Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Regional siyasət komitəsinin sədri Siyavuş Novruzov unikal.org-a müsahibəsində sabiq səhiyyə naziri Əli İnsanovun YAP-ın rəhbərliyindəki fəaliyyətinə aydınlıq gətirən sensasion faktlardan danışdı. Əli İnsanovun müxalifət düşərgəsində fəallaşmasını şərh edən hakim partiyanın nümayəndəsi YAP üzvlərinin yeni yaradılan İnsanov partiyasına keçmələri barədə məlumatı qəti şəkildə təkzib edib: “Elə bir şey yoxdur. Beyləqan rayon təkilatının sədri vardı, biz onu hələ 15 il bundan qabaq uzaqlaşdırmışdıq. Bir odur, bir də Nəsimi rayon təşkilatından bir-iki nəfər. Onlardan başqa YAP-dan onun yanında heç bir şəxs yoxdur”. S.Novruzov Ə.İnsanovun hakim partiyanın yaranmasında xüsusi rolunun olması və onun sütunlarından biri sayılması barədə səsləndirilən fikirləri də qətiyyətlə təkzib edib: “Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. Partiyanı yaradanlar arasında Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Allaverdiyev, Hacıbala Abıtalıbov, Asya Manafova vardı, bunların qasrşında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da”. Sonra S.Novruzov Yeni Azərbaycan Partiyası İdarə Heyətinin Prezidentin və partiya başçısı İlham Əliyevin, eləcə də keçmiş səhiyyə naziri Əli İnsanovun iştirakı ilə keçirdiyi toplantı barədə sensasion bir əhvalat danışıb: “Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi. Prezidentə dedi ki, məni müdafiə edin, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır. Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsələni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdən xahiş eləd ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova, Əli Əhmədov və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm. İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram”.
© 2020 - Created by İLK XEBER.