Dil haqqında danışanda, düşünəndə ilk növbədə böyük Azərbaycan yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi Mirzə Cəlil yada düşür. Onun “Azərbaycan” məqaləsində dil haqqında fikirlərinin ürək ağrısı ilə qələmə alındığını görmək heç də çətin deyil. “Vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət” deyə haray çəkən Mirzə Cəlil elə həmin məqaləsində deyir: “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki: - Mənim anam kimdir? Öz-özümə cavab verirəm ki: - Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi. – Dilim nə dilidir? – Azərbaycan dili! -Yəni Vətənim haradır? – Azərbaycan vilayətidir. Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir... Gəlin bircə dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirəşək görək, haradır bizim Vətənimiz. Gəlin, gəlin, ey unudulmuş Vətənin cırıq-mırıq qardaşları..!”“ “...Bilirsiniz bu söhbət haradan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, “ indi mənim kimi çox dil bilməyənlərin əksəriyyəti iş axtarmaq üçün mənim qədər çox qapı döymüş və mənim kimi də işsiz, əliboş geri qayıtmışlar. Vətənimiz Azərbaycan, dilimiz türk-Azərbaycan dilidirsə, bəs bizdən daha çox (və demək olar ki , yalnız) tələb olunan niyə özümüzün deyil, özgənin dilidir?.. Tanınmış şəxsiyyətlərin dil haqqındakı fikirlərini oxuduqca, dilimizə sevgimin artmasına və bu dildə danışan bir xalqın övladı olmağımdan qürur duymağıma rəğmən, onunla bağlı dərdim də təzələndi. Ani olaraq ali təhsilli olsam da, xarici dil bilmədiyimdən qapıları üzümə açılmayan ofislər, şirkətlər, təhsil kompleksləri yadıma düşdü. O qapılardan hər dəfə qayıdanda düşünürdüm ki, müstəqillik davamız, dilimizin dövlət dili olması heç kimdən asılı olmamaq, azad vətəndaş olmaq üçün deyildimi? Məgər biz bu davanı başqalarının dilini yurdumuzda hakim etmək üçünmü aparmışdıq? Bütün bu düşündüklərim, “Niyə mən “öz dilimdə işləyə bilmərəm?”, niyə özgə dillər mənim dilimdən üstün olmalıdır ? ” sualları sanki məni ruhdan salırdı. Bestujev-Marlinskinin “Azərbaycan (türk) dilini bilməklə bütün Şərqi gəzib dolaşmaq mümkündür” ifadəsi, Lermontovun dilimizi Şərqin fransız dili adlandırması bu dilin əzəmətindən, böyüklüyündən xəbər vermirmi? Böyük rus şairi təsadüfənmi belə yazırdı: “Tatarca (azərbaycanca) öyrənməyə başlamışam, bu dil burada və ümumiyyətlə, Asiyada, fransız dili Avropada vacib olan qədər lazımdır. Heyif ki, indi öyrənib başa çatdıra bilməyəcəm, sonra lazım ola bilərdi”. Dilimizin gözəlliyi “Kitabi-Dədə Qorqud” dastanlarında, “Divani- lüğət ət-türk”də, ustad Əbülüla Məərrinin XI əsrdə şagirdi Xətib Təbriziyə anlatdığı sözlərdə, Füzuli qəzəllərinin ruhunda, Aşıq Ələsgər qoşmalarının nəfəsində, Məmməd Araz şeiriyyətinin istiliyində deyilmi? Bu, həqiqətən, belədirsə, dilimiz bütün leksik-semantik fikir çalarlarına sahibdirsə, digər dillərə məhəbbət, sevgi, ana dilinə biganəlik haradan qaynaqlanır? Niyə vaxtilə Şərqin aparıcı dili kimi qiymətləndirilən bir dili ölkəmizin aparıcı dili edə bilmirik? Bu qədər zəngin bir dilimiz olmasına rəğmən, niyə xarici şirkətlərdə işləyən süpürgəçilərimizə belə az qala xarici dil kursları təşkil edirik? “Öz ana dilimizdə danışmağı ar bilən fasonlu ədəbazlar” üzündəndirmi bunlar? Unutmayaq ki, bu dil 50 milyonluq Azərbaycan və 300 milyonluq dünya türklərinin dilidir. Bu dili sevməyənlərə, bu dilə xor baxanlara, bu dili ögey bilənlərə böyük şairimiz B.Vahabzadənin aşağıdakı misralarını xatırladıram: Bu dil – bizim ruhumuz, Eşqimiz, canımızdır. Bu dil – bir-birimizlə əhdi-peymanımızdır. “Nə qədər dil bilsən, o qədər insansan” ən çox sevdiyim ifadələrdəndir. Təbii ki, mən Hüqonu, Bayronu, Geteni, Danteni orjinaldan oxumağı ürəkdən istərdim. Bütün dillərə sevgim və rəğbətim də sonsuzdur. Amma mənim öz anam, öz ana dilim var. Böyük ədibimiz F.Köçərli yazırdı: “Ana dili millətin mənəvi diriliyidir… Ananın südü bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. Anamızı sevdiyimiz kimi dilimizi sevməliyik, onu ruhi qidamız kimi qorumalıyıq. Öz dilini yaşatmayan xalqın dilini başqası yaşatmayacaq, öz ruhunu qaranlıq dalana salanı başqa ruhlular günəş işığına çıxarmayacaq. Böyük türk şairi Nazim Hikmətin dili ilə desək: Mən yanmasam, Sən yanmasan, Biz yanmasaq, Necə çıxar qaranlıqlar aydınlığa?!
© 2020 - Created by İLK XEBER.