Hərdən düşünürəm, əcəba, bu dünyanı bürüyən COVİD-19-dur, yoxsa inamsızlıq virusu?! İnsan öz inamını nə zaman, niyə itirib ki, indi özündən belə hürkür?! İnamsızlığı elə bir ifrat səviyyədədir ki, bundan zərər gördüyünə də inanmır. Virus gözlənəndən daha üzlü, daha dözümlü, daha aqressiv çıxdı. İlk başda "səndən betərlərini də görmüşük" deyib onu, az qala, ələ salmaqla, gah karikaturalarla, gah qısa videoçarxlarla gülüş hədəfinə çevirməklə insan sanki özünün ondan daha qüdrətli olduğunu sübut eləməyə çalışırdı. Bu taclı antiinsan isə sakitcə, yavaş-yavaş öz hökmünü göstərməyi bacardı. Altı ay - ilin tən yarısı ərzində bütün dünyanı iflic vəziyyətinə salıb hələ də niyyətini tam açmamaqla sanki vahiməsini artırmaq istəyir. Adamda belə fikir formalaşır ki, ya onun dediyi sözlər hələ bitməyib, ya da insan hələ anlayacağını anlamayıb. Vəziyyət o qədər mürəkkəb, o qədər qeyri-müəyyəndir ki, nə qədər yazsan da, qaranlıq künc-bucağın hələ çox olduğunun fərqinə varırsan. Əslində, hər şey gün kimi aydındır: əlini yu, məsafəni də saxla. Daha dərindən təhlil edəndə anlayırsan ki, qaranlığı çökdürən elə inamsızlıq, güvənsizlikdir. Bəli, bu dəfə yalnız bir şeydən danışacam - inamsızlıqdan. Gedib tarixi araşdırıb insanların inamının zəhərləndiyi məqamı tapmaq dərin, ciddi əmək tələb edir. Mən bir neçə il əvvəl "Kamil insan" haqqında yazanda problemə yetəri qədər diqqət ayırmışdım, indi özümü təkrarlamaq istəməzdim. Bu gün qısa statusların romanları sıxışdırdığı, bir emosiya işarəsinin bütün hissləri çatdırdığı bir vaxtdır. Ona görə, biz də bəzi vacib, amma "mürgüləyən" məqamlara yüngülcə toxunmaqla kifayətlənəcəyik. İnamın qopduğu məqam... İlk dəfə insanın inamı Allahın ona verdikləri ilə ürəyindən keçən arzular üst-üstə düşməyəndə sarsılıb yəqin ki. Yəni özünü haqlı, Yaradanı haqsız bildiyi anda. Sonralar Mütləq Yaradanın funksiyalarını öz öhdəsinə götürən din xadimləri və onların simasında dini sistemlər insanların düşüncələrini məngənədə sıxmağa başlayanda və insanın öyrənmək istədikləri dinin çərçivələrinə sığmayanda, inam tamamilə yerlə yeksan oldu. Yəni insan öz ağlının hüdudlarını Allahın hikmətlərindən daha geniş hesab edəndə inam da laxladı, etibar da. İnsan özünə yeni səcdə obyekti axtardı və öz ağlını tapdı. Ağlın dəyərinin artması, elmin inkişafı insanı başqa insanın quluna çevirdi. İnsan yaratdığı elmlərlə, texnika ilə daha çox təbiətə, onun sirlərinə nüfuz edir, nüfuz etdikcə sahiblənir, sahibləndikcə dəyişdirir, özünə ram edir, "özəlləşdirir"di. Bu, bir-birini şərtləndirən və stimullaşdıran addımlar insanı başqa bir aləmə aparırdı. Bir tərəfdən, tanış idi, çünki özü yaratdığı dünya idi, digər tərəfdən, zülmət qaranlığın xofundan canına üşütmə düşürdü, çünki bu aləm sanki insandan kənarda və ondan asılı olmayan bir dünya idi, öz qanunları, öz tələbləri var idi və onun qatlarını kəşf etmək üçün insan onun qanunlarına tabe olmalı idi. Maraqlıdır, dinin köləliyindən qaçan insan könüllü şəkildə özünə bir "Tanrı" düzəldirdi. Berdyayev bunu belə təsvir edir: "Hansısa sirli bir qüvvə, sanki insana və təbiətin özünə yad olan üçüncü bir element insanın həyatına girir, insan və təbiət üzərində dəhşətli bir hakimiyyət qazanır. Bu yeni dəhşətli qüvvə insanın təbii formalarını parçalayır. O, insanı hissələrə bölür, dağıdır və nəticədə insan əvvəllər olduğu kimi təbii varlıq olmaqdan çıxır". Günahı yazan da insan, bağışlayan da insan. Hakim də insan, məhkum da insan. Mütləq Hakimiyyət! Əslində, bu inamın başı yekə olsa da, kökü qıl qədərdi. Çünki yoxdan yarada bilməyən insan öldürməyi, yox eləməyi çox tez öyrənmişdi. Dünya insan ağlının hüdudlarında idarə olunduqca, insanların bu dar ədalətsiz dünyaya da inamı itməyə başladı. Husserl etiraf edir ki, "dünyaya məna verən mütləq ağıla inam məhv olduğuna görə, tarixin mənasına, bəşəriyyətin mənasına, insanın öz fərdi və ümumbəşəri varlığının əqli məna qazanması imkanı kimi anlaşılan azadlığına inamı da uçuldu. Bu inamın itirilməsi o deməkdir ki, insan "özünə", öz əqli varlığına inamı itirir. O, bu varlığa heç də həmişə malik deyil və "mən varam" tezisi ilə də açıq-aşkar malik olmur. O, bunu öz həqiqəti, özünü həqiqətdə sezmək uğrunda mübarizədə əldə edə bilər". Filosof bir neçə kəlmədə XX əsrin tam mənzərəsini verir: əqlin uçulmuş idealı, özünə inamını itirmiş insan, Dekartdan başlayan "var olma" prinsipinin puç və naqis olması, özünü fərqli bir yerdə axtarmağın vacibliyi. Beləcə tanrı-insan faktoruna inam da çökməyə başladı. Bunun bariz nümunəsini, pik nöqtəsini Freydin psixoanalizində müşahidə eləmək mümkündür. Onun görüşlərini təhlil edən Yunq yazır: "Freydin böyük nailiyyətlərinə mən onun.... zalımcasına dünyaya müasir dövrün çürüklərini göstərməsini aid edirəm ki, bu da ona populyarlıq gətirmədi. ...Qeyri-şüuriyə müəyyən yollar açmaqla Freyd bizim yeni sivilizasiyaya yeni təkan verdi". Yung bir şeydə yanıldı: çürükləri nümunə kimi göstərməsi Freydə populyarlıq gətirdi. Əslində, Freyd bütöv bir prosesin görünən və get-gedə güvən qazanan dalğası idi. İnsanlar səcdəsinə durduqları çürük-tanrılarla rastlaşdıqca, bütün varlıqları ilə onlara sığındıqca, inamları da çürüməyə başladı. Beləcə, insanlar reallıqda kamillik deyil, eybəcərlik axtardılar, tapdılar. Hər nə qədər bunun eybəcər, naqis bir şey olduğunu bilsələr də, şüuraltı olaraq, öz nümunələrinə bənzəməyə başladılar. İndi tarixin tam bu nöqtəsindəyik: çürük inamımızla baş-başa. Və düşünürəm ki, dünya COVİD-19-un əlində ona görə aciz qalıb ki, əsas silahının - inamının barıtı çoxdan qurtarıb. Yuyulan əllər, ... qara qalan üzlər Təqribən 6 aydır, virus bütün dünyaya israrla əllərini yudurdur. Son illər bəşəriyyət yaman çox qan gördü. Televiziyalar terror, qarşıdurma xəbərlərini verib çatdıra bilmirdilər. Dünya çalxalandıqca durulmaq əvəzinə, daha çox bulanırdı. Asif Əfəndiyevin bir bayatısında deyildiyi kimi, Palçıq üstə çıxdı, dağ altda qaldı, Şikəst üstə çıxdı, sağ altda qaldı, Zəmanə nehrəsi tərs çalxalandı, Ayran üstə çıxdı, yağ altda qaldı. Yaxın, Uzaq, Orta Şərq od tutdu yandı, dəniz ləpələri qaçqın körpənin ölüsünü avropalının günəşləndiyi çimərliyə vurdu çıxartdı, kimi isə etnik mənşəyinə, bir başqasını dini əqidəsinə görə qanına qəltan elədilər, qonşu xain çıxıb gecə ilə qonşusunun uşağını, qocasını öldürdü, okeanın o tayından qalxıb dünyanın bu başında yaşamağı öyrətmək adına dinc sakinlərin evini başlarına uçurtdular. Beləcə insanlıq qan gölündə batdıqca batdı. Əslində, dünya bu vəziyyətə tədricən gəlmişdi, ona görə də heç təəccüblənmirdi. Eynşteyn bir məqaləsində deyir ki, "dinsiz elm topal, elmsiz din kordur". Cəmiyyət zatən topal alim və kor din xadimlərinin əlində oyuncağa çevrilmişdi. Afrikada uşaqlar aclıqdan həşərat kimi qırılanda kimlərsə anbarlarda un kisələrinin qiymətinin qalxmağını gözləyirdi, çökən iqtisadiyyatın, dərinləşən böhranın bataqlığında çabalayan, zəlil qalan xalqları vecinə almayanlar dəst-dəst pullarına baxıb kökəldilər, arxasında durub köpəyi Qurda hürütdülər, tərəzisinin gözünü elə əydilər ki, ədalət ilahəsi Femida xəcalətindən insanların üzünü görmədiyinə sevindi. Yəni taclı antiinsan bu boyda qanı, çirki yudurtmaq istəyir insanlara?! Yəqin bilmir ki, günahın qarası çoxdan əllərdən vicdana keçib?! Belə düşünəndə bəzən virusu sadəlövh zənn edirəm, ancaq pandemiyanın miqyasını, əlində aciz qalan və əsəbindən yeri-göyü hədələyən superdövlət başçılarını görəndə düşünürəm ki, yəqin belələrinin başından tacı salmaqda bu virusun bir bildiyi var. Evində qal, ... həddini bil Son günlərin ən aktual şüarı budur: evində qal! Pandemiya hər kəsi öz evinə yönəltməklə insanlara həm də həddini öyrətməyə çalışır. "Hər kəsin azadlığı başqasının azadlığı başlayan yerdə bitir" formulu hələ belə gerçək olmamışdı. Maraqlıdır, illərdir, hətta əsrlərdir ki, supergücü olanlar zəiflərin başına ağa kəsilib, onlara ədalət, din-iman, həyat, həqiqət dərsi keçir, xoşuna gəlməyəni - öz milli dəyərini qorumaq istəyəni, öz xalqının azadlığını düşünəni isə cəzalandırır. Əsrlərdir silahının gücünə onlar hər kəsi özünə bənzətmək istəyir. Prokrust yatağını dünyanın ortasında qurub hər kəsi öz dəyərləri boyda olmağa məcbur edir. Özünə! Öz dəyərlərinə! Pandemiya hər kəsə özünü göstərdi. Hər kəs üçün bir güzgü tutdu. Hər kəsi məcbur elədi ki, öz qurduğu evin divarları arasında oturub, öz bişirdiyini yesin. Pandemiya sərhədləri bağlayıb hər kəsi öz "yağında qovrulmağa" məcbur elədi. Bax, bu zaman məlum oldu ki, "öz" dediyi şey bir boş mif imiş, yoxsa əsrlərdir talanan xəzinə?! Dünyanı əsir alan şərtlərdən qurtulanlar sanki azadlığa çıxdılar, maska taxa-taxa əsl simalar üzə çıxdı. Bəli, dünyamiqyaslı bəla ilə mübarizədə yalnız tibb, elm ön plana keçmədi, həm də həmin xalqın milli dəyərləri - onu dar macalda ayaq üstdə saxlayan amillər də aparıcı rol oyandı. Bəli, pandemiya hər kəsə öz həddini, özünü tanıtdı. Lap Nəsimi sayaq, yavaşca qulağına pıçıldadı ki: Ey özündən bixəbər, qafil, oyan, Həqqə gəl kim həqq deyil batil, oyan. Qəribədir, sosial həyatı iflic olan insan öz həddini bildikcə, imanını da axtarmağa başladı. Tam itirdiyi sıralama ilə xatırlayıb qaytarmağa çalışdı. Əvvəlcə, özünə inandı, virusdan güclü olduğunu zənn elədi. Sonra ümidini elmə, tibbə bağladı ki, vaksin tapacaq, həb kəşf edəcək, virusun anasını ağlar qoyacaq. Arada təbiətə də inanmağa başlamışdı - günəş qızacaq, virus istiləyib qaçacaq. İtirilmiş inamın qayıtmağı necə ağır imiş?! Axı, illərdir inam yükünü atan insan təkrar onun altına girməyə heç şad deyil. Bunun üçün gərək inandığı yeganə absurd şüarı içindən söküb çıxarda: inamsızlıq azadlıq imiş! Nə qədər absurd səslənsə də, bugünkü insanın gerçəkliyidir. Son söz əvəzi: hansı daha qorxuludur: virus, yoxsa inamsızlıq?! İnamı olmayan insan qorxuludur, yoluxucudur, çünki ürəyində inam yerinə "qara dəlik" daşıyır. Özünün malik olduğu ovuc boyda keyfiyyətləri, bacarıqları ilə aləmi inamsızlığa inandırmağa çalışır və təəssüf ki, bacarır. İnsanlar bir ovuc boyda yalanın oyuncağına çevrilir. Hərdən sual verirəm öz-özümə: hansı daha sürətlə yayılır: virus, yoxsa inamsızlıq? Hər gün artan xəstə sayı əslində, inamsızlığın göstəricisidir. Xəstələri cəfakeş həkimlər çalışıb-vuruşur, ölümün əlindən ala bilirlər. Bütün dünya alimləri vaksin axtarışındadır. Amma inamsızlığın nə həkimi var, nə də müalicəsi. COVİD-19-un nəticəsi gözlə görülür, mübarizə də aparılır. Ancaq illərdir, əsrlərdir inamsızlığa yoluxan insanın vəziyyəti qeyri-sabit və ağırdır, hətta günü-gündən daha da kritikləşməkdədir. Belə getsə, onu süni nəfəs aparatına qoşmalı olacaqlar. Amma bir problem var: ən ağır xəstəni də sağaldan 50-60 faiz inam olur. Bəs bu inanmayan xəstəni nə qoruyacaq?! Hər halda, Allahdan ümid kəsilməz.
© 2020 - Created by İLK XEBER.