Partiyalara xəbər - Təsis konfransı onlayn ola bilər

“Əgər biz distant təhsili, əhəmiyyətli konfransların onlayn şəkildə keçirilməsini mümkün hesab ediriksə, partiyaların təsis konfransları da onlayn ola bilər”. Bunu Modern.az-a dövlət qeydiyyatına alınmaq üçün müraciət edən siyasi partiyaların aqibəti haqqında danışarkən Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Aydın Mirzəzadə deyib. O, xatırladıb ki, hazırkı qanunvericiliyə görə, onlayn şəkildə keçirilmiş təsis qurultayının hüquqi əsası yoxdur: “Koronavirus pandemiyasının nə zaman bitəcəyini heç kəs proqnozlaşdıra bilmir. Bununla əlaqədar məhdudlaşdırmalar, qabaqlayıcı addımlar həyata keçirilir. Pandemiyanın mümkün qədər tez aradan qalxması üçün zəruri hər şey edilir. Bu durumda yeni partiya qurmaq, təsis qurultayı keçirib, partiyasını qeydiyyatdan keçirmək istəyənləri başa düşürəm. Hesab edirəm ki, prinsipcə təsis qurultayının da onlayn şəkildə keçirilməsinə, bunun leqallaşdırılmasına baxıla bilər. Əgər biz distant təhsili, əhəmiyyətli konfransların onlayn şəkildə keçirilməsini mümkün hesab ediriksə, partiyaların təsis konfransları da onlayn ola bilər. Gələcəkdə siyasi partiyalar haqqında qanuna bu variantın da əlavə edilməsini mümkün hesab edirəm. Lakin bu konfransın texnologiyası, buna nəzarət edilməsi məsələsi axıracan işlənilməlidir. Milli Məclisin payız sessiyasında belə bir təklif gələrsə, müzakirə etmək olar”.