Azərbaycan öz tarixi müstəqilliyinə qovuşandan ölkəmizdə hər il 22 iyul - Azərbaycan Milli Mətbuat Günü böyük təntənə ilə qeyd edilir. Sovet hakimiyyəti illərində mətbuata tətbiq olunan qadağalar 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən ləğv ediləndən sonra Azərbaycanda söz və mətbuat azadlığına daha münbit şərait yaradılmışdır. Bu günlərdə çapdan çıxmış "Zərdabi "Ədəbiyyat qəzeti”nin səhifələrində” ("Mütərcim” nəşr) adlı kitabın ilk səhifəsində yer alan Prezident İlham Əliyevin Azərbaycan mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimində nitqində deyildiyi kimi: "Ulu Öndərimiz Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın maddi-texniki bazasının mıhkəmləndirilməsinə, ümumiyyətlə mətbuata qayğısı həmişə hiss olunurdu. Mən çalışıram ki, öz tərəfimdən bunu davam etdirim”. Əminliklə deyə bilərik ki, mətbuat təəssübkeşlərinin şahidliyi ilə bu sözlər tam reallığa çevrilmişdir. Təsadüfi deyil ki, indi bu tarixi günün bayram təntənəsinin səsi-sorağı indi nəinki, respublikamızda, hətta dünya mətbuatının ən inkişaf etmiş ölkələrində belə eşidilir. Qürurla deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata dövlət qayğısı Prezident İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfinfən uğurla davam etdirilir. Ölkəmizdə bu tarixi günün bayram təntənəsinə hər bir yazar öz yaradıcılıq töhfəsi ilə qoşulanda daha xoş olur. Bu mənada 1872-ci il iyulun 22-də Azərbaycanda milli mətbuatın bünövrəsini qoyan Həsən bəy Zərdabi haqqında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı Əzizə Ələkbərovanın tərtibçiliyi ilə ərsəyə gəlmiş "Zərdabi "Ədəbiyyat qəzeti”nin səhifələrində” kitabı daha diqqətçəkəndir. Məlumdur ki, 1875-ci ildə nəşrə başlayan ilk qəzetimiz "Əkinçi” xalq arasında maarifçilk ideyalarının müjdəçisi olmuşdur. Xürafatın və savadsızlığın həyata meydan oxuduğu bir zamanda bu qəzet xalqı maarifləndirmək uğrunda mübarizə meydanına girmiş və işıqlı fikirləri qısa müddətdə hər yanda özünə tərəfdarlar taplamışdı. Çox xoşdur ki, "Əkinçi” qəzetinin 145 illiyi ilə əlaqədar hazırlanan kitabda Azərbaycan mətbuatı tarixində əvəzsiz xidmətləri olmuş Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə dair "Ədəbiyyat qəzeti”nin 1934-cü ildən 2016-cı ilə qədər saylarında dərc olunmuş tədqiqat əsərləri toplanmışdır. Xronoloji ardıcıllıqla verilmiş bu əsərlər tarixilik və elmi baxımdan çox gərəklidir. Kitabın elmi redaktoru Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur. Xatırladaq ki, zamanın müxtəlif dövrlərində qüdrətli qələm sahibləri tərəfindən Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə dair mətbuatda işıq üzü görən və kitaba daxil edilən bu yazılar jurnalistlər və mətbuat tarixi ilə məşğul olan gənc araşdırıcılar üçün də zəngin istinad mənbəyidir. "Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru Paşa Kərimovun dediyi kimi, "Əminəm ki, bu kitab zərdabişünaslığın gələcək inkişafına öz töhfəsini verəcəkdir” Rəhman SALMANLI
© 2020 - Created by İLK XEBER.