“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi (bundan sonra Mərkəz) hesabat dövründə (15 may - 29 iyun) Bakının müxtəlif ərazilərində ticarət, ictimai iaşə və digər obyektlərdə ədəbi dil normalarına riayət edilməsi ilə bağlı monitorinqlərini davam etdirib. Hesabat dövründə paytaxtda və ölkənin digər ərazilərində pandemiya ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edildiyinə baxmayaraq, Bakının müxtəlif yerlərində 140 foto çəkilib. Monitorinqlər bir daha göstərir ki, Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən strukturlar öz vəzifəsini yaxşı icra etmir. Ona görə də bir ay ərzində ədəbi dil normalarının pozulması halları ilə əlaqədar olaraq FADMM tərəfindən öncə Dövlət Dil Komissiyasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayevə, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciətlər edilib. Arasında millət vəkili, akademik, 30 professor olmaqla 100-dən çox alim, eləcə də yazıçı, müəllim Bakının əcnəbi dillərin “işğalından” azad edilməsini istəyir. Müraciətdə radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarından narahatlıq ifadə olunub. Müraciət geniş xalq kütıəsi arasında böyük rezonans doğurub. Bu da xalqın öz dilinə biganə olmadığını göstərir. Müraciətlər “ilkxeber.org”, “moderator.az”, “axar.az”, “teref.az”, “təzadlar.az”, “publika.az”, “xezerdemo org”, “cebhe.info”, “bizimesr” və başqa saytlarda dərc edilib. Həmçinin "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri Vasif Sadıqlının “teleqraf.com” saytında geniş müsahibəsi dərc edilib. Müsahibə “dialoqinfo”, “publika.az”, “strateq.az” saytlarında dərc olunub. Bundan əlavə, "Dünyanın ən məşhur ölü dilləri" (Vasif Sadıqlı), "Dillərin tipoloji təsnifatı" (Vasif Sadıqlı), "Bəlalı dil haqqında qeydlər…" (İradə MUSAYEVA), "Cavid prospektinin dil mənzərəsi" (Gültəkin Ağaılı), "28 May küçəsi və Bakı Dəmiryol Vağzalı ətrafının dil mənzərəsi" (Vasif Sadıqlı), "AYB sədri Anar müəllimə açıq məktub" (Vasif Sadıqlı), "Üzeyir Hacıbəylinin “O olmasin, bu olsun“ komediyasinda ana dili məsələsi" (Gültəkin Ağalı), "Şıxəli Qurbanov küçəsinin dil mənzərəsi" (Pərvanə O-nurlu), "İnsan nə qədər satqın və nankor olar ki, öz dilini yadlara satsın?" (Həcər Paçayeva), "Şair Füzuli ilə paytaxtın Füzuli kücəsində" (Sima CƏFƏROVA) geniş ictimaiyyətin müzakirəsinə verilib. FADMM-in bir qrup ziyalılarla birlikdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanladığı məktuba cavab olaraq BŞİH nümayəndəsi problemin həlli yollarını müzakirə etmək üçün görüşmək istədiyini bildirib. AMEA əməkdaşları, digər tanınmış alimlər, yazıçılar, incəsənət xadimləri və hüquqşünaslarla BŞİH nümayəndələrinin görüşü karantin müddəti bitdikdən dərhal sonra baş tutacaq. Bu müzakirələrin səmərəli olacağına və tezliklə paytaxtın ticarət və digər xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarının tətbiq edilməsinə nail olacağımıza inanırıq. BŞİH-nin cavabı 10-dan artıq saytda dərc olunub. FADMM problemin həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcək. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin mətbuat xidməti
© 2020 - Created by İLK XEBER.