəkdiyi alimləri “İrəvanı Azərbaycan torpaqları saymayan”, onun ermənilərə verilməsinə “haqq qazandıran”, “erməni tarixçilərinə dəstək verən”, “Azərbaycan dövlətinin, Vətənin mənafeyində durmayan”, “Azərbaycan Prezidentini dəstəkləməyən”, əksinə, qonşu düşmən dövlətin başçısının “yanında duran” “Vətən xainləri” adlandırır. Bu zaman həmin dövlətin hökumət başçısının adı dəfələrlə xatırlanır, onun mənafeyinin və maraqlarının “Azərbaycan millətinin nümayəndələri” tərəfindən müdafiə edildiyi kimi fikirlər səsləndirilir. Bu müsahibədə adı çəkilən Azərbaycan tarixçilərinin və alimlərinin hər birinin uzun illər elmi fəaliyyəti, kitabları, eləcə də Cümhuriyyət tarixinə dair yazdıqları əsərləri göz qabağındadır və bu əsərlərdə İrəvanın güzəştə gedilməsi məsələsinə münasibət də sırf tarixi-elmi şəkildə ortaya qoyulmuşdur. Lakin bütün bu ittihamlar həmin alimlərin İrəvanın verilməsi məsələsi daxil olmaqla Cümhuriyyət tarixinə dair yazdıqları çoxsaylı əsərlərindən, televiziya kanalları və sənədli filmlərdəki çıxışlarından, eləcə də sosial şəbəkələrdəki maarifçi yazılarından hər hansı nümunələr gətirilməklə deyil, yalnız özlərindən daha “savadlı” Vasif Qafarovla “razılaşmadıqları” səbəbindən irəli sürülür və bu səbəb Qafarov tərəfindən açıq etiraf edilir ?! Daha sonra müsahibədə İrəvanın verilməsi ilə heç bir əlaqəsi olmayan başqa bir mövzu ortaya gətirilir. 1918-ci ildə erməni-bolşevik silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, talan və qarətləri araşdırmaq məqsədilə Cümhuriyyət hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini toplular halında nəşr etmiş və bu mövzuda monoqrafiyalar yazmış (bu bəyanatın müəlliflərindən biri) tarixçi Solmaz Rüstəmova-Tohidi həmin kitabların başlığında “soyqırımı” (genosid) deyil, “qırğınlar” (poqromı) kəlməsi işlətdiyinə görə “Azərbaycana xəyanətdə” günahlandırılır. Bu “ittiham” özlüyündə V.Qafarovun arxiv sənədləri ilə işləmək və onları təqdim etmək sahəsində qeyri-peşəkar olduğunu bir daha sübut edir. Belə ki, dünya tarixşünaslığında “poqromlar tarixi” kimi xüsusi istiqamət olduğunu bilməyən bir tarixçi təbii ki, «poqromun»un sübutu olmadan “soyqırımı” – siyasi qiymət verilməyinin, özündə “poqrom” anlayışını – kütləvi qırğınlar, talanlar və qarətlər kimi fiziki aktları – ehtiva və təsdiq edən sənədlər toplularının “soyqırımı” adı ilə nəşr olunmasının qeyri-elmiliyini dərk etmir. Burada başqa bir məqama da diqqət yetirilməlidir. Solmaz Rüstəmova-Tohidinin tərtibçisi və müəllifi olduğu sənədlər topluları və həmin hadisələrin soyqırımı olduğu sübut edilən monoqrafiyaları, eləcə də 1918-ci il hadisələrinə dair Fransadan, Ə.M.Topçubaşovun arxivindən tapıb gətirdiyi 102 foto-sənəddən ibarət kitab-albomları 2009- 2013-cü illərdə Azərbaycan Respublikası Əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşların işi üzrə Dövlət Komissiyası (3 dildə, 5 kitab), 2013-cü ildə isə Heydər Əliyev Fondu (4 dildə, 9 kitab) tərəfindən məhz “Poqromlar” adı ilə nəşr edilib. İndi V.Qafarovun məntiqinə görə adı çəkilən bu qurumlar da “Azərbaycana xəyanətdə” ittiham olunurlarmı? Azərbaycanın tanınmış, nüfuzlu alimlərinin televiziya ekranından dönə-dönə öz vətəninə, dövlətinə xəyanətdə, qonşu düşmən dövlətin maraqlarına xidmət etməkdə ittiham olunması olduqca ciddi məsələdir, ölkənin bu günki siyasi-ictimai, ideoloji-mənəvi həyatına mənfi təsir göstərən yolverilməz presedentdir. Həmin verilişdən keçən 10 gün ərzində bu hadisəyə müvafiq dövlət orqanları tərəfindən hər hansı münasibət bildirilmədiyi geniş ictimaiyyətdə və ilk növbədə ittiham olunan alimlər və onların həmkarları arasında böyük narahatlıq və suallar doğurur. Nə baş verir? Vaxtilə vətəndaşları olduqları böyük bir ölkənin nümunəsində görkəmli ziyalıların hakimiyyətə müxalif siyasi düşərgəyə “işləmək” kimi ittihamlarla başlayan və “Vətən xaini” kimi qondarma damğaların vurulmasına gətirən bir dövrün abu-havasını başqalarından daha yaxşı bilən tarixçilər yaranmış bu presedenti necə qiymətləndirməlidirlər? Şəxsi ambisiyalarını və elmdən kənar maraqlarını ortaya qoymuş bir tarixçinin, eləcə də reytinqini qaldırmaq məqsədilə “Sadə həqiqət” adı altında “siyasi şou” qurmuş “Spase” tele-kanalının rəhbərinin məsuliyyətsiz və düşünülməmiş addımı kimi ? Yaxud məqsədli şəkildə idarə olunan bu şəxslərin dili ilə Azərbaycanın dövlət maraqlarına qarşı yönəldilmiş təxribat hadisəsi kimi? Verilişin canlı efirdə olmadığı, montaj edildiyi halda alimlərə qarşı səsləndirilən ittihamların saxlanılması məqbul bilindiyi və “aparıcı” tərəfindən birmənalı dəstəkləndiyini, dəfələrlə anons edilib, təkrarlanmasını nə ilə izah etmək olar ? Azərbaycandan xaricdə də baxılan televiziya məkanından səslənən həmin fikir və ifadələrin sabah təcavüzkar dövlətin rəsmi leksikonunda milli maraqlarımıza qarşı istifadə oluna biləcəyinin fərqinə varılırmı?! Qonşu düşmən ölkənin hökumət başçısının dəfələrlə adı çəkilməklə azərbaycanlı alimlərə qarşı irəli sürülən bu ittihamlar Azərbaycan torpaqlarına iddialarını hər vasitə ilə “əsaslandırmağa” çalışan işğalçı dövlətin təbliğat şəbəkəsinə “qiymətli bir hədiyyə”, əslində birbaşa Azərbaycanın milli və informasiya təhlükəsizliyinə yönəlmiş təxribatdır. “Vətən xaini”, “ Dövlətə xəyanət” ifadələri ağır ittihamlardır, cinayət tərkibi olan məsuliyyətdir. Bu ittihamlar qarşısında susmaq, “fikir verməmək”, “boş buraxmaq”, “ciddiyə almamaq” onları qəbul etmək, onlarla razılaşmaq deməkdir. İllərlə qazandığımız ziyalı və alim nüfuzunu, özümüzə və bir-birimizə hörməti itirmək deməkdir. Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər. Vətənə, Dövlətə xəyanətdə ittihama məruz qalmış Azərbaycan alimlərinin hüququ, şərəf və ləyaqəti ilk növbədə dövlət tərəfindən qorunmalıdır və biz, bu müdafiəni öz Dövlətimizdən gözləyirik. Stalinizm rejiminin tarixi təcrübəsinin təkrarı kimi qiymətləndirilə biləcək bir hadisənin – bir qrup tanınmış ziyalının, alimin öz Vətənləri ilə müharibə vəziyyətində olan işğalçı dövlətin “maraqlarına xidmət etməsi” kimi uydurulmuş, böhtan xarakterli “presedentin” – ilk növbədə ölkəmizin milli maraqlarına və beynəlxalq imicinə zərər vuracağını nəzərə alaraq biz, humanistlik nümayiş etdirib həmin ittihamları irəli sürmüş tarixçi Vasif Qafarovun 26 iyun tarixli müsahibəsində adlarını çəkdiyi Azərbaycan alimlərindən söylədiyi böhtanlara görə eyni telekanalda və eyni verilişdə üzr istəməsini və dediklərini təkzib etməsini tələb edirik. Əks təqdirdə biz vətəndaşı olduğumuz Vətənimizin və Dövlətimizin maraqlarını, həmçinin öz Şərəf və Ləyaqətimizi hüquqi müstəvidə qoruyacağıq. Bildirmək istəyirik ki, bundan sonra yarana biləcək vəziyyətə görə, biz deyil, məsələni həmin səviyyəyə çatdırmış qarşı tərəf məsuliyyət daşıyacaqlar. Solmaz Rüstəmova-Tohidi, tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Qulu Məhərrəmli, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Boran Əziz, tarix üzrə elmləri doktoru, dosent
© 2020 - Created by İLK XEBER.