Bir gün qələm tutmağa əllərimi tapmasam, Bir gün ağır hissləri köhnə əşyalar kimi yığıb çölə atmasam, Yazıb oxumağıma gözüm etiraz etsə, Dilim "vəzifəsinin öhdəsindən gəlməsə", Töküntülü otaqtək beynim qarışıq olsa Nədən biləcəyəm ki, ağlımı itirmişəm... Biri dəli deyəcək, biri acıyıb, bəlkə, yavan çörək verəcək. Haqqımda hekayə də söyləyən tapılacaq. heç nəyə yaramayacaq bu mərhəmət, bu izzət. Dəli edib əl çalan, öldürüb də ağlayan insanların yanından diri ikən köç etmək, kiməsə əyləncədir. Düşündürə bilmədiklərini sonda güldürürsən. Nəyə güldüyünü bilməyənlərin dəli etdiyi dəli, bəlkə də, sən xoşbəxtsən… Elə qoçaq deyiləm qayaları tərpədəm, pəhləvan da deyiləm saçımla maşın çəkəm. Nə “kreslom”, “vəzifəm”, nə kabinetim, filan var. Şairin nəyi var ki bir qələmdən savayı... Qələm yazan kəslərlərin səsi, ünü, harayı. “Möhür”üm – bir kəlmə söz, “əmr”im – şeirlərimdir. Tapmaq istəsən məni kitabımı vərəqlə. sətirlər düşündüyüm, misralar ürəyimdir. Dünyadan ən böyük pay – mənə istedadımdır. Şeirim mənim ünvanım, şeirim mənim adımdır. Vəsiyyət və yaxud… Səhərləri qarşılamağa cəsarətim çatmır, Ötürdüyüm bir günə də heyifim gəlir. Günlər zamanın barmağına qayçı tək keçib kəsib- tökür ömrümü. Beləcə hər gün ötürdüyüm saysız-hesabsız günlər keçmişdən qovur məni. Gələcəyi gözləyirəm, amma hiss etmirəm ki, o gələcəyi “bu gün” adıyla hər gün yaşayıram. Heç kim ömrə etibar etmir, elə mən də. Nənəm deyirdi ki, “gecələr hamilə qadın kimidir; səhərlər nə doğacağı bəlli olmaz”. (Rəhmətlik bu zamanın oyunlarından baş açmadan getdi) Mən də onun misalında ilişib qaldım. Odur ki, ömürlə etibarsızlığına görə dostluq etmirəm. İndi mənə qulaq as, vəsiyyətimə əməl et: əgər günün birində bir göl kimi quruyub torpağa hopsam yerimdə yaşıllıq salmazsan, bilirəm. Axı ona qayğı göstərmək lazımdır… Sən isə böyütməyi, ucaltmağı sevmirsən. Məni qurutmaq üçün arzularımı çürüdüb torpaq etmisən- ovuc-ovuc, kisə-kisə atmısan üzərimə. Mən hopan torpağın üstündə qəbirstanlıq salarsan. Orada arzuları özündən qabaq ölənləri dəfn edərlər. Xatirəmi əbədiləşdirməkçün adımı bu məzarlığa verərsən. Dünyadan payım da elə bu olar... Sağlığımda imzamın tanınmasına razı olmadın… Barı adıma bir məzarlıq olmasına qısqanclıq etmə.
© 2020 - Created by İLK XEBER.