Tez-tez işlətdiyimiz cümlələr var ki, adi vaxtlarda onların fərqinə elə də varmırıq. Amma çətin zamanlarda onların nə qədər əhəmiyyətli olduğu bilinir. Ad günlərində bir-birimizə dediyimiz: “Sənə can sağlığı və uzun ömür arzulayıram” cümləsi kimi. Bəli, nə qədər şablon cümləyə çevrilsə də, koronavirusun at çapıb, meydan suladığı bir vaxtda hər kəsə can sağlığı və uzun ömür arzulayıram. Sizə kiçik bir hekayə danışmaq istəyirəm: Bir gün siçan görür ki, fermanın yiyəsi siçan tələsi quraşdırır. Siçan gəlib toyuq, qoyun və inəyə tələ haqqında danışır. Lakin onların hər biri: “Siçan tələsinin bizə heç bir aidiyyatı yoxdur, bu sənin şəxsi problemindir”-deyə cavab verirlər. Bir müddət sonra siçan tələsinə zəhərli bir ilan düşür və fermerin arvadını sancır. Fermer arvadı tez sağalsın deyə toyuğu kəsib ətindən şorba hazırladır. Sonra xəstəyə baş çəkməyə gələn qonaqları yedizdirmək üçün qoyunu kəsirlər. Fermerin arvadı ölür. Ev yiyəsi baş sağlığı verməyə gələnləri yedizdirmək üçün inəyi də kəsir. Siçan isə sadəcə kənarda durub bütün olanları öz yuvasından izləyir. Nəticə: Əgər sizə nəyinsə birbaşa dəxli yoxdursa, elə düşünməyin ki, bu nəsə heç vaxt sizin başınıza gələ bilməz. Azərbaycandan 5800 km uzaqda Çinin Uhan şəhərində ocağı aşkarlanan koronavirusu əvvəl heç kim ciddi qəbul etmirdi, Çin harada biz harada? deyirdilər. Sonra isə bu masonların oyunudur, insanları nəzarətdə saxlamağın yeni üsuludur fikirləri yarandı. Harada və hansı formada hazırlanmasından, nə məqsədlərlə istifadə olunmasından asılı olmayaraq bu virus artıq qapımızdadır. Ölkəmizdə hər gün 600-ə yaxın insana yoluxur, indiyə qədər ölüm sayı isə 180-dir. Azərbaycanda insanlar bu virusa qarşı 3 qrupa bölünüb: inananlar, inanmayanlar və vecinə almayanlar. Gündəlik yoluxma sayı 20-30 arası olanda hər kəsi bu sual düşündürürdü: Necə olur ki, bu yoluxanların arasında heç birimizin qohumu, tanışı, dostu olmadı? Artıq var! Bizdən tələb olunan isə çox sadədir: təmizliyə riayət etmək, qapalı məkanlarda maskadan istifadə etmək və əlləri tez-tez yumaq. Karantin istənilən dövlətin iqtisadiyyatına, səhiyyəsinə, təhsilinə və bir çox sahələrinə zərbə vurur. İnanmıram ki, hansısa dövlət belə bir zərbəni bilərəkdən etsin. Bu virusa qalib gəlmək üçün isə birləşməliyik! Bilirəm, bizim üçün bu çox çətindir, amma bunu bacarmalıyıq. Ən əsası isə sağlamlağımıza diqqət etməklə özümüzü və yaxınlarımızı qorumaq üçün. Gözə görünməz düşmən artıq bizimlə üz-üzədir. Onun daha nələr edəcəyini isə heç birimiz bilmirik. İnsan isə bilmədiyi şeyin düşmənidir. Çalışaq sağlam qalaq, hamıya can sağlığı arzulayıram!
© 2020 - Created by İLK XEBER.