Atam uzun illər anadangəlmə ürək qüsuru ilə yaşayıb. Həmişə ailəmizdə onun bu ilahi xəstəliyinin stressini yaşamışıq. Hər paltar alanda deyirdi ki, onsuz da axırıncı geyimimdir. Onun bu sözündən sonra hələ ağlı kəsməyən uşaqların evdə hansı əzablar çəkdiyini bir də təsəvvür etmək istəmirəm. Narahatlığımız, qorxumuz da anadangəlmə idi. Gecənin hansı saatı olursa olsun, atam yan otaqda bircə dəfə öskürəndə o biri dünyanı görüb gəlirdim. Sonra yüyürüb qapını açır, soruşurdum ki, ata, gəlim kürəyini ovxalayım? Elə bilirdim ən ağır xəstəliyi belə ovxalamaqla sağaltmaq mümkündür.
Anam da həmişə ağrıyıb. Amma nədənsə, onun ağrılarına heç vaxt inanmamışam. Elə bilmişəm yalan deyir. Atam isə hətta ağrıdığını yalan desə də, ona görə narahat olurdum. Hər gün ürəyimdə Allaha yalvarırdım ki, atama heç nə olmasın. Nəsə olsa da, ürəyindən olmasın. Məsələn, iraq olsun, atamı maşın vursaydı, onun ölümünü qəbul edəcəkdim. Yaxud, ağ ciyərdən, böyrəkdən və ya digər xəstəliklərdən başına bir iş gəlsəydi, yenə də qəbul edəcəkdim. Çünki bunları elə-belə ölüm hesab edirdim. Mənə görə əsl ölüm ürəkdən olur.
Bütün günü evdə kağıza ürək şəkli çəkirdi. Bizi də başına yığıb başa salırdı ki, onun ürəyinin problemi hardadır, necədir, hansı fəsadları törədir. Demək olar ki, ürəklə bağlı bütün tibbi terminləri hələ uşaqkən əzbər bilirdim. Məktəbdən evə gələn kimi anamdan ən birinci soruşurdum ki, bu gün atanın nervisi tutub? Elə həkimlər olurdu ki, atamda ürək xəstəliyinin əlamətlərinin əsəblə bağlı olduğunu deyirdi. Biz buna o qədər sevinirdik ki, həmin gecə evimizdə bayram olurdu. Amma eşidəndə ki, məsələn, filankəs ürəyindən ölüb, atamın üzünə baxmağa qorxurdum.
Atamın ürəyindən ağrı tutanda bəzən həkimə getməyə yolpulu da olmurdu. Qonşumuzda bir kişi vardı. Atam ona o qədər xahiş eləmişdi ki, maşınla məni həkimə apar, daha özü deməyə utanırdı. Anam məni göndərirdi. Bir dəfə gedib dedim ki, atamın ürəyindən ağrı tutub. O da deyəsən, həmin gün içmişdi. Üstümə qışqırdı, sonra atamın ürəyi ilə məzələnməyə başladı. Mən təzədən qaça-qaça evə gəldim, 4-cü sinifdə oxuyurdum. Həmin gecə atam anamla birlikdə həkimə piyada getdi. O qədər belə gecələrimiz olub. Adətən, xəstəxanadan qayıdanda kefləri kök olurdu. Yüz faiz bilirdim ki, həkim əsəblə bağlı olduğunu deyib. Atamın ürəyi bizə o qədər həyəcan yaşatmışdı ki, ürək qüsurundan başqa xəstəlik tanımırdıq. Əsəb-zad vecimizə deyildi.
Bir dəfə hardansa eşitmişdim ki, Rusiyanın keçmiş prezidenti Yeltsinin ürəyini dəyişiblər. Tibb elminin belə bir uğuru məni çox sevindirmişdi. Gecə-gündüz fikirləşirdim ki, deməli, mən ürəyimi atama verə bilərəm. Amma bunu evdə deməyə utanır, sadəcə, sinəmdə atam üçün ehtiyat bir ürək gəzdirirdim. Hərdən isə öz ürəyimi atamın sinəsində təsəvvür edir, o saat da təngnəfəs olurdum, tövşüyürdüm. Elə bil mənim balaca ürəyimin atamın qanını dövr eləməyə gücü çatmırdı.
Sonra illər keçdi, atamın ürəyini də götürüb İmişlidən Bakıya köçdük. Burda da pis günlərimiz davam elədi. Burada da ömrümüzün həkimə qaçmaq saatları gecələrimizdən əskik olmurdu. Amma daha uşaq deyildik, yavaş-yavaş böyüyürdük. Biz böyüdükcə atamın ürəyi də böyüyürdü. Ürək o qədər genişlənmişdi ki, qida borusunu əymişdi, çörək yeməyə çətinlik çəkirdi, ağ ciyəri sinəyə sıxmışdı, nəfəs ala bilmirdi. Və bütün bu proseslər gözümüzün qabağında baş verirdi. Mənə ən çox təsir edən isə atamın içindəki güclü həyat eşqi idi. Öləcəyindən çox qorxurdu. Bütün günü barmağı ilə ayaqlarının şişib-şişmədiyini yoxlayırdı. Belə ürək qüsuru olan adamlar ölməyə ayağından başlayır. Atamın ayaqları isə təbii, artıq şişməyə başlamışdı. Atamın ayağı şişmişdi deyə anam da öz ayağında şiş axtarırdı. Bacım, qardaşım, mən corabımızı çıxarıb, ayağımızı atamızın qabağına qoyurduq ki, bizimki də şişib. Yəni belə şeylər hamıda olur.
Yaşamaq eşqi atamda o qədər güclü idi ki, bizim dediyimizə o saat inanırdı. Ürək isə içəridə öz işini görürdü. Təngnəfəslik, boğulmaq get-gedə artırdı. Təcili əməliyyat olunmalı idi. Amma pul tapmırdıq.
Atam məşhur ürək cərrahı Kamran Musayevlə neçə dəfə görüşüb danışmışdı. Başqa bir ürək cərrahı Rəşad Mahmudovla isə əməlli-başlı ailəvi dost olmuşduq. Hər gün Mərkəzi Neftçilər Xəstəxanasına gedir, narahatlığımızdan doğan və bir çox hallarda gülməli görünən suallarımızla Rəşad həkimi boğaza yığırdıq. Elə bilirdik atam əməliyyatdan sağ çıxmayacaq. Bir tərəfdən isə pul axtarırdıq. Təxminən, 10 min manat lazım idi. Gecikdirmək qəti olmazdı. Hətta belə bir qüsurla atamın 50 yaşına qədər yaşaması həkimləri təəccübləndirirdi. Pulu tapdığımız gün isə sevinmək əvəzinə sanki, qanımız qaraldı. Çünki artıq əməliyyata girməmək üçün əlimizdə heç bir bəhanə qalmamışdı. Qorxurduq və bu qorxunun çoxu da Azərbaycan həkimlərinə inamsızlıqdan yaranmışdı.
Əməliyyata girməklə bağlı mənə sənəd imzalatdılar. Həyəcanlı idim deyə sənəddəki qəliz cümlələrin əsl mahiyyətini başa düşməyə çətinlik çəkirdim, ancaq bildiyim bir əsas şey vardı ki, əgər atam əməliyyatdan sağ çıxmasa, buna görə heç kim məsuliyyət daşımır. Qol çəkəndə ürəyim titrədi, məni dəhşətli bir vahimə bürüdü, elə bildim sondur. Atam! Gözəl atam! Sən məni nə qədər sevirdin. Mən də səni o qədər sevirəm.
Əməliyyat düz beş saat çəkdi. Gözləmə zalında xəstələrin adı yazılır, onların vəziyyəti haqqında qısa cümlələrlə ümumi məlumat verilirdi. Gözümü monitordan çəkilmirdi. Gözümü çəkən kimi isə təzədən monitora baxmağa qorxurdum, elə bilirdim qara bir xəbərin elanını oxuyacam. Anam da yanımda idi. Dostlardan da gələn olmuşdu. Birdən bizə xəbər verdilər ki, atan əməliyyatdan çıxıb, reanimasiyadadır. İndiki kimi deyildim, o vaxt reanimasiya sözü mənə çox qorxulu gəlirdi. Elə bilirdim ordan sağ çıxmaq mümkün deyil. Halbuki, əsas təhlükə arxada qalmışdı.
Təkcə atam yox, hamımız anadangəlmə ürək qüsurundan azad olmuşduq. Elə sevindik, elə sevindik. Atam nə qədər xoşbəxt idi, o, özü də bu xoşbəxtliyə inanmırdı. Bir əli ilə o biri əlini çimdikləyirdi ki, görsün həqiqətənmi yaşayır.
Dünən isə ilk dəfə atamla ikilikdə oturub rasiyski çay içdik. Xeyli dərdləşdik, bir-birimizə ürək sözlərimizi dedik. Onun anadangəlmə ürək qüsurundan zülm çəkdiyi illəri xatırladıq. Qələm adamı kimi bir-birimizi tanımağa başladığımız günlərdən danışdıq, duyğulandıq, kədərləndik, kövrəldik, gülümsədik… Atamın gözlərinin içinə baxdım, əllərini sıxdım, boynunu qucaqladım, onun yaşadığına bir də inanmaq istədim. Gördüm ki, həqiqətən də yaşayır! Çünki qüsur onun ürəyində idi, mənəviyyatında, ruhunda deyildi.