Son günlər sosial şəbəkələrdə koronavirus səbəbindən Türkiyədə qalan azərbaycanlı tələbələrlə bağlı paylaşımlar edilir, onların durumunun ağır olduğu vurğulanır.
Tələbələrə köməklə bağlı çağırış edən azərbaycanlılar ölkəmizin Ankaradakı səfirliyinin vətəndaşlar üçün müvafiq addımlar atmadığını bildirirlər.
İmkansız azərbaycanlı ailələrindən olan tələbələrun yaşam durumunun dözülməz olduğu da qeyd edilir.
SOCAR və Diasporla İş üzrə Dövlət Komitəsinin vətəndaşlarımıza müəyyən yardımlar etməsinə baxmayaraq, vəziyyətin ağırlığı Türkiyədə yaşayan azərbaycanlı xanım jurnalistlər tərəfindən vaxtaşırı gündəmə gətirilir.
Bəs, bu ittihamlarla bağlı Azərbaycanın qardaş ölkədəki səfirliyinin mövqeyi necədir?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə birinci katibi Nəcibə Nəsibova bu ittihamlarla razılaşmayıb.
Səfirlik rəsmisi vurğulayıb ki, Türkiyədə qalan azərbaycanlı tələbələrə qida və kirayə yardımı davam edir:
“Tələbələrin Azərbaycana qaytarılması üçün təyyarə ayrılması məsələsinə gəlincə isə bizə deyilən budur ki, artıq çarter reysləri olmayacaq.
Ölkəyə qayıtmaq istəyən vətəndaşlar “Azərbaycan Hava Yolları”ndan (AZAL) bilet alıb, xəstəxanada “COVİD 19” testindən keçdikdən sonra, təyyarələrə minə biləcəklər.
Bildiyimiz kimi, artıq iki həftədir AZAL uçuşlar təşkil edir, 17-18 iyunda vətəndaşların müəyyən qismi vətənə qayıtdı. 25 və 26 iyun tarixlərində Bakı-İstanbul-Bakı marşrutu üzrə daha iki xüsusi reys həyata keçiriləcək”.