"Dövlət karantin rejimi tətbiq etdi, məktəblər bağlandı, ali məktəblər, iş yerləri bağlandı, alış-veriş mərkəzləri qapadıldı, icazəli çıxış tətbiq olundu. Ancaq insanlar bunu küçələrə tökülmək kimi anladı. İlk iki həftə karantin rejimi ciddi tətbiq olunsaydı, belə nəticələri olmazdı". Bu sözləri SİA-ya açıqlamasında "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib. Onun sözlərinə görə, karantin qaydalarına başdan əməl olunmalı idi, təəsüf ki, dövlət başçısının şəxsən ciddi şəkildə mübarizəyə səslədiyi pandemiyaya qarşı xalqı birləşdirməli olan Operativ Qərargah müəyyən qədər hadisələrin arxasında qaldı və yanlışlara yenə davam edilir: "Xüsusilə də, kütləvi informasiya vasitələri və ictimai sektorlar düzgün çalışmır. Rusdilli saytlardan qəsdən ötürülən anti-təbliğat, bəzi həkimlərin koronavirusla bağlı yanlış açıqlamalarının qarşısı alınmadı. Bu işdə faydası olacaq mütəxəssislərin biliklərindən faydalanmadı". Qorxmaz İbrahimli təklif edib ki, ilk növbədə, çimərlikləri açaraq Bakı, Sumqayıt, Lənkəran və digər dənizkənarı ərazilərdə insanların dənizə getməsinə şərait yaratmaq lazımdır: "Tanrı bizə təbii bir müalicə, vitamin mənbəyi verib. Çimərliklərə sosial məsafə saxlamaqla davam etmək lazımdır. Səhər saat 11:00-a qədər alınan günəşdə D vitamini, yod və s. var. Bildiyiniz kimi bir neçə aydan sonra havalar soyuyacaq. İmmun sistemi zəif olacaq vətəndaşlarımız isə koronavirus, qrip və başqa viruslardan kütləvi şəkildə xəstələnəcək və təəssüf ki, ölüm halları artacaq. Mən şəxsən günü bu gün Operativ Qərargahdan bunun ən yüksək səviyyədə tələb olunmasını xahiş edərdim. Çünki zaman əleyhimizə işləyir. Bundan başqa bir neçə tanınmış hörmətli doktorları efirlərə çıxarmaq lazımdır. Tanınmış ictimai-siyasi xadimləri dəvət etmək lazımdır. Biz Operativ Qərargaha dəfələrlə təklif etsək də, təəssüf ki, QHT ordusundan və könüllülərdən faydalanmadı. Hesab edirəm ki, bundan sonra ağırlaşma da olacaq, günah nə qədər məsuliyyətsiz vətəndaşın üzərinə düşürsə, Operativ Qərargahın da üzərinə düşəcək. Ölkə Prezidenti bu işdə yorulmadan çalışır, vəsait ayırır, açılışlar edir. Lakin, bu məsələni hər birimiz soyuq başla düşünərək münasibət bildirməliyik". O vurğulayıb ki, cərimədən öncə, yuxarıda dediyim kimi QHT və könüllülərdən faydalanmaq lazımdır, bunların öndə gələni isə ictimai qınaqdır, ictimai qınağı könüllülər və qeyri-hökumət təşkilatı nümayəndələri çox gözəl təşkil edə bilirlər: "Cərimələrin tətbiqi isə son addım olaraq yaxşı bir addımdır. Ancaq cəriməyə qədər xəbərdarlıqlar olmalıdır. Təəssüflə qeyd etməliyəm ki, biz ictimai fəal təşkilatlara vətəndaşlardan tez-tez şikayət daxil olur. Bisavad və ya məsuliyyətsiz kasıb bir adamı yaxalayan sahə müvəkkilləri həmən cərimə tətbiq edirlər. Məncə, belə olmaz. TV və digər mətbuat vasitələri ilə vətəndaşlara ciddi xəbərdarlıq edilməli, birinci dəfə yaxalanan xəbərdarlıqla buraxılmalı, ardından maddi cərimlər gəlməlidir. Belə olanda vətəndaş da məsuliyyətini hiss edəcək. Bilirsiniz ki, pis şagird olmur. Yetişdirə bilməyən müəllim daha çox günahkar olur. Mən hesab edirəm ki, yeni həftəyə yeni, qəti addımlarla başlamaq lazımdır. Birinci növbədə düzgün maarifləndirmə lazımdır. Bu bəladan çıxış yolumuz birinci növbədə dövlətlə vətəndaşın əl-ələ tutmasına nail olmaq lazımdır. İnsanlara qorunmaları üçün maksimum yollar başa salınmalıdır". QHT sədri əlavə təklif edib ki, rayonlara getmək istəyən insanları testdən keçməyə səsləmək lazımdır: "Bakı və digər şəhərlərdən çıxmanı məhdudlaşdırmaq üçün təklif edilən ezamiyət kağızı müəyyən qədər saxtakarlığa yol açır. Bilirsiniz ki, yaydır. Daha çox təbiətə çıxmaq lazımdır. Təklif edərdim ki, rayonlara getmək istəyən insanları testdən keçməyə səsləyək. Belə olacağı halda koronavirusa yoluxmuş insanlar sürətlə məlum olacaq, gerçək xəstələr ortaya çıxacaq. Həm də rayonlara xəstəliyin yayılması önlənəcək. Hər birimiz bilirik ki, nə qədər geri qaytarsalar da çoxluq rayonlara gedə bilir. Düşünün, nə qədər koronavirus daşıyıcısı xəstəliyin arealını genişləndirməyə səbəb olur. Təklifim yanlışdırsa, buyurub, məni qınaya bilərlər. Təxirə salınmadan təkliflər hazırlanaraq, hörmətli Prezidentimizin köməkçilərinə təqdim olunmalıdır".
© 2020 - Created by İLK XEBER.