Professor koronavirusa yoluxdu

Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov koronavirusa yoluxub. Musavat.com xəbər verir ki, bu barədə ədəbi tənqidçi Əsəd Cahangir öz "Facebook" səhifəsində paylaşım edib. O, İ.Abbasovun vəziyyətinin ağır olduğunu bildirib: "İdris Abbasovu bu durumda görmək mənə çox ağır təsir bağışladı. Hazırda o, 4 yüz il bundan öncə yazılmış, min yüz səhifəlik "Azərbaycan dilinin orijinal qrammatikası" əsərini italyan dilindən dilimizə çevirir və tərcümə, demək olar ki, çapa hazır vəziyyətdədir. Onun koronavirusa yoluxması, durumunun ağırlaşması da bu tərcümə üzərində üç il ərzində gecə-gündüz çalışması ilə bağlıdır. Fiziki cəhətdən xüsusi sağlamlığı ilə seçilməyən İdrisə bu qədər gərgin zehni zəhmət qəti olmazdı. Üstəlik də maddi baxımdan problemlər içində olan bir vaxtda. İdris belə məsələləri açıb-ağartmağı heç vaxt sevməyib. İndi bilirəm ki, bu açıqlamam onun ürəyincə olmayacaq. Bu mənim öz təşəbbüsümdür". Əsəd Cahangir əlaqədar qurumları professorun səhhətinə biganə qalmamağa çağırıb: "Bütün şüurlu ömrünü fədakarcasına elmə həsr edən bir şəxs bu ölüm-dirim savaşında niyə tək qalmalıdır? Niyə ev şəraitində öz cüzi vəsaiti hesabına müalicə olunmalıdır? Niyə çalışdığı təşkilat, əlaqədar qurumlar onun həyatına belə etinasız yanaşmalıdır? Əziz dostlar, xahiş edirəm ki, səsimə səs verəsiz və bununla fədakar alimin normal həyata qayıtmasında yardımçı olasınız! Xahiş edirəm ki bunu da nəzərə alasınız! İdris Abbasov on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Naxçıvan Nümayəndəliyinin rəhbəri işləyib. Amma bir adam belə deyə bilməz ki, bu on ildə kimdənsə bir qəpik rüşvət alıb, haram qazanca əl atıb. Bəlkə, elə etsəydi, heç bu gün hər hansı yardıma, dəstəyə ehtiyacı olmazdı". Ə.Cahangir İ.Abbasovun həyat yoldaşının da COVİD-19-a yoluxduğunu qeyd edib: "Məsələni çətinləşdirən daha bir məsələ isə alimin həyat yoldaşının da hal-hazırda daha ağır yoluxmaya məruz qalmasıdır". Musavat.com