"Avropa Parlamentinin İyunun 20-də qəbul etdiyi qətnamə “Şərq Tərəfdaşlığı” proqramının iştirakçıları olan ölkələr arasındakı münaqişələr barəsində Avropa İttifaqının vahid mövqeyini ifadə edir". Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Avropa Parlamentinin sözügedən qətnaməsini İlkxeber.org-a çərh edərkən səsləndirib.Partiya sədrinin sözlərinə görə, qətnamədə ilk növbədə “Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyinin, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu göstərilir və xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılması barədə çağırış edilir: "Göründüyü kimi, konkret ad çəkilməsə də xarici təcavüzə və işğala məruz qalma faktları proqramın iştirakçısı olan bütün ölkələrə, o cümlədən Azərbaycana münasibətdə qeyd olunur. Başqa sözlə, Avropa Parlamenti ad çəkməsə də, incə diplomatik dillə Ermənistanı təcavüzkar və işğalçı hesab edir və qoşunlarını Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılmasını zəruri hesab edir".Q.Əlibəyli daha sonra qeyd edib ki, qətnamədə əks olunun digər bir mühüm məqam ondan ibarətdir ki, Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan ölkələrin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi qeyd olunub. Yəni ermənilərin daim istinad etdikləri “öz müqəddəratını təyin etmə hüququ” Şərq Tərəfdaşlığının iştirakçısı olan ölkələrlə münasibətdə Avropa İttifaqının əsaslandığı prinsip kimi nəzərdə tutulmur. Bundan başqa, qətnamədə ölkələrin “beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində” öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini təmin etməsinin də Avropa İttifaqı tərəfindən dəstəklənməsi qeyd olunub; bu isə işğal olunmuş ərazilərimizin hərbi yolla azad edilməsinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi kimi şərh oluna bilər."Bütövlükdə Avropa parlamentinin bu qətnaməsi beynəlxalq aləmdə ölkəmizin haqlı mövqeyinin daha da möhkəmləmnəsinə səbəb olan növbəti siyasi və diplomatik üğür kimi qiymətləndirilə bilər"-deyə Aydınlar Partiyasının sədri fikrini yekunlaşdırıb.