Ermənilər, baxın: sizi yalnız Əliyev xilas edə bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin koronavirus pandemiyasının qarşısında aciz qalması və buna rəğmən iş yerlərinin açılmasını davam etdirəcəyi haqda parlamentdəki çıxışı onun erməni vətəndaşlara münasibətinin bariz nümunəsidir. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Aynur Camalqızı Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı koronavirus pandemiyasına yoluxmanın artacağını bildiyini, buna baxmayaraq, iqtisadiyyatın çökməməsi üçün iş yerlərinin açılması ilə bağlı qərar verdiyi haqda sözlərini şərh edərkən deyib. Politoloq bildirib ki, hətta erməni mediası və sosial şəbəkə istifadəçilərinin də Paşinyanın bu sözlərini onun öz xalqına, insan həyatına qoyduğu “qiymət” kimi dəyərləndirməsi təsadüfü deyil: “Paşinyanın bu gün, Ermənistan parlamentində “insanlar xəstələnə bilər, ancaq biz iqtisadiyyatı açmağa davam etmək məcburiyyətindəyik” sözləri ilə Prezident İlham Əliyevin ötən gün Gəncədə modul tipli xəstəxananın açılışındakı çıxışını qarşılaşdırmaq bu məqamda çox vacibdir. Paşinyan dedi ki, qapanmada 70 min insan iş yerini itirmişdi, əgər açılım olmasa, bu rəqəm 150 minə çata və Ermənistan çökə bilərdi. Onun sözlərinə görə, hazırda Ermənistanda 20 min şəxs 3 aydan çoxdur ki, iş yerini itirib və yeni iş yeri də yoxdur, “Ermənistan hökuməti o insanlara yardım etmək barədə düşünür”. Təsəvvür edirsinizmi? İşsiz sayının artmaması üçün vətəndaşları koronavirusa təslim edən Paşinyan hakimiyyəti 3 aydır nəinki işini itirən 70 min, hətta 20 min nəfərlə bağlı dövlət dəstəyini həyata keçirməyib, hələ bundan sonra düşünəcəyini deyir. Azərbaycanda isə 200 min şəxsə iki aylıq 190 manat birdəfəlik ödəməni Prezident İlham Əliyev 600 minə qaldırdı və beləliklə, daha 400 min şəxsin bu yardımdan bəhrələnməsinə səbəb oldu. Hazırda daha bir ay birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Bundan əlavə, 300 mindən çox sahibkara yardım edildi və İqtisadiyyat Nazirliyi bu yardım müqabilində sahibkarlara işçilərini ixtisar etməmək şərtini irəli sürdü. Azərbaycanın xaricdə avadanlıqlar alması, yeni modul tipli xəstəxanaların tikilməsi, həkimlərə maaşlarının 3-5 qatı miqdarında ödəmə və s. görülən işlərin yalnız cüzi bir hissəsidir”. Politoloq qeyd edib ki, Azərbaycanın pandemiya və əhalinin qorunması istiqamətində addımları yalnız Rusiya ilə müqayisəyə gəlir: “Dərhal əlavə edim ki, Rusiya ümumdaxili məhsulunun 0,3 faizi miqdarında bu sahəyə yardım ayırıbsa, Azərbaycanın ayırdığı yardım öz ümumi daxili məhsulunun 4,2 faizinə çatır. Ölkəmiz 3,5 milyard manatdan çox vəsait yönəldib bu mübarizəyə”. Politoloq Prezident İlham Əliyevin ötən gün Gəncədəki çıxışına diqqət çəkib: “Cənab Prezident dedi ki, beynəlxalq reytinq agentlikləri Azərbaycanın 2020-ci il üçün iqtisadi artımını yüksək proqnozlaşdırırdı və ilk aylarda ölkəmiz öz nəticələri ilə bu proqnozları da doğrultdu. Ancaq mart ayından başlayaraq, düşünülmüş surətdə iqtisadi daralmalara gedildi, buna da səbəb əhalinin, xalqın sağlamlığının qorunmasıdır. Hazırda 1,7 faizlik daralma olduğunu bildirən Prezident qeyd etdi ki, vəsaitimiz var, xalqımızın sağlamlığı naminə bu vəsaiti xərcləmişik və xərcləyəcəyik. Və Azərbaycan heç kimdən də yardım istəməyib – baxmayaraq ki, dünyanın 150 ölkəsi yardım üçün beynəlxalq qurumlara müraciət edib. Azərbaycan isə düzgün iqtisadi siyasəti sayəsində əldə etdiyi resursları hazırda ölkə əhalisinin qorunması yolunda xərcləyir. Əlbəttə, hamı yüksək səviyyədə, komfort içində deyil, ancaq dövlət öz gücü daxilində olan hər şeyi edir”. Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan iqtisadiyyatını müqayisə belə etmək olmaz: “Təbii ki, Ermənistan Azərbaycanla müqayisə olunası ölkə deyil və bu saydıqlarımda da məqsəd hansısa müqayisə aparmaq deyil. Burda əsas diqqət ediləsi məqam Prezident İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın öz xalqına münasibətidir. Bir tərəfdə “xəstələnə də bilərlər – yəni ölə də bilərlər demək istəyir, - ancaq iqtisadi açılımı davam etdirəcəyik” deyə bəyan edən, erməni mediasının öz yazdığı kimi, erməni xalqının “dəyərini”, insan həyatını bu cür “qiymətləndirən” Paşinyan, digər tərəfdə isə dövlətin bütün resurslarını xalqın sağlamlığı üçün səfərbər edən, bütün itkiləri gözə alaraq, əhalini pandemiyadan qorumaq istəyən və bu istiqamətdə gecə-gündüz çalışan Prezident İlham Əliyev! Yeri gəlmişkən, bir müddət öncə Şərq Tərəfdaşlığı ölkələrinin sammitində Nikol Paşinyan həyasızcasına məlum faktı saxtalaşdıraraq, Ramil Səfərov olayını irqçilik kimi qələmə verməyə çalışdı və Dağlıq Qarabağ ermənilərinin buna görə “qorunmaq haqqı” olduğunu bildirdi. Ancaq qısa müddət keçəndən sonra Paşinyan nəinki Dağlıq Qarabağ ermənilərini, bütövlükdə erməni xalqını güdaza verməyə hazır olduğunu bir daha təsdiqlədi. Bütün beynəlxalq qurumlar da, Dağlıq Qarabağdakı Azərbaycan vətəndaşları olan erməni icması da bu həqiqəti görməlidir: Paşinyan və yaxud Dağlıq Qarabağdakı xunta, separatçı rejim istənilən an erməni xalqını güdaza verə bilər və verirlər də. Dağlıq Qarabağ erməniləri irqçilikdən yox, insanlığa düşmən olan paşinyanlardan qorxmalıdır və xilas olmaq üçün Azərbaycana, Azərbaycanın lideri İlham Əliyevə sığınmalıdırlar. Nəhayət, Azərbaycanın erməni vətəndaşları anlamalıdır ki, İlham Əliyev üçün hər bir Azərbaycan vətəndaşının dəyəri necə yüksəkdir və öz gələcəklərini “ölsə də olar” deyən bir zehniyyətlə davam etdirməməlidirlər. Bu zehniyyət onları döyüş meydanına da sürükləyir və ermənilər unutmamalıdırlar ki, Prezident İlham Əliyevin dünyanın 50 ən güclü ordusundan birinə çevirdiyi Azərbaycan Ordusu ilə döyüş onlara nələr vəd edir”.