Qafqazın tarix boyu dünyanın strateji mərkəzlərindən biri olduğu hər kəsə məlumdur. Bu ətrafda gedən bütün müharibə və ya siyasi məsələlərdə bu amil mütləq nəzərə alınmışıdr. 1453-cü ildə Fatih Sultan Mehmetin sayəsində Konstantinopol (İstanbul) süqut etdikdən sonra Gürcüstanın Rusiyanı çıxmaq şərtilə xristian dünyası ilə demək olar ki, əlaqələri kəsildi. Gürcüstan belə bir vəziyyətdə Osmanlı və İran arasında coğrafi baxımdan bölünmək məcburiyyətində qaldı. Eyni zamanda bu iki dövlətin himayəsi altında öz mövcudluğunu qorudu, amma Gürcüstanın dini cəhətdən fərqliliyi onun bu inkişaf etmiş dövlətlərə inteqrasiyasının qabağını kəsdi. Hesab edirəm ki, məxsusi olaraq bu amil, həm də Gürcüstanı hər zaman münaqişə bölgəsi olmağa vadar etdi. O zamandan 1853-cü ilə qədər siyasi meydanlarda çarpışan Gürcüstan sonda bilərəkdən özünü heç də ona siyasi cəhətdən xeyir gətirməyən, müstəqilliyini zədələyən “Qeorqiyevsk” andlaşması ilə üz-üzə qoydu. Həmin traktat o vaxtdan bu vaxta qədər həm Gürcüstanın, həm də Azərbaycanın suverenliyini təhdid edən bir kabusa çevrildi. Yəni bəhs etdiyimiz zaman kəsiyində Gürcüstan yanlış olaraq bütün ümidlərini Rusiya imperiyasına bağlamışdı. Ona görə yanlış ki, bu səhv addım günümüzə qədər də Rusiyanın öz siyasi-iqtisadi maraqları naminə həm Gürcüstanın, həm də Azərbaycanın süverenliyini təhdid etməkdədir. Bu prosesdə öz üzdəniraq maraqları və saxta iddialarını güdən ermənilər də Rus şovinizminin aləti qismində iştirak etmişlər. Bunları izah etmək üçün bir qədər tarixin dərinliyinə getməyimizə lüzum var. I Pyotrun Səfəvilər üzərinə hücumu və VI Vaxtanqın aldanması XVIII əsrin 20-ci illərində Gürcü ruhaniləri və digər söz sahibləri Rus çarı I Pyotrdan (Pyotr Alekseyeviç Romanov hakimiyyət tarixi: 1682-1725) kömək istədilər. O zaman Rus çarında gürcüləri Şimali Qafqaza, Terek çayı vadisinə köçürmək ideyası baş qaldırdı. Amma bu təklif onun komandası tərəfindən qəbul olunmadı. Gürcüstanda Rusiyanın proqmatik siyasətini başa düşməsələr də, onun kömək edəcəyinə inanırdılar. Hətta Gürcüstanda I Pyotrun dilindən “Gürcüstan bədbəxtdir, onları inancına görə himayə edin və onları qorumaq üçün qoşun göndərin” kimi əfsanə uydurulmuşdu. Lakin demək lazımdır ki, Rusiya hakimiyyətindəki intriqalar bu arzunun həyata keçməsini əngəllədi. Əvvəlcədən qeyd edim ki, bəlkə də bu cür qarşılıqlı münasibəti gürcü hakimiyyətinin öz əhalisi arasında müdafiə inamını yaratması kimi, imperiyanın isə Gürcüstanın sədaqətinə şübhə eləməsi kimi dəyərləndirmək olar. Bunlara rəğmən deyə bilirik ki, Rus-Türk müharibəsi ərəfəsində də Rusiya və Gürcüstan arasındakı doplomatik mənzərə öz rəngini sabit saxlaya bilmir, siyasi vəziyyət tez-tez kökündən dəyişirdi. Bu barədə bir qədər sonra... 1720-ci ildə I Pyotr Astraxana qubernator təyin etdiyi A.Volınskiyə Kartli çarı VI Vaxtanqı Rusiyaya meyilləndirməyi tapşırdı. Bu zaman I Pyotr Səfəvilər üzərinə yürüşə hazırlaşırdı və burada Gürcü əsgəri gücündən yararlanmaq barədə düşünürdü. A.Volınski Gürcü çarı VI Vaxtanqa daimi ittifaq yaratmağı təklif etdi, əvəzində isə Rusiyanın Gürcüstanın dövlət olaraq mövcudluğunu qoruyacağını vəd etdi. Sadəcə olaraq bu vədlərə inanan VI Vaxtanq İranla münasibətlərini kəsmək qərarına gəldi. Beləliklə, 1721-ci ildə Rusiya ilə Gürcüstan arasında birgə fəaliyyətə dair danışıqlar başlandı. Mənbələrə görə, 1722-ci il martın 8-də əfqanlar səfəviləri Gilanabadda məğlubiyyətə uğratdılar və bu döyüşdə VI Vaxtanqın Səfəvi Şahı Sultan Hüseynin (1694-1722) qvardiyasının əmiri olan qardaşı həlak oldu. Bundan sonra İsfahanın 8 ay davam edən mühasirəsi başlandı. Bu zaman Şah öz təbəəsi olan VI Vaxtanqdan kömək istədi. Həmin arada Vaxtanqın görüşünə Şahın adamları ilə eyni vaxtda I Pyotrun elçiləri də gəldilər. Danışıqdan sonra Vaxtanq məşvərət məclisi qurdu və Səfəvilərə qarşı durub-durmamaq haqqında müzakirə keçirdi. Məşvərət üzvlərinin çoxu Gürcüstanı daha pis duruma salacaqlarını əsas gətirərək Səfəvilərə qarşı olma məsələsinin əleyhinə çıxış etdilər. VI Vaxtanq I Pyotra son dərəcə inanmışdı və bu barədə heç kəslə bölüşməyi özünə rəva görmədi. Vaxtanq çoxluğun fikrini nəzərə almayaraq Səfəvi şahından imtina etdi və həmin ilin sentyabrında gürcü ordusunu rus ordusuna qoşmaq qərarına gəldi. O, İsfahanın da mühasirədə olduğunu nəzərə almaqla avqust ayında 40 minlik ordu ilə Gəncəyə yaxınlaşdı və I Pyotrun hücumunu gözlədi. Lakin Gürcüstanda heç kimin gözləmədiyi bir hadisə baş verdi – I Pyotr hücum barədə qərarını dəyişmişdi. Qərarın dəyişməsinin səbəbi çox ciddi idi. Belə ki, 1722-ci il iyunun 18-də I Pyotr Həştərxandan Azərbaycan üzərinə yürüşə başladı. Rus qoşunları iki istiqamətdə – quru və dəniz yolu ilə hərəkət edirdilər. Dərbənd yolu üzərində yerli əhalini qorxutmaq məqsədilə kənd və qəsəbələri yandırıb viran qoyan I Pyotrun ordusu Azərbaycan ərazisinə daxil oldu. Onlar zəifləmiş Səfəvi qoşunları tərəfindən ciddi müqavimətlə üzləşmədilər. Avqustun 15-də rus eskadrası (hərbi-dəniz və ya hava donanması gəmilərinin böyük birləşməsi) Dərbəndə çatdı, həmin ayın 23-də piyada qoşunu da şəhərə daxil oldu. Lakin Azərbaycanın nüfuzlu feodalları bir araya gəlib rus ordusuna güclü müqavimət göstərdilər. Qarşıdurmanın belə bir qızğın çağında Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsi yarandı. Digər tərəfdən rus ordusunun Xəzəryanı bölgələrə təcavüzü Osmanlı dövlətində kəskin etiraza səbəb oldu. 1721-ci ilin avqustunda Şirvan üsyanı zamanı Şamaxını ələ keçirmiş Hacı Davud dağlarda qoşun toplayaraq rusların hücumunun qarşısını almağa hazırlaşdı. Bütün bu cəhətləri nəzərə alan I Pyotr buradakı işləri general-mayor M. Matyuşkinə tapşıraraq özü Peterburqa qayıtdı. Beləcə VI Vaxtanqın baş tutmayan gözləntisi və ya bu uğursuzluğu Gürcüstan üçün faciə ilə nəticələndi. Belə ki, həmin ilin noyabrında taxta çıxmış Səfəvi şahı II Təhmasib gürcü çarı VI Vaxtanqın hakimiyyətinin qeyri-qanuni olduğunu elan etdi. Bundan sonra Dağıstanın silahlı dəstələri Tiflisi viran qoydu. Bu fürsətdən istifadə edən Osmanlı sultanı III Əhmədin (1703-1730) ordusu Kartli və Kaxetini zəbt etdi, bu bölgəni 1735-ci ilə qədər öz təsiri altında saxladı. “Tiflis əyalətinin müfəssəl dəftəri (1723-1728)”dən də məlum olduğu kimi həmin dövrdə Borçalı da Osmanlı təsirində olmuşdur. Osmanlı-Rus qarşıdurması XVIII əsrin başlanğıcından etibarən Avropanı bürümüş müharibələrdə iştirak etmək istəməyən Sultan III Əhməd, eyni zamanda şərqdə də Səfəvilərlə sülh sazişi bağlamışdı. Lakin bəzi hadisələr Osmanlı ilə Rusiyanı qarşı-qarşıya qoydu. Bu məsələni şiddətləndirən səbəblərdən biri də I Pyotrun məğlub etdiyi İsveç kralı XII Karlın sultan III Əhmədin xəbəri olmadan mühacir kimi Osmanlıya qəbul olunması idi. XII Karlın Osmanlı imperiyasında apardığı siyasi fəaliyyət tez-tez Rusiya-Osmanlı münasibətlərini gərginləşdirirdi. Rusiya 1700-cü ildə İstanbulda bağladığı sülh müqaviləsini pozaraq Osmanlıya müharibə elan etdi. 9 aprel 1711-ci ildə Osmanlı-Rus müharibəsi başladı. III Əhmədin ordusu Krım ordusu ilə birləşərək Prut çayı sahilində rusları məğlub etdi. Rusların 23 iyul 1711-ci ildə imzalanan Prut sülh sazişinə tabe olmamaları Sultan Əhmədin Ədirnəyə qədər irəliləməsinə səbəb oldu. Lakin İngiltərə və Hollandiya səfirləri vasitəçilik edərək bu səfəri dayandıra bildilər. 24 iyun 1713-cü ildə Ədirnədə bağlanan müqaviləyə əsasən iki tərəf arasında müvəqqəti də olsa sülh təmin edildi. Beləliklə, Rusiyadan Azov dənizi və ətraf bölgələrini geri alan Osmanlı imperiyası Venesiya, Aralıq dənizindəki bir sıra adalar və Moreya yarımadası istiqamətində fəthlərini davam etdirməyə başladı. Sultan III Əhməd bütün bu səfərləri zamanı orduyla birlikdə Ədirnəyə və Sofiyaya qədər gedir, qışı isə İstanbulda keçirirdi. Nəhayət, Avstriya ordusunun Niş qalasına qədər gəlməsinin ardından 21 iyul 1718-ci ildə Pojevatski sülhü bağlandı. Son illərdə Sultan III Əhmədi ən çox məşğul edən məsələlərdən biri də Şərqdə Səfəvi və əfqanlarla olan gərgin münasibətlər idi. Rus imperiyasının Xəzər dənizinin sahillərini ələ keçirməsi, Şirvan və Dağıstan əhalisinin rus zülmünə qarşı dayanmaq üçün Osmanlı sultanından yardım istəməsi və Səfəvilərdə baş verən daxili çəkişmələr Osmanlı ordusunun bu bölgəyə doğru hərəkət etməsinə bəhanə oldu. Hətta Dərbənd və Bakı üzərində hakimiyyət mübarizəsi Osmanlı və Rus ordularını qarşı-qarşıya gətirdi. Buna baxmayaraq fransız səfiri Marquis de Bonnakın vastəçiliyi ilə 23 iyun 1724-cü il tarixində iki tərəf arasında sülh təmin edildi. Bununla da bəzi İran şəhərləri iki dövlət arasında bölüşdürüldü. Sülhə uyğun olaraq, Osmanlı ordusu Gəncə, Naxçıvan, Xoy, İrəvan, Mərənd, Səlmas, Kirmanşah, Nəhavənd və Həmədanı ələ keçirdi. Bu məğlubiyyətlərin ardından Səfəvi şahı II Təhmasib İstanbul sülhünün şərtlərini qəbul etməyə məcbur oldu. Amma çox keçmədən əfqanlar bölgədə üsyan qaldıraraq hakimiyyəti ələ aldı və bu sülhün şərtlərini tanımadıqlarını elan etdilər. Əfqan şahı Əşrəf xan Qərbi İran şəhərlərinin onlara təslim edilməsini istəyirdi. Nəticə etibarilə 1726-cı ilin noyabrında Nəhavənd yaxınlığında Osmanlı ordusu ilə əfqanlar qarşı-qarşıya gəldilər və Osmanlılar məğlub edildilər. Əşrəf xanla imzalanan 4 oktyabr 1727-ci il tarixli “Həmədan” sülhü Osmanlının lehinə nəticələndi. Şərq cəbhəsində uzun illərdir davam edən qanlı müharibələr Sultan Əhmədə və xüsusilə də onun kürəkəni Nevşəhərli İbrahim paşaya qarşı nifrət yaratmışdı. O əsnada II Təhmasibin himayəsində güclənən Nadir xan Əfşar Osmanlıların əlinə keçmiş bəzi İran şəhərlərini azad etmiş və buradakı Osmanlı əsgərlərini qılıncdan keçirmişdi... Bundan sonra Nadir şah Əfşar dövrü başladı ki, onun hakimiyyətə gəlişi ilə Borçalı sultanlığı Kaxeti çarlığına birləşdirildi və bu barədə müxtəlif yazılarda bəhs etmişik. Gürcü çarlarının növbəti uğursuzluqları Beləliklə, növbəti mərhələdə Rusiya imperiyasının şura iclasında Balkanlar, Yunanıstan və Gürcüstanın bütün xristian əhalisini Osmanlıya qarşı qaldırması qərara alındı. Bu arada Rusiyanın Xarici İşlər Kollegiyası “gürcülərin hazırkı Porta ilə Osmanlı müharibəsində iştirakını qəbul etmələrinə nə dərəcədə meylli olduqlarının yollarının müzakirəsi”ni düzənlədilər. Nəticə müsbət olmadı və beləcə gürcülərin ikinci cəhdi də alınmadı, hərçənd bu müzakirə “Qeorqiyevsk” traktatına yaxınlaşmaya doğru ilk addım oldu. Gürcüstan üçün bu cür uğursuzluq 1768-1774-cü illər Rus-Türk savaşında da davam etdi. Burada da nizamlı Rusiya və nizamsız gürcü ordusu hərəkətlərinin uyğunsuzluğu ucbatından gürcü hakimiyyətinin hər zaman himayəsini qazanmaq istədiyi Rus imperiyası ilə birgə təşviqat layihəsi baş tutmadı. Hələ Rus qoşunlarının Gürcüstanda olduğu müddətdə, ölkədən çıxmamışdan bir qədər əvvəl Kartli-Kaxeti çarı II İrakli II Yekaterinaya bir sıra şərtlər altında Rusiyanın himayəsinə girmək istədiyi haqda yazılı təqdimat göndərdi. O, həmin sənədlə birlikdə öz oğlu Levanı və qardaşı katalikos Antonini də rus çarının yanınına göndərdi. Gürcü çarı əvvəl İranla olan asılılıq şərtlərini indi Rus imperiyasına təklif edirdi. O, təklif ediyi şərtə görə Rus hökumətinə öz oğlanlarından birini, həmçinin bir neçə sərkərdə, hakim və zadəganı girov olaraq verməyi təklif edirdi. Əhali öz həyətinin qazancından imperiyaya 70 qəpik ödəyəcəkdi, hər il 14 baş ən yaxşı atlar göndəriləcəkdi, 2000 vedrə şərab, eyni zamanda əsgər veriləcəkdi. Gürcüstanın xüsusi olaraq bu təqdimatı “Qeorqiyevsk” andlaşmasının yaranmasına səbəb oldu. Lakin hələlik təklif dayandırıldı. 1773-cü il 8 fevral tarixində Panin (N.İ.Panin II Yekaterina hakimiyyəti dövrünün birinci yarısında Rusiya xarici siyasətinin başçısı olmuşdur) II İrakliyə təklifin zamana uyğun olmadığı barədə məlumat verdi. II Yekaterina (1762-1796) Osmanlıdan Gürcüstanın təhlükəsizliyinə dair zəmanət alacağına söz verdiyi halda, 1774-cü ildə bir açıqca vasitəsilə bildirdi ki, indiki halda Gürcüstana hərbi yardım göstərməyin heç bir faydası yoxdur. II Yekaterina bəhs etdiyimiz döyüşdən narazı qalsa da, əslində bir sıra qələbələr əldə etmişdi. Gürcülərinsə məqsədi başqa idi, onlar düşünürdülər ki, Gürcüstan ən azından Osmanlı ilə sülh danışıqlarında xatırlanacaq ki, bu da onların Rusiya ilə imzalanacaq növbəti traktatda himayəyə qəbul ediləcəyinə vəsilə olacaq. Lakin onların bu ümidi də özünü doğrultmadı. 21 iyul 1774-cü ildə Güney Dobrucanın Küçük Kaynarca qəsəbəsində imzalanmış “Küçük-Kaynarca” (Kiçik-Qaynarca) andlaşmasında Kaxet və Kartli çarlıqları tək bir sözlə də xatırlanmadı. Andlaşmanın 23-cü maddəsində isə çəkilən “Gürcüstan” adı Qərbi Gürcüstanın (İmereti) Osmanlı imperiyasından vassal asılılığını anladırdı. Maddədə deyilir: “Gürçu (gürcü – E.C.) və Megril (meqrel – E.C.) ətraflarında vaqe Rusların işğalında olan Bağdadcıq, Şehriban və Kütansi (Kutaisi – E.C.) qalalarının köhnədən bəri və ya uzun müddətdən bəri Osmanlıya aid olduqları təhqiqatla aydın olsa, bu qalalar Osmanlıya veriləcək.” Rus imperiyası Qərbi Gürcüstanın Osmanlı imperiyasından vassal asılılığını tanımaqla Gürcüstanın vahid dövlət halında birləşməsinin qabağını kəsmiş oldu. Bununla da Kartli-Kaxeti çarı II İrakli ilə İmereti çarı I Solomonun 1773-cü ildə birləşmək haqqında verdikləri qərar baş tutmamış qaldı. 1782-ci ildə Kartli-Kaxeti çarı II İrakli Gürcüstanı Rusiyanın himayəsinə götürməsi xahişi ilə çar II Yekaterinaya yenidən müraciət etdi. II Yekaterina Rusiyanın mövqeyini Zaqafqaziyada möhkəmləndirmək məqsədilə Pavel Patyomkinə çar II İrakli ilə müqavilə bağlaması üçün geniş səlahiyyətlər verdi. Gürcüstan tərəfin səlahiyyətli nümayəndələri isə şahzadələr İvane Baqrationi-Muxranski və Qarsevan Çavçavadze idi. Razılaşmaya əsasən Çar II İrakli Rusiyanın himayədarlığını tanıdı və öz qoşunları ilə birlikdə Rusiya İmperatoruna xidmət etməyi öhdəsinə götürərək müstəqil xarici siyasətdən qismən imtina etdi. II Yekaterina isə öz növbəsində Kartli-Kaxetinin müstəqilliyi və ərazi bütövlüyünün qarantı kimi çıxış etdi. Beləliklə, Gürcüstana tam daxili müstəqillik verildi və tərəflər bir-birinə öz səfirlərini göndərdilər. Burada gürcü və rus zadəganlarının, ruhani və tacirlərinin hüquqlarını müvafiq olaraq bərabərləşdirən müqavilənin dörd gizli maddəsi xüsusi əhəmiyyət kəsb edirdi. Bu maddələrə görə Rusiya müharibə vəziyyətində Gürcüstanı müdafiə edəcəyini və sülh danışıqları apararkən uzun müddət Kartli-Kaxetiyə məxsus olmuş, lakin Osmanlı tərəfindən qoparılmış ərazilərin geri qaytarılmasını israr etməyi özünə öhdəlik götürdü. Bundan başqa Rusiya Gürcüstanda dörd top ilə iki piyada batalyonu saxlamağa və müharibə vəziyyəti yarandığı halda qoşunlarının sayını artırmağa söz verdi. Eyni zamanda, gürcüləri birliyi qorumağa və beynəlxalq qarşıdurmalardan çəkinməyə çağırdılar, bunun üçün Çar II İrakli İmereti çarı I Solomonla barışmalı idi. “Qeorqiyevsk” müqaviləsinin əsas siyasi mahiyyəti Rus imperiyasının Şərqi Gürcüstanı öz himayəsinə almaqla Zaqafqaziyada Osmanlı və İranın mövqeyini kəskin surətdə zəiflətməsindən ibarət idi. 1783-cü il 24 iyul (4 avqust) tarixində Qeorqiyevsk qalasında (Şimali Qafqaz) baş tutmuş “Qeorqiyevsk” müqaviləsinin bağlanmasından sonra, 1784-cü ildə Gürcüstan və Rusiya arasında Gürcüstan Hərbi Yolunun inşasına başlanıldı, bu yol boyunca Vladiqafqaz qalası da daxil olmaqla bir neçə istehkam inşa edildi. Müqavilə bağlandığı vaxtdan 3-4 il (1783-1787) müdaxiləsiz qüvvədə qaldı. Amma bundan sonra Osmanlı imperiyasının güclü müqaviməti başladı. Onun təsiri ilə də dağıstanlıların və Axalsixe paşası Süleymanın basqınları artmağa başladı. Rusiya etirazlarını bildirsə də, lazımi təsir göstərmədi. Bundan başqa, Osmanlı Rusiyadan “Qeorqiyevsk” müqaviləsini ləğv etməyi və Vladiqafqaz istehkamlarını yıxmağı tələb etdi. Nəticədə 1787-ci ildə rus qoşunları Gürcüstandan çıxarıldı ki, bu da müqavilənin şərtlərini kobud şəkildə pozmaq idi və bununla da faktiki olaraq müqavilə fəaliyyətini dayandırdı. Belə bir nəticənin səbəblərindən biri Gürcüstanın türklərlə separat danışıqlara girib müqaviləni ilk pozan tərəf olaraq göstərilməsidir. 1786-cı ilin sentyabrında Axalsixe başçısı Süleyman Paşanın ayrıca bir sülh müqaviləsi bağlamaq təklifi ilə Gürcüstan çarı II İrakliyə məktub göndərməsini də bu məsələnin bir hissəsi və ya davamı hesab etmək olar. Bu səbəblə Rusiya çarı Osmanlı hakimiyyəti ilə danışıqlara başlayaraq bəhs olunan müqavilədən geri çəkildi. “Qeorqiyevsk” müqaviləsinin 4-cü maddəsinin şərtlərinə baxmayaraq, Çar II İrakli Süleyman Paşa ilə 1787-ci ilin yayında (yalnız Rusiya və Osmanlı arasındakı müharibə dövründə) Osmanlı Sultanı tərəfindən təsdiqlənmiş müqavilə bağladı. Bu andan etibarən “Qeorqiyevsk” müqaviləsi öz qüvvəsini itirdi. Bunun nəticəsində də Gürcüstandan çıxmalı olan Rus qoşunları 26 oktyabr 1787-ci ildə artıq Vladiqafqazda idi. Gürcülərin Rusiya imperiyasının təbəəliyini ciddi-cəhdlə qəbul etməsi Gürcüstan çarı “Qeorqiyevsk” müqaviləsini pozmaqla, həm də ölkəsini Ağa Məhəmməd Şah Qacarın ordusundan müdafiəsiz qoydu. Şərtlərinin kobud şəkildə pozulmasına baxmayaraq, əslində müqavilə 1795-ci ilin payızında sənədlər üzərində olsa da, hüquqi cəhətdən qüvvədə idi. 1795-ci il sentyabrın 4-də II Yekaterina uzun gecikmələrdən sonra, nəhayət, çar İraklini bağlanmış müqaviləyə əsasən, rus vassalı kimi, iki tam piyada batalyonu ilə düşmənin sui-qəsd cəhdlərinə qarşı gücləndirməyi əmr etdi. Amma səkkiz gündən sonra Tiflis Ağa Məhəmməd Şah Qacarın qoşunları tərəfindən dağıdıldı. General Qudoviç isə imperatorun əmrini yalnız oktyabrın 1-də aldı. 1795-ci ilə qədər Ağa Məhəmməd Şah Qacar Azərbaycan xanlıqlarını birləşdirməyi və rəqiblərini məğlub etməyi bacardı, “Qeorqiyevsk” müqaviləsi imzalandıqdan sonra isə faktiki olaraq ayrılmış Gürcüstanı İrana qaytarmaq məsələsi ortaya çıxdı. Mənbələrin verdiyi məlumata görə, Ağa Məhəmməd Şah Qacar II İrakliyə güzəştli şərtlərlə İran təbəəliyinə qayıtmağı təklif etdi, lakin rədd cavabı aldı. Tiflis dağıdıldıqdan sonra Şah Qacar bütün əsirləri geri qaytaracağını və İranın bütün şimalını onun hakimiyyəti altına verəcəyini vəd edərək İrakliyə itaət etməyi təklif etdi. Lakin II İrakli yenə də üzünü Rusiyaya tutdu. Çar İraklinin təkrar müraciətləri ilə Rusiya 1796-cı ilin aprelində general-poruçik V. A. Zubovun komandanlığı altında 13 minlik Xəzər Korpusunu Dağıstanın Qızlar (Kizlyar) şəhərindən İranın şimal əyalətlərinə göndərdi. Burada məqsəd İranın “üsyançı” Ağa Məhəmməd Xandan “azad edilməsi”ndən çox Gürcüstanın xilası idi. Bütün məsuliyyət yürüşün ilhamçısı Valerian Zubovda idi. Tiflisin dağıdılması müharibənin səbəblərindən biri idi. Mayın 10-da Dərbənd şəhəri hücum nəticəsində alındı, iyunun 15-də Bakı və Quba döyüşsüz təslim oldu. Noyabr ayında rus qoşunları Kür və Araz çaylarının qovuşduğu yerə çatdı. Lakin 6 noyabr 1796-cı ildə II Yekaterina dünyasını dəyişdi və İranın fəth edilməsi layihələri dayandırıldı. Gürcüstanda yalnız General Rimski-Korsakovun kiçik bir dəstəsi qaldı, lakin 1797-ci ilin əvvəlində o da geri çağırıldı. Gürcüstan yenidən öz müqəddəratı ilə baş-başa qaldı və yalnız Ağa Məhəmməd Şah Qacarın ölümü onu yeni bir dəhşətli işğaldan xilas etdi... Bundan sonra 1787-1792-ci illər Rus-Türk müharibəsinə son qoyan “Yassı” sülh müqaviləsinə əsasən Osmanlı imperiyası Gürcüstana iddialarını rədd etdi və gürcü torpaqlarına qarşı heç bir düşmənçilik etməyəcəyini öhdəsinə götürdü. 1799-cu ildə general Lazarevin rus alayı Kartli-Kaxetiyə girdi. Onunla birlikdə XII Qeorqinin sarayındakı Rusiyanın rəsmi nümayəndəsi Kovalenski də gəldi. 1799-cu ildə Berq-kollegiyanın (Rusiyada mədən sənayəsini idarəetmə orqanı) təşkil etdiyi Zaqafqaziya ekspedisiyasının başçısı qraf Apollos Apollosoviç Musin-Puşkin imperator I Pavelin icazəsi ilə gürcü çarı XII Qeorqi (1798-1800) ilə danışıqlara başladı və burada “həm çarın özünün ..., eləcə də gürcü xalqının bütün təbəqələrinin” Rusiyaya birləşmək istəyini yerinə yetirdi. Kartli-Kaxeti çarı XII Qeorqinin Rusiyadakı səfiri Qarsevan Çavçavadzeyə 7 sentyabr 1799-cu il tarixli məktubu: “Mənim bütün səltənətimi və mülkümü səmimi və saleh bir qurban olaraq onlara verin və bunu təkcə ən yüksək rus imperator taxtının himayəsinə təqdim etməyin, həm də onlara tamamilə səlahiyyət verin və qayğı göstərin. Qoy, bu vaxtdan etibarən Kartlosianların çarlığı bütün hüquqlarla Rusiyada yerləşən digər vilayətlərdə olduğu kimi, Rusiya dövlətinə mənsub hesab olunsun.” 24 iyun 1800-cü ildə Gürcüstanın Peterburqdakı səfirliyi Rusiyanın Xarici İşlər Kollegiyasına təbəəlik haqqında sənəd layihəsini təqdim etdi. Birinci maddədə oxunurdu: “Çar XII Qeorqi öz övladları ilə, ruhanilərlə, zadəganlarla və onun hakimiyyəti altında olan bütün insanlarla birlikdə birdəfəlik Rusiya imperiyasının təbəəliyini ciddi-cəhdlə qəbul etməyi, əməl olunmalı qanunlara Rusiya vətəndaşları kimi müqəddəs baxmağı və onların hamısını səylə yerinə yetirməyi vəd edir.” 1800-cü ilin payızında gürcü nümayəndə heyəti Rusiyaya daha konkret birlik layihəsi təklif etməyə cəhd etdi. Noyabrın 17-də knyaz Çavçavadze Çar XII Qeorqi adından notanı və əlavə olunmalı maddələrin xahişini təqdim etdi. Bu təklif Xarici İşlər Kollegiyasında nəzərdən keçirildi və noyabrın 19-da bütün maddələr imperator tərəfindən təsdiq edildi. Dövlət rəsmiləri tərəfindən düzənlənmiş müşavirədə qraf Rostopçin və S. L. Laşkaryov gürcü səfirliyi nümayəndələrinə İmperator I Pavelin çarın və bütün gürcü xalqının əbədi təbəəliyini qəbul etdiyini, eyni zamanda Qeorqinin bütün istəklərini təmin etməyə razı olduğunu bildirdilər. Həmçinin vurğuladılar ki: “...Lakin bu qərar elçilərdən birinin Gürcüstana qayıdaraq, orada çara və xalqa Rusiya imperatorunun razılığını ifadə edən sözləri elan etməli və gürcülər bir məktubla Rusiya təbəəliyinə girmək istədiklərini təkrarən bildirdikdən sonra qəbul olunacaq.” 23 noyabr 1800-cü ildə imperator çarlığın Rusiya təbəəliyinə qəbul edilməsi ilə əlaqədar XII Qeorqiyə reskript (imperatorun öz təbəəsinə ünvanladığı qanun qüvvəsində olan məktub və ya müraciəti) verdi və orada əlavə olaraq qeyd etdi ki, “...bizə bildirilənləri böyük lütf və hörmətlə qarşıladıq, sizi təbəəliyimizə götürmək üçün etdiyiniz xahişi mərhəmətlə qəbul etdik.” XII Qeorqiyə ömrünün sonuna qədər çar hüquqlarını daşıyacağı vəd edildi. Onun ölümündən sonra isə Rusiya hökuməti çar səltənətinin varisi olaraq Qeorqinin oğlu Davidi çar titulu ilə general-qubernator olaraq təsdiqləməyi və Gürcüstanı gürcü çarlığı adıyla Rusiya quberniyaları sırasına daxil etməyi planlaşdırdı. Hər şey məsələnin qanuni qüsursuz bir həlli ola biləcək ikitərəfli razılığa getdi. Lakin müşavirədən iki gün əvvəl imperatorun reskripti General Knorrinqə çatdırıldı. Ona Gürcüstana qoşun göndərmək və çar Qeorqinin ölümü baş verdiyi halda xüsusi əmr verilənə qədər varis təyin edilməməsi haqda əmr edildi. Həmin sərəncam Gürcüstan çarının varis təyin etmək səlahiyyəti məsələsinə görə 1783-cü il müqaviləsinin prinsiplərinə zidd idi. Dekabrın 18-də, hələ səfirlərin Gürcüstana gəlməsindən əvvəl Gürcüstanın Rusiya tərkibinə daxil olması ilə bağlı manifest imzalanmışdı. Beləliklə, məsələ dekabrın 28-də, hələ Çar Qeorqinin ölümündən əvvəl birtərəfli qaydada həll edilmişdi. Səfirlər qəbul olunmuş maddələrlə yanvarın əvvəlində Gürcüstana gəldilər və yanvarın 15-də şahzadə David müraciət etdi: “Əlahəzrətdən mənə Gürcüstan səltənətinin vərəsəliyi qubernator rütbəsi ilə təqdim olundu.” Yanvarın 18-də Peterburqda I Pavelin manifesti yayımlandı. Manifestin məzmunu Gürcü sülaləsinin taleyindən bəhs etmədən, bir qədər dumanlı və qeyri-müəyyən tərtib edilmişdi. 16 fevral 1801-ci ildə, Sioni kilsəsində Gürcüstanın əbədi olaraq Rusiyaya ilhaq edilməsi barədə rus və gürcü dillərində manifest oxundu. Fevralın 17-də bu manifest Tiflisin Baş Kilsəsində şəhər sakinlərinə təntənəli şəkildə elan edildi. 1801-ci ilin martında artıq hakimiyyətdə olan Rus çarı I Aleksandr (1801-1825) dərhal Gürcüstanın Rusiyaya qoşulma məsələsini həll etməli oldu. Əgər I Pavelin vaxtında bu məsələyə dövlət maraqları baxımından yanaşılırdısa, I Aleksandr və onun Gizli komitəsi (rusca: Neqlasnıy komitet) bunu hüquq baxımından nəzərdən keçirtdi. O vaxt ədalətli siyasətin tərəfdarı olan Aleksandr heç bir hüquqi əsası olmayan qoşulma aktına son dərəcə mənfi reaksiya verdi. Ona problem yaradan isə Pavelin manifestinin artıq oxunmuş olduğu və birləşmənin faktiki başlandığı məsələsiydi. Aleksandrın şübhələrini nəzərə alaraq Gürcüstan məsələsi o zaman “Vacib Şura” (rusca: Nepremennıy sovet) adlanan Dövlət Şurası tərəfindən müzakirəyə çıxarıldı. Məsələnin nə qədər mürəkkəb olduğunu, ona hələ İmperator Pavelin Şura iclasında baxıldığında, daha sonra isə I Aleksandrın məsləhəti ilə altı ay nəzərdən keçirildiyində görmək olur. 11 aprel 1801-ci ildə Gürcüstan məsələsi ilə bağlı ilk iclas keçirildi. I Aleksandrın “gənc dostları” bu birləşməyə qarşı çıxmaqdaykən, şurada hələ də II Yekaterina dövrünün ruhunda düşünən “imperiya” partiyası üstünlük təşkil edirdi. Onların fikrincə, Gürcüstanı zəngin mədənlərə (Musin-Puşkinin verdiyi məlumata əsasən) görə, sərhədlərdə sakitliyin olması üçün, eləcə də imperiyanın ləyaqətini qorumaq naminə saxlamaq lazımdır. Beləliklə, ilk iclasda məsələ heç cür həll olunmadı. 15 aprel 1801-ci ildə ikinci iclas keçirildi. Bundan sonra Baş Prokuror Bekleşov dedi: “Əlahəzrət yad torpaqlarının mənimsənilməsini ədalətsiz hesab etdiyi üçün Gürcüstanın Rusiyanın bir subyekti kimi qəbul edilməsinə hədsiz nifrət etdiyini bildirdi”. Bu iclasda Şura, problemi dilemma kimi təqdim etdi, onun fikrincə, ya tam qoşulmaq, ya da tam müstəqillik mümkündür. Müstəqillik Gürcüstanın məhvinə səbəb olacağına görə, Şuranın fikrincə, yalnız tam üzvlük mümkündür. Şura bu nəticəyə gəlincə, Gürcüstanın müstəqil bir çarlıq ola bilmək, yoxsa xalqın yekdilliklə Rusiyaya qoşulmaq istədiklərini öyrənmək məqsədilə qraf Knorrinqi Gürcüstana göndərməyə qərar verdi... Knorrinqin məruzəsindən dörd gün əvvəl A.Vorontsov və V.Koçubəyin hesabatı imperatora təqdim edildi. Şurada “imperiya” partiyasının üstünlük təşkil etdiyinə baxmayaraq, I Aleksandrın Gizli komitəsi qoşulma layihəsinə qarşı idi. Bu insanların rəyi A.Vorontsov və V.Koçubəyin 24 iyul 1801-ci ildə imperatora təqdim etdiyi həmin məruzədə ifadə edildi. Müəlliflər hazırda Aleksandrın siyasətinin əsas prinsipinin imperiyanın genişlənməsi deyil, daxili təkmilləşmə olduğuna əsaslandılar. Onlar hesab edirdilər ki, Xəzərin fəth edilməsi məsələsi gündəmdədir və Gürcüstanın Rusiyaya birləşməsi də həmişə bu planın yalnız bir hissəsi olmuşdur. Gürcü xalqının yekdilliklə istədiyi birləşmə məsələsi də şübhəlidir, çünki xalq öz yekdilliyini hansı formada ifadə edə bilər? Gürcüstanın təbii sərvətlərinin bol olması da son dərəcə şübhəlidir, lakin Gürcüstan onları da Rusiyaya təhvil verməyi təklif edir, odur ki, mədənlərə görə tam qoşulmağın mənası yoxdur. Məruzə müəllifləri Gürcüstanın qoşulmasını Rusiyanın dövlət maraqları baxımından qiymətləndirdilər və bu məsələyə mənfi reaksiya verdilər. Qanun nöqteyi-nəzərinə gəldikdə isə, əlbəttə ki, onlar burada hər hansı bir yeni qərardan söhbət belə gedəcəyinin mümkün olmadığını yaxşı bilirdilər. Vorontsov və Koçubəy təklif etdilər: “Gürcüstanda şahzadələrdən birini varislik qaydasına və ya şəxsi keyfiyyətlərinə görə çarlığa seçmək, zərurət olduqda bir sıra tələbləri çıxartmaq, Gürcüstanda “o torpağın ərzaqı hesabına” bir neçə qoşun saxlamaq”. Bunlarla yanaşı çarın yanında bir nazir təyin edilməsi də təklif edildi. Gürcüstan Rusiyanın bir hissəsi kimi Missiya 19 aprel 1801-ci ildə ən yüksək səviyyəli reskriptlə Knorrinqə həvalə edildi. Knorrinq mayın 22-də Tiflisə gəldi və burada insanların fikrini öyrənmək məqsədilə demək olar ki, hər yerdə oldu. Onun missiyasının nəticəsi Şurada əvvəlcədən müəyyən edilmişdi, o, yalnız dilemmanı həll etdi: tam tabeçilik, yoxsa tam müstəqillik? Məsələ burasındadır ki, o zaman tam müstəqillikdən söhbət gedə bilməzdi, çünki bu, Rusiyanın Güney Qafqazla bağlı siyasətinə uyğun deyildi. Knorrinq gələn vaxt Gürcüstan artıq yarım il idi ki, hakimiyyətsiz qalmışdı. Şahzadə Davidin özünü çar elan etməyə Tiflisdəki rus generalları tərəfindən icazə verilmədi, amma o, təsdiqlənmiş varis hesab edildi. Rus əsgərləri I Aleksandra and içib beyət etdikdə, gürcülər bunu etmədilər. Ölkə anarxiyadan əziyyət çəkirdi, Dağıstan dağlılarının bu əraziyə basqınları və İran hücumlarının fəsadları aydınca görünürdü. Həmin günlərdə Tiflisə gələn general Tuçkov şəhərin hələ də bərbad vəziyyətdə olduğunu, yalnız iki küçəsinin salamat qaldığını müşahidə etdi. Knorrinq gizli şəkildə Tuçkova bildirdi ki, Gürcüstanın birləşməsi məsələsi hələ həll edilməyib. S.A.Tuçkovun “Qafqaz müharibəsi: mənşəyi və başlanğıcı”ndakı qeydlərindən: “Bəs rus başçılarının indiki işi və vəzifəsi xristianları, xüsusən də dindaşlarını Məhəmmədlilərin vəhşiliyindən qorumaqdırmı? – deyərək etiraz etməyə cəsarət etdim. “İndi hər şeydə fərqli bir sistem var” deyə o, cavab verdi. General Knorrinq, imperatora məruzə etdiyi dolaşıq fikirlərdən başqa deməyə bir şey tapa bilmədi ... o, digər müşahidəçi zabitlərlə eyni səhvə yol verirdi, onların təlim-parad qaydalarına və dəftərxananın əmrlərinə alışmış gözləri Gürcüstanda ancaq xaos və iğtişaş gördü.” Knorrinq Gürcüstanda 22 gün qaldıqdan sonra Peterburqa qayıtdı və 1801-ci il iyunun 28-də hesabatını imperatora təqdim etdi. O, – kömək olmadan Gürcüstan özünü qoruya bilərmi? – sualına mənfi və gürcülərin yekdilliklə birləşmək istəməsi məsələsi barədə müsbət danışdı. 8 avqust 1801-ci ildə Gürcüstanla bağlı Şuranın növbəti iclası keçirildi. Vaxt “imperiya” partiyası üçün işləyirdi. Rusiya elçilərinin məlumatlarına görə, Gürcüstan anarxiya ili ərzində artıq dövlətə bənzəyişini itirdi. Bundan əlavə, Gürcüstan artıq dünyada Rusiyanın bir hissəsi kimi qəbul olundu. Rusiya tərəfdən isə birləşmədən imtina etmək imperiyanın ləyaqəti baxımından uyğun deyildi. İclasda Knorrinqin və Vorontsovla Koçubəyin məruzələri dinlənildi. Şura Knorrinqi dəstəklədi. Gürcüstanı ələ keçirməyə qadir olan türkləri və iranlıları qabaqlamağın vacibliyi, habelə ilhaqın “dağ yırtıcı xalqlarını cilovlamağa” kömək edəcəyi bildirildi. Koçubəy öz fikrini israrla bildirdi. O, yekun sözlərində sərhədlərin genişlənməsi təhlükəsinə, monarxist nöqteyi-nəzərindən birləşmənin ədalətsiz olduğuna diqqət çəkdi və Gürcüstanın vassal mövqeyini qorumağı təkid etdi. Buna baxmayaraq, Şura Gürcüstanın Rusiyaya birləşmə məsələsini təsdiqlədi. I Aleksandr yenə tərəddüd edirdi. Avqustun 12-də V.Zubovdan məktub aldı və baxmaq üçün onu Novosiltsevə göndərdi. Avqustun 13-də məsələ Gizli Komitənin iclasında müzakirə edildi. Komitə üzvləri yenə də qarşı çıxdılar, lakin Aleksandr tədricən Şuranın qərarına meyl etdi. Bununla yanaşı, gürcü vəkilləri onları Gürcüstanın həqiqətən könüllü surətdə birləşməsinin forma cəhətdən də gerçək olduğuna inandırmağa çalışırdılar. Onlar imperatora təklifləri ilə bir yerdə notalar göndərdilər və ümumiyyətlə, Gürcüstanla bağlı məsələnin həllinin könüllü olaraq ilhaq edilmiş gürcü xalqının nümayəndələri kimi onların iştirakı ilə aparılmasını xahiş etdilər. Lakin onların fikri ilə heç kəs maraqlanmadı. 12 sentyabr 1801-ci ildə I Aleksandr Moskvada qoşulma ilə bağlı manifest verdi. Zubov qardaşlarının “imperiya” siyasəti üstün gəldi və hətta manifest Platon Zubovun öz əlilə yazıldı. Manifestdə deyilirdi: “... güc çoxalmaq üçün deyil, mənfəət üçün deyil, onsuz da yer üzündə bu qədər yayılmış imperiyanın sərhədlərinin genişləndirilməsi üçün deyil, biz gürcü çarlığını idarə etmək yükünü öz üzərimizə götürdük. Bir ləyaqət, bir şərəf və insanlıq əziyyət çəkənlərin dualarına qulaq asaraq, kədərinə acıyaraq Gürcüstanda ədaləti, şəxsi və əmlak təhlükəsizliyini bərqərar edən və hər kəsin hüquqlarını qoruya bilən bir qayda yaratmaq üçün bizim boynumuza müqəddəs bir vəzifə qoyur.” Qeyd edək ki, yuxarıda təfsilatı ilə şərh etdiyimiz fikirlərdən gəldiyimiz qənaətə görə, 1783-cü ildə “Qeorqiyevsk” müqaviləsinin imzalanması nəticəsində Kartli-Kaxeti çarlığı üzərində Rusiya protektoratı quruldu. 12 sentyabr 1801-ci ildə İmperator I Aleksandr Kartli-Kaxeti çarlığının ləğvi və ərazisinin Rusiyaya ilhaq edilməsi ilə bağlı manifest verdi. XIX əsrdə isə Qərbi Gürcüstan ərazisi tədricən Rusiya imperiyasına daxil edildi... 12 aprel 1802-ci ildə manifest Tiflisdəki Gürcüstanın iki əsas ibadətxanalardan biri olan Sioni kilsəsində rəsmi şəkildə oxundu. Şahzadələr, katolikoslar and içdilər, eləcə də Kartli-Kaxetinin bütün zümrələri təzyiq altında yeni nizama sadiq qalacaqlarına and içdilər. Tuçkov yazır ki, “Bu mərasim heç bir kiçik qarışıqlıq belə olmadan başa çatdı.” V.A.Potto bu prosesi fərqli şəkildə təsvir edir: “Təəssüf ki, Knorrinq xalqın etimadını qazana biləcək qabiliyyəti olan şəxslərdən deyildi və dərhal Gürcüstanın könüllü ilhaqının mənasını təhrif edərək bir növ ona zorakılıq görünüşünü verdi. O, Tiflisə gələrək bütün şəhər sakinlərini topladı və ətraflarını qoşunlarla əhatəyə alaraq onları yeni hökmdara beyət etməyi əmr etdi. Xalqın heç bir dəvətinə əsaslanmayan bu kobud davranış və ehtiyat tədbiri süngü təhdidi altında and içmək istəməyən gürcüləri çox incitdi və onlar evlərinə dağılışdılar.” Manifestin elanından bir gün sonra yeni bir hökumət açıldı. Bir neçə gün sonra Gürcüstanın hökmdarı təyin olunan Knorrinq Tuçkovu dul çariça Məryəmin yanına göndərdi ki, bütün çar reqaliyasını (hökmdarlıq simvoluna daxil olan hər şey) ondan götürsün. Dağıstan dağlılarının basqınları sürətləndi, vətəndaş müharibəsinə bənzər bir qarışıqlıq oldu. General Knorrinqin özü Rusiyaya gedərkən mühasirəyə düşdü, osetinlər isə Tiflisin yanında Don kazak alayını tamamilə məhv etdilər. General Tuçkov ordu ilə Tiflis yaxınlığında olduğu vaxt heç bir gecə istirahət edə bilmədiyini yazıbdır. Avarlar bütün piyada batalyonunu general Qulyakovla birlikdə məhv etdilər. Vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün Knorrınq geri çağırıldı və knyaz Sisianovla əvəz edildi. Bölgədəki narahat vəziyyət Kovalenskinin nəzakətsiz və hətta tamahkar hərəkətləri ilə nəhayət, gürcüləri daha da sərtləşdirdi. Əvvəllər yalnız çar ailəsinin üzvlərindən necə qurtulacağını düşünən insanlar yenidən onlar tərəfə üz tutdular. İmperator Aleksandr Zaqafqaziya bölgəsinin nizamsız idarə olunması ilə bağlı şayiələr eşitməyə başladı və 8 sentyabr 1802-ci ildə həm Knorring, həm də Kovalenski Ali Komandanlıq tərəfindən geri çağırıldı, eyni zamanda general-leytenant knyaz Sisianov Gürcüstanda Baş Komandan təyin edildi. Narazılığın qarşısını almaq bəhanəsi ilə Rusiya ordusunun komandanlığı çar ailəsinin üzvlərini həbs etməyə başladı. Dul çariça Məryəmin tutulması zamanı general Lazarev xəncərlə ölümcül yaralandı. Bu məsələ barədə gürcü mənbələri nifrət hissi ilə yazır ki, Rusiya hakimiyyətinin göstərişi və yerli erməni əsilzadələrin təhriki ilə general Lazarev (Lazaryan – E.C.) Batonişvililərin, məliklərin və ümumiyyətlə, çarlıq qəbiləsinin bütün nümayəndələrinin torpaq-mülkünü əllərindən aldı. O, Gürcüstanın axırıncı çarı XII Qeorqinin dul qadını Məryəmə qarşı son dərəcə hörmətsizliklə davrandı, onun əlindən axırıncı dəyirmanını və özünün sarayını da aldı və xüsusi şəxsə satdı. Bu itsifət Lazarev buna da qane olmadı və 1803-cü ildə məlikə Məryəmin yataq otağına soxularaq, Rusiyaya sürgün edəcəyi ilə hədələyib onun namusuna toxunmaq istədi. Vətənpərvər gürcü qadını məcburiyyət qarşısında igidcəsinə qərar verdi – bu gorbagoru xəncərləyib o dünyaya göndərdi. Bu qeyrətsiz Lazarev də həyatını belə namussuzluqla başa vurdu... Həmin hadisədə tutulanlar güclü mühafizə dəstəsinin (konvoy) müşayiəti altında Vladiqafqaza göndərildi, yerli sakinlər konvoyun hərəkətinə mane olmağa çalışdılar, amma dəstə döyüşərək Qafqaz sıra dağlarından keçdi. Ümumiyyətlə, Gürcüstan üçün hazırlanan andlaşmanın nəticələri ikitərəfli idi. Bir tərəfdən, ölkə hərbi və diplomatik yollarla baş verə biləcək Osmanlı və İran basqınlarından xilas oldu, digər tərəfdən, o, “Qeorqiyevsk” sazişinin şərtlərinə görə öz dövlətçiliyini haqsız olaraq itirdi. Nəticə etibarı ilə, hətta 1811-ci ildə kilsə müstəqilliyini də itirdi. Ölkədəki iğtişaşlar müvəqqəti olaraq sakitləşdi, bunlar əslində birləşmə metodlarına və formasına qarşı xalqın bir növ narazılığı idi. Buna baxmayaraq, gürcü başbilənləri hər hansı bir şəkildə birləşməyə qarşı deyildilər... Bəhs edilən dövrdə gürcü xalqına və bu coğrafiyada yaşayan borçalılılara qarşı erməni xəyanətinin bəzi cizgiləri Gürcü mətbuatında dərc olunmuş çoxsaylı yazılarda bu hadisəylə bağlı ermənilərin də öz şovinist maraq və iddiaları üzrə güclü təsirindən bəhs olunur. O cümlədən Noe Jordania “Altmışıncı illərin xadimləri və bu günkü həyat” (1895-ci il) əsərində Gürcüstanın çökməsinə səbəb olan tarixi faktlar sırasında ermənilərin Gürcüstan dövlətçiliyinə qarşı nankor hərəkətlərini qələmə alır, Gürcüstanda məskunlaşmış ermənilərin öz məkrli, yaltaq siyasətini həyata keçirməklə Rus və İran imperiya siyasətlərindən yararlanaraq, yeni erməni vilayəti və ya çarlığı qurmaq məqsədilə atdıqları hiyləgər addımlarından bəhs edir. Simon Kvarmani “Gürcü millətinin tarixi” (Tiflis, 1919, səh.112) əsərində XVIII əsrin axırlarında baş verənləri şərh edərək yazır ki, ermənilər bu zaman ikili siyasət yürüdürdülər, eyni zamanda həm Allaha, həm də şeytana şam yandırırdılar. Belə ki, bir tərəfdən Rusiyaya ürəklərini açır, onları bölgəyə cəlb edir, Gürcüstanda ağalıq etməyə çağırırdılar, digər tərəfdən isə Ağa Məhəmməd xana pul və hədiyyələr göndərir, onu Kartli-Kaxetini zəbt etməyə dəvət edirdilər. Yəni aşağıda yazılanlardan da məlum olacaq ki, mənfur ermənilər sözü gedən dövrdə Borçalı (Kartli-Kaxeti) bölgəsində də özlərinə məxsus vilayət yaratmaq arzusu ilə yaşayırdılar. İ.Cavaxaşvili yazır ki, ermənilərin katalikosu Luka Gürcüstanı viran etmək üçün 1795-ci ildə İranın gələcək şahı Ağa Məhəmməd xana, yəqin ki, qorxudan, “hərbi xərclərini ödəmək” üçün 100 min manat verdi (İ.Cavaxaşvili “Gürcüstanın sərhədləri”, 1919, səh.38). Lukanın bu hərəkətində qorxu hissi ilə yanaşı erməni şeytanlığı və xainliyi də var idi (o, şaha səkkiz girvəngə qızıl da veribmiş – L.Sanikidze). Ağa Məhəmməd xana Gürcüstanda erməni Yakob Bebutov bələdçilik edirdi. Azsaylı gürcülər şahın hücumunun qarşısını ala bildilər. O, artıq geri qayıtmağa hazırlaşırdı ki, Tiflisdə olan satqın ermənilər Artyom Ararateli və Yoseb Bebutov dustaqlıqda olan İran elçisini qaladan oğurladılar. Bundan sonra onların hər üçü şahın yanına gəlib ona bildirdilər ki, gürcülərin qoşunu azsaylı olduğuna görə, təcili onlara qarşı hücuma keçmək lazımdır. Ağa Məhəmməd xan bu xəbərdən cəld istifadə etdi və onun qoşunu Tbilisidə cəhənnəm qurdu, minlərlə gürcü qırdı, 20 kilsə, evlər və tikililəri dağıtdılar, lakin erməni kilsəsinə toxunmadılar – gürcüləri satdıqlarına görə ermənilərə minnətdarlığını bu cür ifadə etdilər. Ağa Məhəmməd xan tərəfindən Tiflisin viran edilməsindən sonra ermənilər qaçqın düşmüş gürcülərin ev-eşiklərini talayırdılar (P.Karbelaşvili “Ermənilər Gürcüstanda” “Samşoblo” qəzeti, 1916-ci ilin 11-13, 16-18 avqust nömrələri). Ağa Məhəmməd xan tərəfindən dağıdılmış Kartli-Kaxetidə Qarabağdan qaçqın düşmüş ermənilər “müvəqqəti” sığınacaq tapdılar, amma sonra onlar nəinki geri qayıtdılar, əksinə başqa Qarabağ ermənilərini də öz məlikliklərindən Gürcüstana və Gəncəyə köçürdülər (P.Ququşvili “Gürcüstanın və Şərqi Qafqazın iqtisadi inkişafı – XIX-XX əsrlər”, I c. Tb, 1949,səh .79). Qarabağ erməni məlikləri Abov, Cümşüd və Firidun öz rəiyyətləri ilə Gürcüstana sığındılar. Məlik Abov II İrakli tərəfindən əhəmiyyətli imtiyazlar əldə etdi və 700-dən çox Qarabağ erməni ailəsi ilə Bolnis-Dmanis yaxınlığında məskunlaşdı. Bu məliklər faktiki olaraq, Gürcüstanın tavadları kimi oldular. Bu zaman onların hüquqları İrəvan xanlığındakı məliklərin hüquqlarından olduqca yüksək idi. Məlik Abov tez-tez dəstələr düzəldib Cavaxetiyə hücum edir, oradan da qənimət və insanlar gətirib tavadlığında yerləşdirirdi və Şota Lomsadzenin yazdığı kimi, mümkündür ki, onları qriqoryanlaşdırırdı. II İrakli Kvemo-Kartlidə erməni məlikləri və varlı tacirlərin qayğısını çox çəkirdi (Ş.Lomsadze “Samtxse-Cavaxeti”, Tb. “ Meteniereba”, 1975, səh, 344). Ermənilər II İraklinin din məsələlərinə etinasızlığından bacarıqla faydalanırdılar. Onlar Yeçmədzin başçılarının təhriki ilə Osmanlıya və İrana qaçırılmış əsir gürcüləri alır, onları Gürcüstana gətirir və erməni-qriqoryan dininə keçirirdilər. O zaman bir qayda olaraq, erməni gürcü qızına evlənmək istəyəndə, gəlini mütləq kilsədə erməniləşdirirdilər. Gürcü kişisi erməni qadınına evlənəndə isə o, ərindən uşaqlarının bəzisini erməni dininə keçirəcəyi haqda vəd alırdı. O vaxt rus agentliyindən təqdim edilmiş erməni məlikləri Cəmşid və Firidun Kartli-Kaxeti çarı adından Rus imperatoru I Pavelə gizlin ərizə göndərdilər, nankor erməni məlikləri imperatordan Quqarka (qədim alban vilayəti Qoqarena – Pəmbək mahalı) köçürülmələrini xahiş edirdilər. Onlar bu yerin təbii zənginliyi barədə imperatora məlumat verir və bu yerlərə Türkiyədən ermənilərin köçürülməsini xahiş edirdilər. Məliklər rus hakimiyyətindən təkidlə tələb edirdilər ki, onları öz təbəəliyinə qəbul etsinlər və Gürcstanda, yaxud da Rusiyada məskunlaşdırsınlar. Erməni məliklərin nankorluğundan həyəcanla bəhs edən İvane Cavaxişvili yazırdı: “Şübhəsiz, bu, artıq tamamilə bağışlanmaz hərəkət idi – Gürcüstanın müstəqil mövcudluğu sayəsində ermənilər özlərinə burada sığınacaq tapırdılar, minnətdarlıq əvəzinə isə çalışırdılar ki, Gürcüstanın daxili işlərinə xarici qüvvələri cəlb etsinlər və Rusiyanın təbəəliyi və himayədarlığını qəbul etməklə bizdən torpaq qopartsınlar. Onların hərəkəti Gürcüstanın müstəqilliyinin kökünü qazıyır və bizim ölkəmizdə Rusiyanın ağalığına şərait yaradırdı” (İ.Cavaxişvili “Gürcüstanın sərhədləri”, səh.38). Rusiya erməni məliklərini öz himayəsi altına aldı və növbəti addımları da atdı: I Pavel “Qeorqiyevsk” andlaşmasının Kartli-Kaxetinin “himayədarlığı” və daxili işlərə “qarışmamaq” prinsipləri əsasında XII Qeorqidən “xahiş” etdi ki, erməni məliklər üçün əlverişli şərtlərlə malikanələr ayırsın. Bunun sayəsində ermənilər və Rusiya höküməti öz istəklərinə nail oldular. Ermənilər torpaq aldılar, ruslar isə rəiyyətlər və özlərinin ağalığının ən sadiq avanqard dəstəsini qazandılar. (İ.Cavaxişvili göstərilən əsəri, səh.39). Məlik Abov P.Kovalenskinin himayəsi nəticəsində “öz rəiyyətləri sayına” (ümumilikdə 400 ailə) daha 300 erməni ailəsi əlavə etdi. Çarizmin diplomatiyası təxmin edirdi ki, burada siyasi çətinliklər meydana çıxdığı zaman bu ermənilərdən istifadə etmək əlverişli olar (Ş.Tetvadze, O.Tetvadze “Gürcüstanda ermənilər”, Tb.1998, səh.53). Gürcüstanda ermənilərin çoxalması məqsədi ilə ruslar Kavalenskiyə tapşırırdılar ki, Gürcüstan çarında Gürcüstan ərazisinin müsəlmanlarla olan sərhədlərinin möhkəmləndirilməsi üçün burada xristian icmalarının məskunlaşdırılmasının nə qədər xeyirli olduğuna dair inam yaratsın. Məlum olduğu kimi, II İraklinin vəfatından sonra Rusiya Kartli-Kaxetinin ilhaqından ötrü hər şey edirdi və öz məqsədlərini həyata keçirmək üçün dayaq yaradırdı. Bunun üçün onlar Kartli-Kaxetidə ermənilərin məskunlaşdırılmasını və erməni tacir-ustaların gücləndirilməsini əhəmiyyətli faktor hesab edirdilər. Tarixi mənbələr göstərir ki, Kartli-Kaxeti çarlığının Rusiyaya birləşdirilməsi və Baqrationilər taxtının ləğv edilməsində Peterburqun və Gürcüstanın böyük erməni tacirləri (Ovanes Lazaryan, yəni İvan Lazarev) və ruhani şəxsləri (Yoseb Arğutinski-Arğutyan – Arğutaşvili) olduqca maraqlı idilər. Onlar Rusiyanın aşkar agentlərinə çevrildilər və 1780-ci illərdə Rusiyanın köməyi ilə erməni çarlığının bərpa edilməsi layihəsini də yaratdılar. İvan Lazerev və Yoseb Arğutinskinin planı ilə erməni çarlığının başına kim isə erməni əsilzadə gəlməli idi, əgər ruslar onun əleyhinə getsələr, onda ermənilərin çarı tavad Potyomkin olmalı idi. Ermənilərin katolikosu Yoseb Arğutinski keçmiş, itirilmiş “Armeniya”nın heç olmasa bir hissəsini Gürcüstana gətirmək üçün bütöv bir hərəkat yaratdı. Gürcüstan çarlığı onun qarşısına mümkün qədər çəpər çəkirdi və ermənilərin katalikosu da hücumu məhz həmin istiqamətə yönəltdi. Düşündürücüdür ki, Gürcüstanı işğal etmək üçün göndərilən rus ordusunun başcısının erməni general Lazarevin (əslən Şulaver ermənisi olduğu barədə məlumat verilir) təyin edilməsi həmin Arğutinskinin, yaxud onun dövrəsinin işi idi (Tamar və Akaki Panava “Gürcüstan məlikəsi axırıncı Məryəm”, Buenos Ayres, 1956, səh.86). Tamar və Akaki Panavalar qeyd edirlər ki, Peterburq və Gürcüstanın böyük tacir-kommersant ermənilərinin bu dairəsi Kartli-Kaxeti çarlığının ləğv edilməsi üçün Rusiya generallığını və erməni Lazerevi daha artıq şirnikləndirdilər ki, bu qərarları həyata keçirməkdə tələssinlər. I Pyotr və II Yekaterina Katalikos Yoseb Arğutinskinin “Böyük Ermənistan” yaratmaq layihəsini “qəbirə” basdırandan sonra, katalikos yeni yol axtarmağa başladı. Bu yeni yol Gürcüstan çarlığının ləğv edilməsi və onun xarabaları üzərində rus quberniyaları yaratmaq yolu idi ki, onun qoynunda da ermənilərə yeni imkanlar açılmalı idi. Burada başlıca məqsəd İranda, Osmanlıda və Azərbaycan xanlıqlarında olan ermənilərin Gürcüstanda yeni sığınacaq tapması idi (T.Panava, A.Panava, qeyd edilən kitab, səh.87-88). Göründüyü kimi, ermənilərin davamlı, məkrli səylərinin də təsiri ilə “Qeorqiyevsk” andlaşması nəticəsində Gürcüstan çarlığı öz müstəqilliyini itirsə də, ermənilərin çarlıq qurmaq arzusu gözündə qaldı. Bakı, aprel-may 2020-ci il.
© 2020 - Created by İLK XEBER.