Yanvarın 31-də böyük demokratik ideyaların yaradıcısı və daşıyıcısı, bütün Yaxın və Ota Şərqdə ilk demokratik cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü idi. Bu münasibətlə “Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” ictimai qrupu tərəfindən “Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində” mövzusunda beynəlxalq elmi konfransa dəvət almışdım. Konfransın davamı, yəni ikinci günü yubiley gününə təsadüf edirdi. Tədbir tarix muzeyinin konfrans zalında idi. Xəyalımda bu böyük mütəfəkkirə, ürəyi vətən eşqilə döyünən, uzun illərdən sonra bizim müstəqilliyimizi elan edən dahi şəxsiyyətə həsr olunmuş beynəlxalq konfransın M.Rəsulzadənin uca adına, ehtişamına layiq böyük bir tədbir olacağını düşünürdüm. Konfrans zalında heç yüz adam da yox idi. Düzü, təşkilatçılar hər şeyin mükəmməl olması, fasilədə qonaqların qidalanması üçün çalışmış və nail olmuşdular. Ancaq bu beynəlxalq konfransın BDU-da və ya akademiyanın böyük salonlarının birində bir neçə yüz adamın iştirakı ilə keçirmək, ona möhtəşəmlik qatmaq daha gözəl olardı. Almaniyadan gəlmiş Eva Mariya xanımın M.Rəsulzadənin Almaniyadakı fəaliyyəti, oradakı azərbaycanlıların biblioqrafiyası haqda məlumatları maraqlı idi. Fransız Georgi Mamuanın və M.Ə.Rəsulzadə irsinin araşdırmaçısı Səbahəttin Şimşirin, Cənubi Azərbaycandan Tohid Məlikzadənin və başqalarının çıxışlarının bəzi məqamları bizə tanış olsa da, yeni məlumatlar da öyrəndik. Polyak alimi Novak çıxışına: “Bizi əsarət altına alanların dilində danışmağa məcburuq”, - sözləri ilə başladı. Salonda bir canlanma əmələ gəldi. Onun sonrakı sözləri isə bayaqdan əksəriyyəti çıxışlara həvəssiz qulaq asan dinləyicilərin alqışına səbəb oldu. Alim bildirdi ki, buraya - Bakıya gələndə M.Rəsulzadə adına böyük meydanı, onun möhtəşm abidələrini görəcəyimə ümid edirdim. Təəssüf ki, heç nə yoxdur. HEÇ NƏ… Yol uzunu xəyali uzaq bir səyahət etmişdim. Onuncu sinifdə oxuyanda S.Vurğunun “26-lar” poemasında: “O millət xaini Rəsulzadə” - ifadəsində ilk dəfə Məhəmməd Əmin Rəsulzadənin adını eşidirdim. Və yaşı altmışı ötmüş müəllimimdən: “Rəsulzadə kimdir? O, bizə niyə xəyanət etmişdi?” - deyə soruşmuşdum. Əkrəm müəllim sözü yayındırmış və yanımdan keçəndə ayağını saxlayıb yavaşca: “Paşayeva, Rəsulzadə millət xaini olmayıb. Bizim ilk azad cümhuriyyətimizin banisi olub” - dedi. Ondan sonra arada astaca, yana-yana bizim bilmədiyimiz mətləbləri danışdı. Bir müddət sonra isə yuxarı sinif şagirdləri arasında B.Vahabzadənin “Gülüstan” poemasının makina ilə yazılmış vərəqləri yayılmağa başladı. Uşaqlar xəlvəti, növbə ilə oxuyub bir-birinə ötürürdülər. Demək, biz azad deyilmişik. Biz uzun təlim ipinə bağlanmış at kimi kimlərinsə nəzarəti , əsarəti altındayıq, ipimiz başqalarının əlindədir. Azadlığın bizə nə qədər verildiyini, başqalarından fərqli, az, qır-qırıntılarının verildiyini Ermənistana və Gürcüstana gedəndə gördüyüm yaşamla öz ölkəmizi müqayisə edəndə daha çox hiss edirdim. Kiçik idim. Oxuduqlarım və gördüklərim arasındakı təzadlardan düzgün nəticələr çıxarmağa çalışırdım. Sonra tarixi hadisələr bir-birini əvəz etdi. Hər şey sürətlə dəyişdi. Biz yeni epoxaya qədəm qoyduq. Azadlığımızın şirinliyini dadmamış Qarabağın acısını daddıq. Boğazımıza zəhərli, tikanlı bir loğma kimi ilişib qaldı Qarabağın dərdi. Mütərəqqi olan bir şey vardı ki, çox şeyin üzərindən pərdə götürüldü, bir çox tarixi həqiqətlər bərpa olundu. Rəsulzadə kimdir, bildik, nəhayət. Onun xatirəsini əbədiləşdirmək üçün Bakı Dövlət Universitetinə adını verdik. Məqalələr, elmi əsərlər yazıldı. Onun adı ilə bağlı bir neçə yerə barelyeflər vuruldu. Novxanıda abidəsi qoyuldu. Ancaq bir müddət sonra yavaş-yavaş sanki gizl bir əl M.Ə.Rəsulzadənin xatirəsini yadımızdan çıxarmaq üçün cddi-cəhdlə onu unutdurmağa çalışdı. Hər bir yeni quruluş, hər mənada hansısa bir özülün üzərində qurulur. O özülü, təməli laxladıb öz ayağının altından qoparıb atmağı hansı ağılsız edər? Yüz ildir unutmadığımız, bütün xalqın yaddaşında yaşayan birini süni şəkildə, qısqanclıq edərək unutdurmaqdansa, onu daha artıq yaşatmağa çalışaq ki, biz də yaşayaq. Tarix çox acımasızdır. Kim özünün nə qədər yaşayacağına əmindir ki? Süleymanlara, Çingiz xanlara, cahangirlərə qalmayan dünyadır. Biz kimdən daha çox qüdrətli və uzunömürlüyük ki? Tarixdən ibrət dərsi almaq, daha çox yaşatmağa çalışmaq lazımdır ki, özün də yaşayasan. Xəritədə vüqarla sinəsini tufanlara gərib uçan bir qartala bənzəyən ölkəmin ciyərini sökdülər. Onu sağaltmamış, onu tam bərpa etməmiş yaşayacağımıza heç ümidim yoxdur. Zaman qalın pərdələri götürür. Heç nə gizli qalmır. Min illər keçsə də. Əbədi yaşamaq istəyən o qartalın yarasını sağaltmalı, onu bütövləşdirməli, arxasınca balası uçan qartal öz məğrur görkəminə qayıtmalıdır. O qartalı daha böyük və qüdrətli bizə əmanət etmiş o dahinin xatirəsinə hörmət on milyonluq əhalinin hər bir nəfərinin borcudur. O zaman tarix yaşadacaq dövləti də, bizi də. Məmməd Əmin Rəsulzadə kimi. P.S. M.Rəsulzadə qəsəbəsinə yolum tez-tez düşür. Bəzən sürücülərdən : “Pasyolka Kirova gedir bu?”- deyə soruşan vətəndaşları eşidirəm. Düşünürəm, bəlkə, “Rəsulzadə” çoxhecalı, uzun söz olduğu üçün demirlər? Onun adına qoyulmuş qəsəbəni xalqın qanını içən birinin adına deyən millətim. Ahh, ah... Bir lətifə eşitmişdim: -Hitlerin müharibəsindən əvvəl Polşa və Rusiya sərhədində qarşı-qarşıya keşik çəkən rus və polyak əsgərləri uzaqdan-uzağa söhbət edirlər. Polyak cibindən bahalı şokolad çıxarıb bu taydakı rusa göstərərək soruşur: -Rus, bundan sizdə var? - Yox, - deyə rus əsgər cavab verir. Bir azdan ətirli siqar çıxarıb yandıraraq damağına qoyan polyak yenə soruşur: -Bəs bundan necə, varmı sizdə? Rus əsgər qanı qaralmış cavab verir: - Yoxdur. Beləliklə, cürbəcür qiymətli yemək-içməyi göstərən polyaka rus əsgər qəfildən cibindən partiya biletini çıxarır və göstərərək: -Bəs bundan sizdə varmı? - deyə soruşur. Polyak: “Yoxdur”- deyir. Rus əsgər əlində partiya biletini yellədərək: -Nə vaxt sizdə bundan olsa, o göstərdiklərinin heç biri olmayacaq, - deyir. Azadlığımız da bizə sanki o qırmızı partiya bileti kimi gədi. Elə bil bütün mənəvi, milli dəyərlərimizin deqradasiyasına səbəb oldu azadlığımız. Zəhərə, ağuya döndü. Ətrafa baxanda bircə mərkəzlərdə ucaldılmış möhtəşəm binalardan və eyni ünvanlı parklardan başqa ürəkaçan heç nə görmürük. Heç nə... M. Ə.Rəsul-zadənin adını əbədiləşdirmədiyimiz heç nə kimi. fevral 2020
© 2020 - Created by İLK XEBER.