Vasif SADIQLI: “Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə ziyalıların görüşü olacaq”

"Birgə səylərlə Bakını əcnəbi dillərin “işğalından” azad edəcəyimizə inanırıq". Bu sözləri “ilkxeber.org”a açıqlamasında “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) sədri Vasif Sadıqlı deyib. O bildirib ki, Bakıda ticarət və xidmət obyektlərində dövlət dilindən düzgün istifadə edilməməsi, əcnəbi dillərin Azərbaycan dilini sıxışdırmasına etiraz əlaməti olaraq onun təşəbbüsü ilə başlanan kampaniya çərçivəsində mindən artıq imza toplanıb və müvafiq orqanlara və vəzifəli şəxslərə göndərilib. “Ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması, dövlət dili haqqında qanuna etina etməməsi heç cür qəbul edilə bilməz. İlk müraciətimiz Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə edildi. Bundan sonra millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizova müraciət ünvanladıq. İlk reaksiya Bakı Şəhər İcra Hakimiyyətindən gəldi. BŞİH-in nümayəndəsi bizə zəng edərək bildirdi ki, müraciət meriyanın kollegiya iclasında müzakirə edilib və mövcud problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib. BŞİH nümayəndəsi problemin həlli yollarını müzakirə etmək üçün bizimlə görüşmək istədiyini bildirdi. AMEA əməkdaşları, digər tanınmış alimlər, yazıçılar, incəsənət xadimləri və hüquqşünaslarla BŞİH nümayəndələrinin görüşü karantin müddəti bitdikdən dərhal sonra baş tutacaq. Bu müzakirələrin səmərəli olacağına və tezliklə paytaxtın ticarət və digər xidmət obyektlərində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarının tətbiq edilməsinə nail olacağımıza inanırıq”, - deyə V. Sadıqlı bildirib. Qeyd edək ki, FADMM sədrinin ictimaiyyəti dərindən narahat edən bu məsələ ilə bağlı başladığı imza kampaniyasına qısa müddətdə millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, çox sayda yazıçı, müəllim qoşulub. Müraciət çoxsaylı elektron və çap KİV-də dərc edilib və ciddi ictimai rezonans doğurub. Səid Əhmədli