26 iyun qurucu babalarımızın bizə bəxş etdiyi gündür. İlk demokratik cümhuriyyətin həyata keçirdiyi tədbirlərdən biri də ordu quruculuğu olub. Çünki demokratik cümhuriyyət yaranan anda bir çox istiqamətdən Azərbaycanın bütövlüyünə təhdidlər var idi. Ən böyük təhdid əlbəttə ki, Ermənistan tərəfindən həyata keçirilib. Ermənilər tərəfindən Azərbaycanın müxtəlif regionlarında qırğınlar həyata keçirildi, o zaman Qarabağa qarşı böyük bir hücum var idi. Belə bir ağır dövrdə ordu quruculuğunun başlanması ilə bağlı demokratik cümhuriyyət qərar qəbul etdi.
Bunu İlkxeber. Org - a açıqlamasında Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev deyib:
"26 iyun ordu yaradıcılığı günü kimi tarixə daxil oldu və bu gün də Azərbaycan Respublikasının demokratik cümhuriyyətinin banisi kimi həmin günü ordu günü kimi qeyd edirik. Əlbəttə ki, bugünkü ordu tamamilə fərqli xüsusiyyətlərə malik olan ordu olmalıdır. Bu günlərdə demək olar, demokratik cümhuriyyətin yarandığı dövrə uyğun olan ordu quruculuğu da həmin demokratik cümhuriyyət yarandığı dövrdə xarici təhdidlər nəticəsində formalaşmağa başladı. Əslində Azərbaycan ordusu yenidən müstəqilliyinin bərpası zamanı həmin ağır vəziyyətlə rastlaşdı. Burada yenə də Azərbaycan ərazi bütövlüyünə qarşı Ermənistan tərəfindən böyük müharibə başlandı. Həmçinin onun "müdafiəçiləri" olmasa, Ermənistan özü müstəqil belə bir hərəkətə başalaya bilməzdi. Əlbəttə ki, arxasında müəyyən dövlətlər dururdu. Onların köməyi ilə də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Müasir Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra belə bir ağır dövrdə yenə də öz ordu quruculuğundan başladı".
O bildirib ki, ordumuz müasir silahlarla silahlanıb, yüksək intizamı var və bu Azərbaycan ordusunun gücünü göstərir:
"Şükürlər olsun ki, bu gün müstəqilliyimizin üzərindən xeyli müddət keçib və dünən ölkə başçısı da qeyd etdi ki, bu gün Azərbaycan ordusu dünyanın 50 güclü ordusu sırasındadır. Ordumuz 2016-cı il Aprel döyüşlərində özünün nəyə qadir olduğunu bir daha göstərdi. Bu gün əminliklə demək olar ki, ordumuzun hazırkı şəraiti, müasir döyüş aparmaq qabiliyyəti, bacarıqları var və öz torpaqlarını azad etmək iqtidarına malikdir. Sadəcə olaraq bir çox xarici şərtlər bizim bu missiyanı sona qədər başa çatdırmaq üçün əlverişli şərtləri tam olaraq diqtə etmir. Buna görə də ölkə başçımız və müdafiə nazirliyi tərəfindən söyləndi ki, əlverişli şərait yaranan anda öz torpaqlarımızı azad etmək üçün tam olaraq hərəkətə keçəcəyik".
Əliməmməd Nuriyev hesab edir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti bütövlükdə bu işin öhdəsindən uğurla gəlmək iqtidarındadır:
"Lakin bir çox şərtlər var ki, o şərtlər daxilində hələ tam olaraq bunu həyata keçirmək üçün addımların atılması uğurlu nəticələrə gətirib çıxarmaya bilər. Burada son dərəcə diqqətli olmaq lazımdır. Azərbaycan ordusunun Mübariz İbrahimov kimi qəhrəmanları varsa, şübhəsiz ki, bu ordu zəfər qazana biləcək bir ordudur. Müasir silahların Azərbaycan ordusuna alınması, onların tətbiqi və son dövrlərdə keçirilən təlimlərdə bir daha yeni strategiyaların işlənməsi, bütün bunlar bu imkanın olduğunu göstərir. Mən çox qürurluyam ki, bizim güclü ordumuz vardır. Amma bu güclü ordunun olmasının əsas nəticəsi də torpaqlarımızın azad edilməsi ilə nəticələnməlidir. İnanıram ki, bizim ordumuz buna qadirdir və bunu həyata keçirəcəkdir. Bugünkü gün münasibətilə ordumuzu, bütün əsgər və zabitlərimizi təbrik edirəm. Bütövlükdə Azərbaycan xalqına, ordumuza uğurlar arzulayıram".